Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin ştat sayının 2 441 630 nəfərə çatdırılması ilə bağlı fərman imzalayıb.
Gundelik.az-ın məlumatına görə, yeni qərara əsasən, hərbçilərin sayı 15 500 nəfər artırılıb və hökumətə bu artımla bağlı Müdafiə Nazirliyinə federal büdcədən zəruri vəsaitin ayrılmasını təmin etmək tapşırılıb.

Rusiya mətbuatına görə, istefada olan polkovnik Viktor Baranets ordunun ştat sayının artırılmasını hərbi-siyasi vəziyyətdəki dəyişikliklər, NATO və Avropa ölkələrindən yaranan çağırışlar, həmçinin yeni hərbi birləşmələrin formalaşdırılması ilə əlaqələndirib. Bununla yanaşı, o, bu il hərbçilərin sayının 15 000 nəfər artırılmasının xüsusi hərbi əməliyyatla bağlı olmadığını, 2008-ci ildə doğulanların sayındakı artımla əlaqəli olduğunu bildirib.
Bundan əvvəl Rusiya rəsmiləri ölkədə yeni səfərbərliyə ehtiyac olmadığını dəfələrlə açıqlayıblar. Putin sentyabrın əvvəlində bildirib ki, hazırkı vəziyyət səfərbərlik tələb etmir və orduda hərbçi çatışmazlığı yoxdur.