Qazaxıstanda Xəzər dənizinin dibi ilə çəkilən Transxəzər fiber-optik rabitə xəttinin (FOCL) dəniz hissəsinin tikintisi uğurla başa çatıb.
Gundelik.az xəbər verir ki, bu barədə Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.
Məlumata görə, “Qazaxtelekom” və AzerTelecom International şirkətlərinin həyata keçirdiyi layihə çərçivəsində sualtı kabel Qazaxıstan sahillərinə çatdırılıb. Aktau–Sumqayıt marşrutu üzrə çəkilən yeni xətt Asiya ilə Avropa arasında yüksək sürətli məlumat ötürmə dəhlizi yaradacaq və Qazaxıstanla Azərbaycanın rəqəmsal bağlantısını gücləndirəcək.
Hazırda kabelin sahil infrastrukturuna qoşulması işləri aparılır. Layihənin bu ilin payızında tam başa çatdırılması planlaşdırılır.
Transxəzər fiber-optik xəttinin tikintisi və istismarı “Qazaxtelekom” və AzerTelecom International şirkətlərinin birgə müəssisəsi olan CaspiLink B.V. tərəfindən həyata keçirilir. Layihə dövlət büdcəsindən vəsait ayrılmadan, operatorların öz hesabına maliyyələşdirilir.

