İyul 27, 2026
Baku
Mədəniyyət və cəmiyyət Müsahibə

Professor Namiq Qüdrətov: “İnsanı təkcə problemlər deyil, məqsədsizlik də yorur”.

Müasir dünyanın sürətli inkişafı, texnologiyaların həyatımıza dərin nüfuz etməsi və informasiya axınının intensivləşməsi insanların psixoloji sağlamlığına yeni çağırışlar formalaşdırır. Anksiyete, depressiya, tənhalıq hissi, emosional tükənmə və həyatın mənasını itirmək kimi problemlər artıq yalnız fərdi deyil, qlobal miqyasda cəmiyyətləri narahat edən məsələlər sırasında yer alır. Xüsusilə süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə insan psixologiyasının necə dəyişəcəyi, daxili tarazlığın necə qorunacağı və xoşbəxt həyatın psixoloji əsaslarının nədən ibarət olduğu geniş müzakirə olunur.

Bəs insanı xoşbəxt edən əsas amillər hansılardır? Psixoloji sağlamlığı qorumaq üçün nələrə diqqət yetirilməlidir? Süni intellekt insan beyninin imkanlarını genişləndirəcək, yoxsa onu zəiflədəcək? Daxili rahatlıq və həyatın mənası necə qazanılır?

Gundelik.az bu və digər suallarla professor, biologiya elmləri doktoru, psixoanalitik və NLP Master Namik Qüdrətova müraciət edib.

1. Müasir dövrdə insanların ən çox üzləşdiyi psixoloji problemlər hansılardır və bunun əsas səbəbləri nədir?

Mənim fikrimcə, bu gün insanların ən böyük problemləri narahatlıq (anksiyete), depressiya, təkliyin artması, özünəinamın azalması və həyatın mənasını itirməkdir.

Əvvəllər insanlar daha çox fiziki təhlükələrlə üzləşirdilər. Bu gün isə əsas təhlükə insanın beynində yaranır. İnsan daim özünü başqaları ilə müqayisə edir, gələcəklə bağlı narahat olur, sosial şəbəkələrdə ideal həyat görüntülərini görür və düşünür ki, yalnız onun həyatı çətindir.

Psixoloji təcrübəmdə bir maraqlı hadisə olmuşdu.

Mənə 35 yaşlı bir sahibkar müraciət etmişdi. Maddi vəziyyəti yaxşı idi, ailəsi vardı, sağlamlığı da normal idi. Amma o deyirdi:

“Səhər oyanıram, heç nə məni sevindirmir.”

Araşdırdıqca məlum oldu ki, o, artıq illərlə yalnız pul qazanmaq üçün yaşayırdı. Məqsədinə çatmışdı, amma yeni həyat məqsədi yox idi. Bir neçə seansdan sonra biz onun diqqətini ailəsinə, sağlamlığına və cəmiyyət üçün faydalı olmağa yönəltdik. Təxminən iki ay sonra özü dedi:

“Mən yenidən yaşamaq istəyirəm.”

Bu hadisə mənə bir daha göstərdi ki, insanı təkcə problemlər deyil, məqsədsizlik də yorur.

2. Süni intellektin və rəqəmsal texnologiyaların sürətli inkişafı gələcəkdə insan psixologiyasına hansı müsbət və mənfi təsirləri göstərə bilər?

Süni intellekt insanın düşməni deyil. O, çox güclü bir alətdir. Necə istifadə etməyimiz nəticəni müəyyən edəcək.

Müsbət tərəfi odur ki, insanlar daha tez öyrənəcək, psixoloji dəstəyə daha asan çıxış əldə edəcəklər, təhsil və tibbdə böyük irəliləyiş olacaq.

Amma mənfi tərəfi də var.

Əgər insan düşünməyi, qərar verməyi və məsuliyyət daşımağı süni intellektə həvalə edərsə, zamanla öz psixoloji gücünü zəiflədə bilər.

Psixoloji təcrübəmdən bir nümunə deyim.

Bir gənc mənə müraciət etmişdi. O, demək olar ki, hər qərarı internetdə və ya süni intellekt vasitəsilə yoxlayırdı. Hətta hansı paltarı geyinəcəyini belə özü seçməkdə çətinlik çəkirdi. Bir müddət sonra onda qərarsızlıq və özünəinam problemi yaranmışdı.

Biz terapiyada sadə məşqlərlə başladıq. Kiçik qərarları əvvəlcə özü verməyə başladı. Bir neçə həftədən sonra artıq deyirdi:

“Mən başa düşdüm ki, texnologiya mənə kömək etməlidir, mənim yerimə yaşamamalıdır.”

Mən hesab edirəm ki, gələcəyin ən güclü insanı süni intellekti yaxşı istifadə edən yox, öz beynini də işlədən insan olacaq.

3. Sizcə, xoşbəxt insan olmağın psixoloji sirri nədən ibarətdir? İnsan daxili rahatlığı necə qazana bilər?

Bu mövzu mənim yeni yazdığım “30-dan sonra. Xoşbəxt həyatın 12 qanunu” kitabımın əsas bölmələrindən biridir. Kitabda xoşbəxtliyin təsadüf olmadığını, müəyyən psixoloji qanunlara əsaslandığını izah etmişəm.

İlk növbədə maraqlı bir araşdırmanı sizə təqdim etmək istərdim.

Təxminən 85 il davam edən və bəşər tarixinin ən uzunmüddətli araşdırmalarından biri olan Harvard tədqiqatı çox maraqlı və birmənalı bir nəticəyə gəlir:

İnsanın həyat keyfiyyətini təyin edən əsas amil onun ətrafındakı insanlarla qurduğu münasibətlərin keyfiyyətidir.

Bəli, nə pul, nə yüksək status, nə də böyük hakimiyyət insanı xoşbəxt etmir. Hər şey bu sualların cavabından asılıdır:

  • Sən kimi sevirsən?
  • Səni kim sevir?
  • Həyatda kimə tam güvənə bilərsən?
  • Ən çətin və ağır məqamda kim sənin yanında qalacaq?

Səmimi, dürüst və dərin münasibətləri olan insanlar daha uzun yaşayır, ağır stresi daha asan dəf edir, daha az xəstələnir və yaşlılıq dövrünü daha gözəl, sağlam keçirirlər. Əksinə, tənhalıq içində boğulan və ya toksik münasibətlər yaşayan insanlar isə həm mənəvi, həm də fiziki cəhətdən daha tez tükənirlər.

Bu reallıq həyatdakı çox şeyi izah edir. Çünki insan öz psixi enerjisinin və daxili həyatının böyük bir hissəsini fəlsəfəyə, işə və ya sırf pula deyil, məhz insanlara və münasibətlərə sərf edir.

Beynimiz davamlı olaraq bu suallarla məşğul olur:

  • “O mənə niyə elə baxdı?”
  • “O niyə qəflətən susdu?”
  • “O məni həqiqətən sevirmi?”
  • “Mənə layiq olduğum hörməti edirlərmi?”
  • “Onlar niyə məhz belə etdilər?”

Daxili enerjimizin ən böyük axını məhz bu nöqtəyə yönəlir.

İnsan daxili rahatlığına isə o zaman qovuşur ki,

  • özünü başqaları ilə müqayisə etmir;
  • keçmişi qəbul edir;
  • gələcəkdən həddindən artıq qorxmur;
  • həyatına məna verən məqsədi olur;
  • sevdiyi insanlarla səmimi münasibət qurur.

Son yazdığım kitabda yer alan 12 qanunu oxuyub, kouçluq suallarına səmimi cavab verən, sevginin, məqsədyönlülüyün, arzunun, həqiqətin və müdrikliyin mahiyyətini anlayaraq bunları öz həyatında tətbiq edən insan daxili rahatlığı tapa bilər. Məhz bu rahatlıq isə insanı xoşbəxtliyə aparan ən qısa yoldur.

Gundelik.az