Qəhvə istehlakı ilə bağlı 2 200-dən çox insanın iştirak etdiyi araşdırmadan diqqətçəkən nəticələr əldə edilib. Müntəzəm qəhvə içən insanlarda daha yüksək əzələ kütləsi və daha aşağı bədən yağ faizi müşahidə olunub. Lakin alimlər qəhvənin birbaşa yağ yandırdığını söyləmək üçün hələ tez olduğunu bildiriblər.
Qəhvə içərkən bədəninizdə fərqinə varmadığınız bəzi dəyişikliklər baş verə bilər. Finlandiyada 2 200-dən çox insan üzərində aparılan yeni araşdırma müntəzəm qəhvə istehlakı ilə bədən yağ faizi və əzələ kütləsi arasında diqqətçəkən əlaqə olduğunu ortaya qoyub.
2 mindən çox insan araşdırıldı
Oulu Universitetində aparılan araşdırmada 2 200-dən çox insanın sağlamlıq göstəriciləri təhlil edilib. İştirakçıların qəhvə istehlakı ilə yanaşı, qidalanma və fiziki fəaliyyət vərdişləri, istifadə etdikləri dərmanlar, mövcud xəstəlikləri və ümumi həyat tərzləri də nəzərə alınıb.
Gündə 5 fincana qədər qəhvə içənlər olub
Araşdırmada iştirak edənlərin qəhvə istehlakı heç qəhvə içməməkdən gündə 5 fincan və daha çox qəhvə içməyə qədər dəyişib. Alimlər iştirakçıların əzələ və yağ nisbətlərini ölçməklə yanaşı, qan nümunələrini də analiz ediblər. Həmçinin tərkibində qlükoza olan içki qəbul edildikdən sonra orqanizmin şəkəri necə emal etdiyi araşdırılıb.
Qəhvə içənlərdə diqqətçəkən fərq
Araşdırmanın nəticələrinə görə, daha çox qəhvə istehlak edən insanlarda skelet əzələlərinin kütləsi daha yüksək, ümumi bədən yağ faizi isə daha aşağı olub. Xüsusilə daxili orqanların ətrafında toplanan və sağlamlıq üçün risk yarada bilən visseral yağın miqdarının da daha az olduğu müəyyən edilib.
Ən təəccüblü nəticə qanda ortaya çıxıb
Tədqiqatçılar qəhvə istehlakı artdıqca qanda lösin, izoleysin və valin kimi tanınan BCAA amin turşularının səviyyəsinin daha aşağı olduğunu müəyyən ediblər.
Bu amin turşularının uzun müddət yüksək səviyyədə qalmasının insulin müqaviməti və diabet riski ilə əlaqəli ola biləcəyi məlumdur.
“Qəhvə yağ yandırır” demək üçün hələ tezdir
Araşdırmanın nəticələri qəhvə istehlakı ilə daha aşağı bədən yağ faizi və daha yüksək əzələ kütləsi arasında əlaqə olduğunu göstərir. Lakin alimlər bunun qəhvənin birbaşa yağ yandırdığı və ya əzələ inkişaf etdirdiyi anlamına gəlmədiyini xüsusilə vurğulayırlar.
Tədqiqatın aparıcı müəllifi Luca Verroest bildirib ki, bədən kütlə indeksi və həyat tərzi kimi amillər nəzərə alındıqdan sonra belə, diqqətçəkən metabolik əlaqələr müşahidə edilib. Tədqiqatçılara görə, sözügedən təsirlər qadınlar və kişilər arasında fərqli olur.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

