Əgər Rusiyanın rəsmi şüarı olsaydı, o necə səslənərdi?
Bir dəfə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mənə müsahibəsində demişdi: “Rusiya necədirsə, elədir və biz bunu göstərməkdən utanmırıq.”
Bu ifadə ölkənin bugünkü vəziyyətini yaxşı təsvir edir.
Ancaq bu yaxınlarda bunun daha sərt bir versiyasını tanınmış müğənni Nadezhda Babkinadən eşitdim. O, Prezident Vladimir Putindən mükafat aldıqdan sonra Kremldə çıxış edərək dedi:
“Rusiya bizim möhtəşəm, çoxmillətli genetik kodumuz sayəsində heç vaxt təslim olmayacaq. Bu kod hamımızı birləşdirir. Bunu bəyənməyənlər isə gedib özlərini zəhərləsinlər.”
Bir çox cəhətdən “gedib özlərini zəhərləsinlər” ifadəsi 2026-cı ilin Rusiyasını xarakterizə edir: üzr istəməyən, peşman olmayan və geri çəkilməyən bir ölkə.
Eynilə Vladimir Putin kimi.
Putin Ukraynaya qarşı genişmiqyaslı işğal əmri verdiyi gündən bəri bu qərarına görə nə peşmanlıq ifadə edib, nə də hərbi əməliyyatları dayandırmaq niyyətində olduğunu göstərib.
Bu həftə Rusiya Ukraynanın müxtəlif bölgələrinə qarşı yenidən geniş raket və pilotsuz uçuş aparatı hücumu həyata keçirdi.
Hücum Rusiyanın dünyaya özünü təqdim etmək məqsədi daşıyan St Petersburg International Economic Forum ərəfəsində baş verdi.
Bir zamanlar bu tədbirə Qərbdən tanınmış investorlar və siyasətçilər qatılırdı. İndi isə onlar demək olar ki, gəlmirlər. Buna baxmayaraq, təşkilatçılar 130-dan çox ölkə və ərazidən nümayəndələrin iştirak edəcəyini bildirirlər.
Müəllif qeyd edir ki, qonşu ölkə ilə dörd ildən artıq davam edən müharibə xarici investisiya cəlb etməyə çalışan bir ölkə üçün yaxşı reklam deyil. Lakin “Rusiya necədirsə, elədir” prinsipi dəyişmir. Forum keçirilsə də, keçirilməsə də, Ukraynaya hücumlar davam edir.
Putinin müharibə ilə bağlı mövqeyi də dəyişməz qalır. O, hələ də Ukraynanın Donbas bölgəsinin tam nəzarətinin Rusiyaya verilməsini tələb edir.
Lakin Kremldə bir şey dəyişib.
Bu dəyişiklik ABŞ prezidenti Donald Trumpla bağlıdır.
Keçən il Rusiya rəsmiləri ümid edirdilər ki, Tramp Ukrayna ilə sülh sazişinin Moskvanın şərtləri əsasında əldə olunmasına kömək edəcək. Yəni Kiyevi Rusiyanın tələblərini qəbul etməyə məcbur edəcək.
Ötən yay Alyaskanın Ankoric şəhərində keçirilən ABŞ–Rusiya sammitindən sonra rus rəsmiləri uzun müddət “Ankoric ruhu” ifadəsindən istifadə edirdilər. Onlar bunu Tramp və Putinin Ukrayna məsələsində müəyyən anlaşmaya gəldiyinin əlaməti kimi təqdim edirdilər.
Ancaq gözlənilən sülh sazişi baş tutmadı.
Bu yaxınlarda Putinin xarici siyasət üzrə köməkçisi Yuri Ushakov dövlət televiziyasına verdiyi müsahibədə dedi:
“Mən ‘Ankoric ruhu’ haqqında heç nə bilmirəm. Mən heç vaxt belə ifadə işlətməmişəm.”
Bu sözlər göstərirdi ki, vaxtilə böyük ümidlərlə danışılan həmin “ruh” artıq yoxa çıxmağa başlayıb.
Bu da Putinin narazılığını artıran səbəblərdən biri ola bilər.
Digər səbəblər də kifayət qədərdir.
Kremlin qısa müddətli “xüsusi hərbi əməliyyat” kimi təqdim etdiyi müharibə artıq beşinci ilinə daxil olan ağır və qanlı bir qarşıdurmaya çevrilib.
2022-ci ilin fevralından bəri Rusiya böyük hərbi itkilər verib, iqtisadiyyatı ciddi zərbə alıb və texnoloji inkişaf baxımından geriləyib.
Bundan əlavə, müharibə artıq Rusiyanın öz ərazisinə də yaxınlaşıb. Ukrayna pilotsuz aparatları ölkənin dərinliklərindəki hədəflərə çata bilir. Neft emalı zavodları və enerji infrastrukturu mütəmadi olaraq hücumlara məruz qalır.
Ötən ay Moskva vilayətinə edilən genişmiqyaslı dron hücumu göstərdi ki, paytaxt ətrafındakı hava hücumundan müdafiə sistemi də tam keçilməz deyil.
Dörd ildən çox davam edən müharibə və minlərlə beynəlxalq sanksiya Rusiya iqtisadiyyatına ciddi təzyiq göstərib. Büdcə kəsiri artır, iqtisadi artım isə zəifləyir.
Bəs Kreml buna necə cavab verir?
Müharibəni azaltmaqla yox.
Əksinə.
Son dövrlərdə Ukrayna şəhərlərinə qarşı həyata keçirilən genişmiqyaslı hava hücumları göstərir ki, Moskva eskalasiya yolunu seçib.
Rusiya isə bunun məsuliyyətini qəbul etmir və bütün bunların Ukraynanın əvvəlki hücumlarına cavab olduğunu bildirir.
Müharibənin yaxın zamanda bitəcəyi ilə bağlı hər hansı əlamət görünmür.
Bununla belə, müəllif qeyd edir ki, Rusiyanın daxilində artıq müharibənin davam edib-etməməsi ilə bağlı müəyyən müzakirələr yaranmağa başlayıb.
Xarici siyasət dairələrinə yaxın olan “Russia in Global Affairs” jurnalında siyasi ekspert Vasily Kashin yazır ki, Ukraynanın bütün ərazisi, o cümlədən qərb hissəsi uzun müddət işğal olunmadan Rusiyanın məqsədlərinə çatması mümkün deyil. Onun fikrincə, belə bir işğal isə texniki baxımdan Rusiyanın imkanlarını aşır.
Daha sonra “Moskovski Komsomolets” qəzeti siyasi şərhçi Alexander Nosovichə istinadən yazdı ki, ekspert icması iki düşərgəyə bölünüb: bir qrup müharibənin məqsədlər əldə olunana qədər davam etməsini istəyir, digər qrup isə hesab edir ki, ən təhlükəli ssenari məğlubiyyət deyil, sonsuz davam edən müharibədir.
Həmin qəzetdə hüquqşünas Dmitry Krasnov isə yazırdı ki, Rusiyanın tarixində məğlubiyyətlər və alçaldıcı sülhlər bəzən ölkəni islahatlara və sonrakı uğurlara aparıb. Onun fikrincə, bəzi böyük geosiyasi itkilər parlaq qələbələrdən daha faydalı olub.
Rusiyanın özünü həmişə qalib ölkə kimi təqdim etdiyi nəzərə alınsa, belə fikirlərin mətbuatda yer alması diqqətçəkən hadisə idi.
Lakin bir neçə gün sonra müəllif həmin məqaləni yenidən oxumaq istəyəndə sayt “404 – səhifə tapılmadı” mesajı göstərdi.
Məqalə silinmişdi.
Müəllif yazını belə yekunlaşdırır:
Rusiyada müharibənin gələcəyi barədə müəyyən müzakirələr başlasa da, bu müzakirələrin sərhədləri var. Putin və Kreml hələ də Ukrayna məsələsində geri addım atmağa hazır görünmür. Müharibəni dayandırmaq və ya məqsədlərə çatmadan bitirmək barədə fikirlər isə açıq şəkildə müzakirə oluna bilmir.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

