Gundelik.az Dünya Parkinsonun erkən siqnalı: Qoxu hissinin itməsi
Dünya Xəbərlər

Parkinsonun erkən siqnalı: Qoxu hissinin itməsi

Biruni Universiteti Tibb fakültəsi xəstəxanasının nevrologiya mütəxəssisi Demet Aygün Üstel bildirib ki, Parkinson xəstəliyi əl titrəməsi və hərəkətlərin ləngiməsi kimi klassik əlamətlər ortaya çıxmazdan illər əvvəl qoxu hissinin zəifləməsi kimi bəzi erkən siqnallarla özünü göstərə bilər.

Mütəxəssis qeyd edib ki, Parkinson irəliləyən sinir sistemi xəstəliyidir və erkən əlamətlərin vaxtında fərq edilməsi diaqnoz baxımından böyük əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, beyində dopamin istehsal edən hüceyrələrin zədələnməsi nəticəsində hərəkətlə bağlı problemlər yaranır. Lakin bu əlamətlər inkişaf etməzdən xeyli əvvəl bəzi xəbərdaredici hallar müşahidə oluna bilər. Bunlardan biri də qoxu hissinin azalması və ya tam itməsi ola bilər.

Dosent Üstel vurğulayıb ki, qoxu itkisi müxtəlif səbəblərdən də yarana bilər. Xüsusilə uzun müddət davam edən və başqa bir səbəblə izah olunmayan qoxu problemi olduqda diqqətli olmaq lazımdır.

O bildirib ki, Parkinson çox vaxt yalnız titrəmə ilə əlaqələndirilsə də, bu, hər xəstədə ilk əlamət olmur. Hərəkətlərin yavaşıması, əzələlərin sərtləşməsi, kiçik addımlarla yerimə və tarazlıq problemləri də xəstəliyin mühüm əlamətləri sırasındadır. Bundan əlavə, xəstəlik inkişaf etməzdən illər əvvəl aşağıdakı hallar da müşahidə oluna bilər:

Qoxu hissinin zəifləməsi və ya itməsi

Yuxu pozğunluqları

Qəbizlik

Əhval-ruhiyyədə dəyişikliklər

Mütəxəssis əlavə edib ki, Parkinson xəstəliyinin erkən diaqnozu müalicə prosesində mühüm üstünlüklər yaradır və müntəzəm nəzarət, uyğun müalicə üsulları ilə xəstələrin həyat keyfiyyəti uzun illər qoruna bilər.

Sonda o qeyd edib:

“Qoxu hissinin itməsi təkbaşına Parkinson xəstəliyi demək deyil. Ancaq uzun müddət davam edən və səbəbi aydın olmayan qoxu problemi varsa, nevroloq mütəxəssisinə müraciət etmək faydalı olar. Erkən qiymətləndirmə xəstəliyin inkişafını nəzarətdə saxlamaq baxımından vacibdir.”

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version