Sentyabr 30, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Qeyri-neft-qaz ixracında yeni mərhələ: sahibkarlar üçün yeni imkanlar

Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafı son illərdə iqtisadi inkişafın əsas istiqamətlərindən birinə çevrilib.

Gundelik.az xəbər verir ki, qeyri-neft-qaz sektorunda istehsalın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində iqtisadiyyatın müxtəlif sahələrində yeni inkişaf imkanları formalaşıb.Son dövrlərdə sənaye, ticarət, kənd təsərrüfatı, turizm və digər sahələrdə müşahidə olunan artım qeyri-neft-qaz sektorunun iqtisadiyyatda rolunun artdığını göstərir. Belə ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 61,5 milyard manat dəyərində qeyri-neft-qaz ÜDM-i istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çoxdur.

Qeyri-neft-qaz sektorundakı müsbət dinamika Azərbaycanın ixrac potensialının genişləndirilməsi üçün yeni imkanlar yaradır. Son illərdə qeyri-neft-qaz məhsullarının ixracının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu istiqamətdə qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı xüsusi əhəmiyət daşıyır.

Yeni ixrac dəstəyi sahibkarlara hansı üstünlükləri qazandıracaq və bu dəstəkdən necə yararlanmaq mümkün olacaq?

Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı çəkilən nəqliyyat xərclərinin 70%-dək hissəsi dövlət tərəfindən qarşılanacaq. Bu dəstək sahibkarların logistika xərclərini azaldacaq və yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətini gücləndirəcək. Dəstək bu ilin sentyabrın 1-dən etibarən qüvvədədir.
Sahibkarlara ödəniləcək dəstəyin məbləği ixracda istifadə olunacaq nəqliyyatın növünə görə nəqliyyat xərci və gömrük dəyəri əsasında müəyyən ediləcək. Nəqliyyat xərci üzrə hesablama dəmir yolu, hava və dəniz nəqliyyatı, həmçinin Azərbaycan qeydiyyatlı avtomobillə daşınan yüklər üzrə ödənilmiş xərclərin 70%-i, xarici qeydiyyatlı avtomobil nəqliyyatı ilə daşınmalar üzrə isə xərclərin 50%-ini təşkil edəcək.

Gömrük dəyəri üzrə hesablama dəniz nəqliyyatı üzrə dəyərin 5%-i, digər nəqliyyat növləri üzrə 15%-ini təşkil edəcək. İki hesablama üzrə alınan məbləğlərdən az olanı dəstək məbləği kimi ödəniləcək.

Bundan əlavə, bu ilin sentyabrın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə daşınması üçün çəkilən nəqliyyat xərclərinin 70%-i dövlət tərəfindən ödənilir. Bu dəstək Naxçıvanda fəaliyyət göstərən istehsalçıların məhsullarını ölkənin digər bölgələrinə daha sərfəli şərtlərlə çatdırmasına və satış imkanlarını genişləndirməsinə kömək edəcək.

Mexanizm 2036-cı il sentyabrın 30-dək həyata keçirilmiş ixrac və daxili daşımalara münasibətdə qüvvədə olacaq. Sahibkarlar hər rüb həyata keçirdikləri ixrac və ya daxili daşıma əməliyyatlarını təsdiq edən sənədləri toplayaraq həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyinə təqdim edə bilərlər. Bu sənədlər əsasında dəstək məbləği hesablanacaq və sahibkara ödəniləcək.

İxrac zamanı gömrük rəsmiləşdirilməsi dəstəyi sahibkarlara hansı imkanları yaradacaq?

Bu dəstək mexanizmi ilə yanaşı, Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracının genişlənməsi məqsədilə 1 sentyabr 2026-cı il tarixindən gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən kompensasiya edilir.

Dəstəkdən mikro, kiçik və orta sahibkarlıq subyektləri olan ixracatçılar yararlana bilərlər. Kompensasiyanın məbləği ixrac olunan malın gömrük dəyərinə uyğun tətbiq edilən gömrük rəsmiləşdirmə yığımına əsasən müəyyən ediləcək və hər bir ixrac bəyannaməsi üzrə müəyyən edilmiş yuxarı hədd nəzərə alınacaq. İxrac zamanı gömrük rəsmiləşdirilməsi xərclərinin kompensasiyası mexanizmi 30 sentyabr 2031-ci il tarixinədək- ümumilikdə 5 il müddətində tətbiq ediləcək.

Dövlət tərəfindən ixracla bağlı müəyyən xərclərin qarşılanmasının nəzərdə tutulması məhsulların xarici bazarlarda daha rəqabətli qiymətlərlə təqdim edilməsinə imkan yarada bilər. Bu isə öz növbəsində ixracatçıların fəaliyyətinin genişləndirilməsinə və yeni bazarlara çıxışa şərait yaradacaq.

Xarici bazarlara çıxış imkanlarının genişlənməsi yerli şirkətləri məhsullarının keyfiyyətini artırmağa, beynəlxalq standartlara uyğun istehsal qurmağa təşviq edir.