Qələbəmiz 90-cı illər işğalının və ərazi iddialarının proqramına çevrilən Ermənistan Konstitusiyasını da dəyişir. Konstitsiyamız da döyüşür- İrəvanda on illərdir düşmənçilik qanunları, kilsənin savaş ayinləri, nifaq kitabları, işğal dərslikləri dinc qonşuluq və əminamanlıq aktları ilə əvəzlənir.
Gundelik.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc bu gün Bakıda “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiya və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
O xatırladıb ki, bir əsr əvvəl Topçubaşov Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi üçün Vilsona təvəqqe edirdi: “Bu gün isə ABŞ Prezidenti İlham Əliyevə qalib lider kimi heyranlığını gizlətmir. Yüz ildə millətimizin statusu dəyişib, indi Kürəkçaya deyil, 8 avqust 2025-ci ildə Vaşinqtonda Qələbə Zirvəsinə-tariximizin ən böyük suverenlik hadisəsinə şahidlik edirik.
Lakin dünya yeni çağırışlar qarşısındadır. Bəşəriyyət rəqəmsal əsarət, saxta informasiya və hibrid hücumlar, xalqların mədəni və ideoloji müstəqilliyinə edilən qəsdlərlə üzə-üzədir”.
Z. Oruc vurğulayıb ki, ona görə də prezident qarşıya yeni milli ideologiyanı hazırlamağı qoyub: “Müasir dövrdə suverenliyə ən böyük təhlükə silahlı ordulardan çox, xaricdən yönləndirilən şəbəkəli, sünu intellektlə, hi-tech korporasiyaları ilə birgə hibrid hücumlardır”.
Gundelik.az

