Dünyaya göz açan bütün körpələrə sevməyi öyrədir valideyn. Ananı, atanı, doğmaları,vətəni, hətta əşyaları belə. Bu çox gözəl xarakter formalaşdırmaq metodudur. Lakin, vacib elementi unuduruq. Özünü sevməyi. Kimsə özünü sevməyi öyrətmir. Bu duyğunun əskikliyi insanda olmazın problemlər yaradır. Zamanla özünə inam itir, bacarıqlarını kəşf etmək ləngiyir və ya ertələnir. Əslində hər şey bir fərdlə başlayır. Özünü sevməyi bacaran, özünü tanıyan və bacarıqlarının fərqində olan hər bir fərd cəmiyyət üçün bir şamdır. O digər qaranlıq küncləri aydınlaşdıracaq, ətrafındakı şamları yandıracaq.
Kortəbii və ya şüurlu şəkildə, heç fərq etməz, hər kəs şagirdin rasional zəkasına köklənir. Savadlı olsun, bilikli olsun, kobud desək ağ günə çıxsın və ya özünə gün ağlasın. Halbuki insan zəkası təkcə rasionallıqdan ibarət deyil axı. Necə ki insan əzələ, sümük və qandan ibarət bir kütlədir, eyni zamanda bütün bunları hərəkətə gətirən qüvvə insanınruhudur. Ruh isə emosional zəkadan ibarətdir. Qoulmanın özü belə “emosional zəka” nəzəriyyəsini ərsəyə gətirmədən öncə əhvalının bütün gününə, işinə və ətrafına təsir etdiyini vurğulayırdı. Bəlkə də sırf bu səbəbdən emosional intellektin vacibliyini sübut etdi. Sözsüz ki Qoulmanı oxumadan da insanın emosional intellekti inkişaf edir və insan yaşamboyu özünü kəşf edir.
Özünüdərk edən hər bir şagird şübhəsiz ki özünü, duyğularını və davranışlarını idarə edə bilir. Zamanla Onda qarşı tərəfi anlamaq, özünü Onun yerinə qoymaq, qısacası empatiya formalaşır. Bir az daha irəli gedərək O motivasiya mənbəyinə çevrilir. Həm özü üçün, həm də özgələr. Ən sonda isə Onun sosial və yumşaq bacarıqları o qədər inkişaf edir ki O münasibətləri idarə etməkdə çətinlik çəkmir.
Fikir verdinizsə emosional intellekt nəzəriyyəsinin hər 5 mərhələsinə toxundum. Səthi də olsa izahını verməyə çalışdım. Lakin fokuslanmaq, diqqət çəkmək istədiyim mövzu 4-cü mərhələdir. Motivasiya. İnsanı işə salan, çalışmağa sövq edən qüvvə. Xarakter müxtəlifliyini nəzərə alsaq sözsüz ki motivasiyanın da insana təsiri müxtəlifdir. İntrovert insanlar əsla xaricdən motivasiyaya gərək duymazlar. Onların daxili gücü özünə inamı olduqca yüksəkdir.
Hətta kənar neqativ təlqinlər belə Onlara təsir etmir. Onlar daha çox uğur qazanmağa müvəffəq olur. Çünki öz güclərinin bacarıqlarının, potensiallarının fərqindədirlər. Lakin ekstrovertlər üçün eyni sözləri demək təəssüf ki mümkün deyil. Onlar daima kənar təsirlərə məruz qalır. Ətrafın rəyi Onlar üçün əhəmiyyətlidir. Daxili gücləri zəifdir. Öztəlqin demək olar ki aşağı və yox dərəcəsindədir. Bu da Onlarda özgüvəni aşağı salır və uğur qazanmağa mane olur.
Sözsüz ki insan xarakterini dəyişdirmək mümkünsüzdür. Lakin Onu formalaşdırmaq, müəyyən şəkilə salmaq mümkündür. Hərçənd Skinner deyirdi ki insan davranışları dəyişə, yenidən formalaşa bilər. Bütün bunlardan yola çıxaraq bir nəticəyə gəlmək olur. Şagirddə emosional intellekti formalaşdırmaq gücləndirmək mümkündür. Belə olan halda şagirddə özünəinam formalaşacaq, O öz gücünün fərqində olacaq.
Özünü sevməyi aşıladığımız hər bir şagird zamanla özgüvənini yüksəldəcək. Məsələn Tomas Edisona kütbeyin ləqəbi qoyularaq məktəbdən kənarlaşdırılmasına rəğmən anasının motivasiyası ilə O öz bacarığının fərqinə varır. Közərmiş lampaların ixtiraçısı olan Edison əgər özünün ağılsız və kütbeyin olduğuna inansaydı yəqin ki bugün tarix Onu xatırlamayacaqdı.
Eynşteynə məktəbdə sinif yoldaşları anormal deyib ələ salırdı. Atomu parçalayan alim adını tarixə yazdırmağa bacarsa da Ona rişxənd edənlərin heç birinə tarix mərhəmət etmədi.
Rokki filmindən hər kəsə məlum olan Silvestr Stalonni mənə bacarmazsan deyənlərdən güc aldım. Çünki bilirdim ki Onlar bacaracağıma çox əmindirlər. – demişdi bir müsahibədə.
Bu siyahı daha da uzana bilər. Bu insanlar özünə inamın nəticəsində bu qədər irəlidə oldular. Çünki Onlar öz potensiallarının fərqində idilər.
Şagirdlərə mütəmadi özgüvəni, Öz sevgini aşılamalı, Onları bacaracaqlarına inandırmalıdır hər bir müəllim. Yorulanda Ona məqsədini xatırlatmalı, bura qədər niyə gəldiyini təlqin etməlidir. Kənar təsirlərə məruz qalanda isə şairin sözləri Onlara mayak olmalıdır.
Yarasa sevmirsə nurlu günəşi, günəşin əksilməz bundan atəşi. Müəllimin, yoldaşlarının, ailəsinin, qısacası təbii və sosial mühitin təzyiqlərinə, bullinqinə
məruz qalan hər şagird aldığı travma nəticəsində gələcəyini düzgün formalaşdıra bilmir. Haqsızlığa məruz qalanda, tənqidləri ciddi qəbul edir, başqalarının rəyi əsasında özünü dəyərləndirir. Onlara haqsız tənqidin gizli heyranlıq olduğunu izah etmək lazımdır. Uğurlu insanların daima təzyiqə məruz qaldığını, lakin sonra zirvəyə çatdıqlarını başa salmaq lazımdır.
Özünü sevən hər şagird dünyanı rəngarəng görür. Dərsə yüksək həvəs və bağlılıq göstərir. Bu da Onun akademik nəticələrinə təsir edir. Özünü sevən, özgüvənli, özünə inanan şagirdlərdə çevik zəka olur. Onlar hətta məğlubiyyətdən belə dərs çıxarırlar. Çünki Onlar bir imtahana girəndə imtahanı qazanmasalar da təcrübə qazandıqlarını bilirlər. Hər məğlubiyyətin Onları zəfərə doğru apardığını qəbul edirlər.
Özünə inam əlbəttə təbii mühit olan ailədən başlayır. Məktəbdə və sosial mühitdə formalaşır. Buna görə də ən böyük şans doğru müəllimə rast gəlməkdir. O şagirdinə özünü sevməyi və hər situasiyada özünə güvənməyi öyrədəcək. Şagirdin belə özünə inanmadığı zamanlarda müəllim Ona inanmalı, Onu da inandırmalıdır.
Bugün detektiv əsərlərini sevə sevə oxuduğumuz yazıçı Aqata Kristi disleksiya və zəka geriliyindən əziyyət çəksə də doğru müəllim həyatının şansı olmuşdur. Onu qüsurlu deyil fərqli olduğuna inandırdı. Bəlkə də bu səbəbdəndir ki Aqata Kristinin əsərlərində motivasiyanın səpkiləri hiss olunur.
Dünya liderlərinə dərs keçən Robin Şarma, ən güclü motivator hesab edilən Cim Kvik də məktəbdə yaşadığı bulinqlərə rəğmən özünə inanan, özgücünün fərqində olan güclü insanlardır. Və hər birinin uğurunun altında Onlara inanan, özgüvəni formalaşdıran müəllimlərin imzası var. Siz niyə Onlardan biri olmayasınız ki?!
Leyla Camalzadə
Gəncə şəhər Nəriman Nərimanov adına 25 nömrəli tam orta ümumi təhsil məktəbinin direktoru
Gundelik. az
