Sentyabr 30, 2026
Baku
Dünya Xəbərlər

Paxlavası İlon Maskın şirkətinə qədər çatdı: Mühəndisliyi atıb paxlava ustası oldu

İstanbulda proqram mühəndisliyi təhsili aldıqdan sonra magistratura üçün ABŞ-a gedən 52 yaşlı Adnan Yılmaz ixtisasını dəyişərək paxlava ustası olub.

Gundelik.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantepdə ustalardan paxlava hazırlamağı öyrənən Yılmaz, hazırladığı paxlavanın Los-Ancelesdə İlon Maskın şirkəti “SpaceX”ə və Paris Hiltonun təşkil etdiyi tədbirlərdən birinə qədər çatdırıldığını bildirib.

Üç uşaq atası olan Yılmaz 2000-ci illərin əvvəllərində biznes idarəçiliyi üzrə magistratura təhsili almaq üçün ABŞ-a gedib. Burada həm proqramçı kimi çalışıb, həm də təhsil alıb. Daha sonra ixtisasını buraxaraq Qaziantep paxlavasını ABŞ-a ixrac edib satmağa başlayıb.

Paxlava hazırlamağı öyrənmək üçün Qaziantepə qayıdan Yılmaz burada ustalardan təlim alıb. O, hazırda ABŞ-ın müxtəlif ştatlarında şirkətlərə və tədbirlərə paxlava göndərir. Yılmazın ingilis dilində paxlava hazırlanması ilə bağlı paylaşdığı video da sosial mediada maraq doğurub.

“Yunan paxlavasını görəndə milli hisslərim gücləndi”

Yılmaz ABŞ-da paxlavanın daha çox yunan paxlavası kimi tanınmasının onu bu sahəyə yönəltdiyini deyib:

“Amerikada paxlava yunan paxlavası kimi tanınır. Orada paxlava yemək istədik. Yunan paxlavasını görəndə ‘Bu da paxladır?’ deyərək əsəbiləşdim. Baklavanın vətəni Qaziantepdir. Milli hisslərim gücləndi. Düşündüm ki, paxlava necə yalnız yunan paxlavası kimi tanına bilər? Mədəniyyətimizi və paxlavanın dadını tanıtmalı olduğumu düşündüm və bu istiqamətdə çalışmağa başladım.

Hazırda Qaziantep paxlavası çox sevilir və maraq görür. Məqsədim əvvəlcə Amerikada, daha sonra isə bütün dünyada paxlavamızın dadını tanıtmaqdır”.

“Mühəndisliyi buraxdığıma görə peşman deyiləm”

Yılmaz proqram mühəndisliyini buraxaraq paxlava biznesinə başladığı üçün peşman olmadığını bildirib:

“Proqram mühəndisi ola bilərsiniz. İstəsəniz, dünyanın ən yaxşı peşəsi olsun. Əsas odur ki, gördüyünüz işi sevərək görəsiniz. Proqram mühəndisliyini buraxıb paxlavaçı olduğuma görə heç vaxt peşman olmamışam. Çünki sevdiyim və həvəs göstərdiyim işlə məşğulam.

Dadın milliyyəti olmaz, dadın vətəni olar. Paxlavanın vətəni də Qaziantepdir. Biz Amerikaya coğrafi göstəricisi olan məhsul satırıq. Məqsədimiz əvvəlcə Amerikada paxlavanı tanıtmaq, daha sonra isə səsimizi bütün dünyaya çatdırmaqdır.

Bu, komanda işidir. Proses fermerdən başlayır, istehlakçı ilə başa çatır. İtalyanların pizzası və ya fransızların makaronu kimi Qaziantep paxlavasını da dünya brendinə çevirəcəyik”.

Paxlavası “SpaceX”ə və Paris Hiltonun tədbirinə çatdırılıb

Yılmaz bildirib ki, paxlavaları ABŞ-ın müxtəlif ştatlarındakı şirkətlərə və tədbirlərə göndərilir. Onun sözlərinə görə, məhsulları Los-Ancelesdə İlon Maskın şirkəti “SpaceX”ə və Paris Hiltonun təşkil etdiyi tədbirlərdən birinə də çatdırılıb.

“Məqsədimiz paxlavaya yalnız kommersiya məhsulu kimi yanaşmaq deyil. Əsas məqsədimiz mədəni tanıtımdır. Qaziantepin mədəniyyətini və paxlavasını dünyanın tanınmış şirkət və şəxslərinə çatdırırıq.

ABŞ bazarında Qaziantep paxlavasına maraq yaratmağa başlamışıq. Amerika istehlakçılarının zövqünə uyğun, məsələn, daha az şəkərli variantlar da hazırlayırıq”, – deyə Yılmaz bildirib.

Nurəddin Abdullayev
Gundelik.az