Azərbaycan poeziyasının tarixində məhəbbət mövzusunda yazmayan bir şair təsəvvür eləmək çətindir. “Eşqdir mehrabı uca göylərin, Eşqsiz, ey dünya, nədir dəyərin” deyən Nizamidən, “Eşqdir hər nə var aləmdə, Elm bir qeylü-qal imiş ancaq” nəticəsınə gələn Füzulidən, “Gecə-gündüz mən didarə aşiqəm” söyləyən Vaqifdən sonrakı Azərbaycan şairləri də sonsuz bir ehtirasla məhəbbətdən yazmağı davam etdirmişlər. Lakin əvvəlki dövrlərdən fərqli olaraq müasir dövrdə hansısa böyük sənətkarı ümumiyyətlə “məhəbbət şairi” adlandırmaq o qədər də asan deyil… Nüsrət Kəsəmənli haqqında isə cəsarətlə demək olar ki, o, Azərbaycanın ən böyuk məhəbbət şairlərindən biridir. Sənətkar üçün bundan böyük xoşbəxtlik təsəvvür eləmək çətindir ki, hələ sağlığında səni duysunlar, yaratdığın obrazlar həyatda kimlərinsə təqlid obyektinə çevrilsin. Və şair üçün bu da böyük bir uğurdur ki, sənin şeirlərinin ideya-estelik təzyiqi ilə sənin dövrünün onlarla gözəl məhəbbət nəğmələri yaransın. Zaman Nüsrət Kəsəmənliyə qarşı haqsızlıq etdi həqiqətən. Onun yaradıcılığının çiçəkləndiyi, fəlsəfiləşdiyi bir dövrdə ölüm karvanına qoşuldu şair. Nəğməli şairimiz Nüsrət Kəsəmənli vaxtsız əbədiyyətə qovuşdu. Şair hal-hazırda paytaxtımızın Fəxri Xiyabanında uyuyur. Səsi-sədasi qatarından ayrı düşmüş durna…qəlbi-ruhu isə qərib, ağlar bənövşə kimi.
Yum gözünü, çən görmə,
Vaxtsiz gələn qəm görmə,
Dünya yaman qarışıb
Mən görəni sən görmə;
Yumul, bənövşəm, yumul!..
N.Kəsəmənli poeziyaya çox gənc yaşlarında böyük yaradıcılıq enerjisi və heyrətedici bir səmimiyyətlə gəldi. Əlbəttə, gənclikdə insanın istər həyatda, istərsə də sənətdə səmimi, ürəyiaçıq olması o qədər də böyük qəhrəmanlıq deyil; N.Kəsəmənlinin insan və sənətkar olaraq qəhrəmanlığı onda oldu ki, gənclik səmimiyyətini ömrünün sonuna qədər qoruya bildi. O, həyatın heç bir mərhələsində istedadından, mənəvi enerjisindən diplomatik istifadə etmək xəyalına düşmədi. Dünyaya şair kimi gəldi, şair kimi getdi.
N.Kəsəmənlinin şeirləri o qədər isti, hərarətli, lirik qəhrəmanı o qədər özünəməxsus, hətta özüdür ki, heç bir tənqidçi-ədəbiyyatşünas həmin şeirlərə professional təmkin və soyuqluqla müdaxilə etmək, Kəsəmənli yaradıcılığının ruhunu incitmək istəmir. Gözəl şair, məhəbbət şairi Nüsrət Kəsəmənli ayrı-ayrı illərdə bir-birindən maraqlı, nəfis kitabları ilə oxucularını mükafatlandırmışdır. Gəncliyimizin təmiz məhəbbətindən, sədaqət və etibar kimi yüksək keyfiyyətlərindən yazan şair belə düşünür ki, məhəbbət insanın ən ali hissidir və bu mövzuda yazmaq həmişə gərəklidir. Şair şeirlərə, misralara tökülən qəlbinin hislərini oxucularla daim bölüşmüşdür.
Ədəbiyyatda vətənpərvər şairlər, saray şairləri, mədhiyyə, nəzirə şairləri çox olub və olacaq. Elə N.Kəsəmənlini də vətənpərvər şair, hikmət şairi adlandırmaq olar. Lakin bununla yanaşı şairin qismətinə Füzuli, Vaqif kimi məhəbbət şairi olmaq düşüb.
Məhəbbət fərdidir. Mənə elə gəlir ki, insanı başqa canlılardan fərqləndirən şüurla yanaşı, həm də məhəbbətdir. Şüur az da olsa, başqa canlılarda da var. Lakin məhəbbət birbaşa insani hisdir. Məhəbbət şüurla hissin vəhdətindən yaranır.
Mən ki, görməmişəm sevgini susan,
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir bir dəfə sevilir insan,
Sən demə, hər dəfə sevmək olarmış…
Şairin şeirlərinin bir çoxu məhəbbətin tərənnümünə həsr olunub. Bəlkə də N.Kəsəmənli ruhunun daim gənc qalmasının sirri də budur. Onun ruhu heç zaman qocalmadı. İstərdim Nüsrət Kəsəmənlinin öz sözləri ilə deyim: “Mən məhəbbət qurtaran gün öləcəyəm”… İnsan sevdiyi qədər insandır. Sevgi özünüdərk etmək deməkdir”.
N.Kəsəmənli yaradıcılıqda heç kəsi təkrar etmir, öz ifadə tərzi, orijinal öz dəsti-xətti ilə fərqlənir. O, qiymətli poetik əsərlər müəllifi olmaqla yanaşı, maraqlı, cürətli məqalələrlə çıxış edən istedadlı publisist idi. Onun günümüzün vacib və aktual problemlərinə, ədəbi prosesə həsr olunmuş yazılarında da orijinal şair təxəyyülünün təsviri, şairin yaradıcılığında içtimai və şəxsi motivlər, həyat və ölüm haqqında düşüncələr önəmli yer tutur.
N.Kəsəmənlini ilk növbədə sevgi şairi, məhəbbət nəğməkarı kimi deyənlər yanılmırlar. O da düzdür ki, gənclərimizin bütöv bir hissəsi Nüsrət poeziyası ilə nəfəs alıb, onun şeirlərində ifadə olunmuş duyğularla yaşayıb, eşq etiraflarını onun misralarıyla edib, onun sözləri ilə məktublaşıbdır. Nüsrət Kəsəmənlinin poeziyasında eşqin, bütün dönüşləri, gedişləri, enişləri-yoxuşları, bütün çalarları, ovqatları sirayətedici obrazlarla ifadə olunmuşdur…
Bir az qəribə səslənsə də, mənimlə razılaşarsınız ki, hər bir şairin harda adı çəkilir çəkilsin, həmin an onun ya bir məşhur misrası, ya bir bənd, ya da bütöv bir şeirin özü yada düşür. N.Kəsəmənlinin də adı çəkilən kimi yaddaşlarda aydınlaşan belə bir sadə, təbii, həm də məhəbbətin özü kimi ölməz misraları var:
Getmək istəyirsən… bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdi, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı.
İndi bu şeir təkcə oxucuların deyil, eyni zamanda məşhur bir mahnı kimi də minlərlə, mən deyərdim ki, milyonlarla həsrətlərin, ayrılıqların yollarında bələdçilik eləyir… Bunlardan “Nə olar, Allahım, ayırma bizi”, “Bağışla, ana”, “Mənim göz yaşımı görməyəcəksən” və s. misal göstərmək olar.
Bir qəribə durna kimi üzüldü qatarlarımızdan N.Kəsəmənli. Gözəl şairimiz, sevimli, nəğməkar şairimiz. Millətimizin həqiqətən ürəkdən, təmənnasız, görksüz-filansız dərdçəkərlərindən biri. Dünya ədalətlidirsə, növbə bizə qaldı yəqin. Söz taleyindir. Onun şeirlərinə nəzər salsaq, deyə bilərik ki, bu sadə, uğurlu-ürfanlı misralar onun poetik andı idi, ömür-gün məramı, həyat proqramı idi
Bir ömrün möhnətini daşımağa nə var ki,
Ürəyində ağlayıb gülməyi bacarmasan.
Hamının əvəzinə yaşamağa nə var ki,
Hamının əvəzinə ölməyi bacarmasan?!
Beləcə də yaşadı-sözünə, andına sadiq qalan insanlar kimi şair. Aliliyi odlarda yanmaqda görən pərvanələr kimi… Qısaca desək, əsl, anadangəlmə, bəzəksiz, pafossuz qəhrəman sayaq yaşadı Nüsrət Kəsəmənli! Onu gənclər də, yaşlılar da, mahnısevərlər də, oxucular, ədəbiyyatçılar da adətən, lirik-fəlsəfi məhəbbət şairi adlandırırlar. Nüsrət Kəsəmənli əsl, fitri ağrı şairidir! Şairin görünməmiş ucalıqda şair eyləyən Tanrı vergisi, tale qisməti olan ulu, əlahəzrət ağrı. Vətən, torpaq ağrısı, Ata-ana, ailə-övlad, müqəddəs köksoy ağrısı, axır ki, məhəbbət, vüsal ağrısı…
Şairin şeirində deyildiyi kimi “Oyatma mürgülü xatirələri” deyib həmişəyaşar şairi bu əbədi yuxusuna göz yumaraq susuruq və ya məcbur qalırıq… Tanrı vergisi istedadının gücü ilə tezliklə əlli milyondan çox böyük bir türk-oğuz dünyasının ən sevimli şairlərindən biri oldu. O, Vətənin, insan və təbiət gözəlliyinin, ulu məhəbbətin şəhidi oldu. “Mən sağkən səninəm, ölsəm torpağın” deyərək şəhid oldu…
AYNUR TURAN
Gundelik.az
