İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

Qızıl ucuzlaşdı

Qızılın unsiya qiyməti ABŞ və Çin arasında ticarət gərginliyinin azalması və investorların mənfəət satışlarına başlaması nəticəsində təxminən 2,6% ucuzlaşıb.

Gundelik.az xəbər verir ki, dünən tarixi rekordunu yeniləyərək 4 381 dollar səviyyəsinə yüksələn qızıl bu gün səhər saatlarında 4 245,12 dollara geriləyib.

İlin əvvəlinə 2 623 dollardan başlayan qızılın qiyməti, bu müddət ərzində 1 758 dollarlıq artım göstərərək rekord səviyyəyə çatmışdı. Bununla belə, son günlərdə ticarət müharibəsinin yumşalması və bazarlarda risk iştahının artması qiymətli metalın dəyərinə təzyiq göstərib.

Analitiklər bildirirlər ki, qızılın son aylarda dəyər qazanmasında iqtisadi qeyri-müəyyənliklər, geosiyasi gərginliklər, mərkəzi bankların alışları və zəifləyən ABŞ dolları mühüm rol oynayıb. Yalnız bu il ərzində qızılın qiyməti 62%-dən çox artıb.

Investorlar hazırda Cümə günü açıqlanacaq ABŞ inflyasiya göstəricilərinə diqqət yetirirlər. Proqnozlara görə, sentyabr ayında illik inflyasiya 3,1% təşkil edə bilər. Bu da ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti iclasında faiz dərəcələrini 25 baza bəndi azaltacağı barədə gözləntiləri gücləndirir.

Digər tərəfdən, ABŞ və Çin arasında ticarət münasibətlərinin yaxşılaşması ilə bağlı müsbət siqnallar da bazarlarda nikbinlik yaradıb. ABŞ prezidenti Donald Tramp Cənubi Koreyada Çin lideri Si Cinpinlə keçirilməsi planlaşdırılan görüşdə “çox ədalətli və güclü ticarət razılaşmasının” əldə ediləcəyinə inandığını bildirib.

Gundelik.az