Bilik kəsb etməklə dünyanı qazan,
Əsmanı oxu ki, məna alasan.
Nizami Gəncəvi
Oxu! Həyatımız bu sözlərlə başlayır. Həyatımızdakı hər bir nailiyyət, qazanacağımız hər bir uğur “oxu” ya bağlıdır. Məhz oxumaqla həyatdakı mövqeyimizi seçir, hədəflərimizi müəyyənləşdirir, ailəmiz, xalqımız və dövlətimizi sevməyi öyrənirik. Kitablar qoynunda yaşadığımız bu kainatın sirlərini özündə əks etdirən, ətraf aləmdə baş verən proseslərdən xəbərdar edən sonsuz məlumat mənbəyi, bütün elmlərin açarını özündə gizləyən bir xəzinədir. Elə xəzinə ki, elmə, biliyə, mədəniyyətə, tərbiyəyə gedən yola sahiblik edir. Hər bir insan oxumadan da bir iş adamı, bir sənətkar, bir idarəedici ola bilər. Amma oxumağı daim öyrənməyi həyatına əsas məqsəd qoymuş biri qədər nə kainatın nizamını tam anlayacaq, nə təbiət və dünya qanunauyğunluqlarını dərk edə biləcək, nə də seçdiyi yolda hədəfinə rahat çatacaqdır.
İnsan zəkasının inkişafında müstəsna rol oynayan mütaliə eyni zamanda onun mənəvi inkişafı, digər insanlarla münasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və s. məsələlərdə də mühüm rol oynayan əsas amillərdən biridir. Qədim zamanlardan bəri oxuma-yazma bilənlər digərlərindən fərqlənmiş, sayılıb-seçilən olmuşdur. Bu da onların mədəni səviyyələrindən qaynaqlanmışdır. Bu səviyyəni isə onun mənəvi zənginliyi və bu zənginliyi ona qazandıran oxuması, elmi olmuşdur. Cəmiyyətdə oxuma-yazma bilənlərin sayı nə qədər çox olarsa, o cəmiyyət daha çox inkişaf səviyyəsinə malik olar, digər cəmiyyətlərlə təması zamanı öz dəyərləri ilə seçilər.
Mütaliənin bəşəri bir problem olduğu nəzəriyyəçilər tərəfindən birmənalı şəkildə təsdiq edilmişdir. Qətiyyətlə qeyd etmək lazımdır ki, cəmiyyətin tərəqqisi, nəhayət, sivil cəmiyyət bilavasitə mütaliə nəticəsində yaranır. Cəmiyyətin bütün inkişaf istiqamətlərini insan təfəkkürü formalaşdırmaqla yanaşı onu təkmilləşdirir. Mütaliə isə insan təfəkkürünü zənginləşdirir, təfəkkürün yaradıcı və axtarış, düşünmə qabiliyyətini artırır. Məsələyə bu istiqamətdə yanaşarkən mütaliənin bəşəri bir problem olduğunu birmənalı şəkildə təsdiqləyə bilərik.
İnsanın mütaliə şüurunun formalaşması uşaqlıq dövründən başlayır. Ailə, bağça, məktəb, kitabxana, uşağın mütaliə vərdişlərinə yiyələnməsində əhəmiyyətli rol oynayır. Uşaq kitabxanalarında mütaliə sistemli və ardıcıl təşkil edilərək onların təfəkkür tərzinin formalaşmasına müsbət təsir edir. Müasir uşaq kitabxanalarında ənənəvi və texnoloji iş xüsusiyyətləri tətbiq edilir. Lakin uşaq mütaliəsinin təşkili çoxsahəli kitabxana prosesi olaraq ənənəvi metodlara daha çox söykənməlidir. Çünki kitabxana işində yeni texnologiyadan formalaşmış təfəkkür istifadə edə bilir. Uşaq təfəkkürü isə hələ tam formalaşmamış olur. Demək uşaq təfəkkürünün formalaşması üçün səmərəli mütaliənin təşkili daha vacibdir. Formalaşmış təfəkkür hər cür texnologiyadan istifadə etmək imkanına malik olur. Formalaşmış təfəkkürü isə mütaliə yaradır. Əməkdar elm xadimi Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, professor A.A.Xələfov mütaliənin qlobal xarakterini şəhr edərkən qeyd edir: “Cəmiyyətin strukturasında ciddi dəyişikliklərin baş verdiyi, mənəvi həyatımıza demokratiyanın sürətlə nüfuz etdiyi, pluralizmin bərqərar olduğu, insan hüquq və azadlıqlarının təmin edilməsinə geniş şərait yaradıldığı indiki şəraitdə oxucuların mütaliəsinə rəhbərlik etmək, onun mütaliəsini məhdudlaşdırmaq, ona nəyi və necə oxumağı diqtə etmək müasir cəmiyyətin demokratik prinsipinə zidd insan azadlıqlarını məhdudlaşdırmaqdır.
Dünyanın qabaqcıl ölkələrində istehsalın yeni texnika ilə silahlanması, yeni elmi kəşflərin, böyük elmi naliyyətlərin meydana gəlməsi, yeni-yeni elm və bilik sahələrinin yaranması, eləcə də dünyada gedən ictimai-siyasi proseslər mütaliəni obyektiv sosial zəruriyyətə çevirmişdir. Bir sıra xarici ölkələrin kitabxanaşünaslığın mütaliə problemi, xüsusi ilə uşaq mütaliəsi ciddi maraq doğurur. Bu baxımdan ABŞ və Rusiyada uşaq mütaliəsinin təşkili xüsusiyyətlərini öyrənmək, yeni cəhətləri Respublikamızın uşaq kitabxanalarına tətbiq etmək əhəmiyyətli olar.
Zamanın durmadan dönən çarxı bizləri daim inkişafda olan, hər gün bir yenilik yaşadığımız xoş gələcəyə doğru aparır. Günü-gündən müasirləşən, yeniləşən, qloballaşan dünyamızda texnologiya inkişaf etdikcə insanların həyatı yüngülləşir. Hər bir sahədə olduğu kimi, məlumat mənbəyimiz olan kitabxanalarda da sürətli dəyişməni görürük. Müasir dövrümüzdə elektron kitabxanalardan istədiyimiz bir çox kitabların pdf variantını əldə edib, evimizdən çıxmadan, vaxt itirmədən mütaliə edə bilirik. Ancaq bütün bu inkişaf, yenilik əlimizə götürüb oxuduğumuz kitabları əvəz edə bilmir. Birincisi, monitordan oxumaq gözləri və zehni yorur, ikincisi isə elektron kitabxanalar bizim ehtiyaclarımızı hələ tam olaraq ödəyə bilmir.
Kitab oxumaq insan düşüncəsinin, xarakterinin formalaşmasında əsas rol oynayan mənbələrdən biridir. Elmi araşdırmalara görə, kitab oxumaq stresi azaldır, zehni açır, beyni aqressiyadan xilas edir, təbiəti, cəmiyyəti anlama və şərh etmə qabiliyyətini təmin edir. Mütaliə, həmçinin məlumat bazamızı artırır, söz xəzinəmizi zənginləşdirir.
Sahib olduqları məlumatların yarıdan çoxunu oxumaqla əldə edən insan hər zaman yuxarıda qeyd olunmuş üstünlüklərin bir çoxuna sahib olmaqla bunlardan məharətli şəkildə istifadə etmiş, düşüncə, bacarıq və iş baxımından digərlərindən də fərqlənmişdir. Oxuyaraq bir çox şeyin əslini öyrənən insanda eyni zamanda özünə inam olur, qətiyyətsizlikdən uzaq olur. Çox kitab oxuyan insan zəngin söz ehtiyatına sahib olmağın təsiri ilə gözəl nitq qabiliyyətinə malik olur, danışarkən hikmət dolu sözlərlə insanların ürəyinə asanlıqla yol tapa bilir. Bu da insanlarla münasibətini mükəmməlləşdirir, ictimaiyyətdə aktiv rol oynayan birinə çevrilir. Zəngin söz ehtiyatına sahib olmağın başqa bir xüsusiyyəti isə sahibinə daha geniş düşünmə imkanı verməsidir.
Mütaliə üçün vaxt məsələsi əsas əhəmiyyət kəsb edən amildir. Nədənsə asudə vaxtının demək olar ki, çoxunu mənasız şeylərə sərf edən insan həmin vaxtın hər gün bir saatını mütaliəyə ayırmır. İşdən evə dönərkən evdə olan boş zamanı adətən televiziya verilişlərinə baxmaqla keçirən insan bu vaxtınının heç olmasa bir saatını kitab oxumağa ayırsa, bir çox müsbət keyfiyyətlər qazanmaqla yanaşı vaxtını dəyərləndirmiş olar. Ya da internet klublarda, kompüter arxasında, kafelərdə, əyləncə məkanlarında və başqa yerlərdə vaxtlarını keçirən gənclər bu vaxtlarının üçdə birini kitabxanalarda keçirsələr və kitab oxumağa ayrısalar cəmiyyətin ümumi düşüncə səviyyəsi yüksələr və geri qalan cəmiyyətlər sırasında olmaqdan qurtulmuş olarlar.
Kitab oxumağı alışqanlıq halına gətirmiş insanlar bunun üçün xüsusi vaxt ayırmaz hər fürsəti dəyərləndirərlər. Onlar yol gedərkən, birini gözləyərkən, səyahətə çıxarkən və mümkün olan hər vəziyyətdə oxuyacaqları kitabı yanından ayırmazlar. Kitab oxuma alışqanlığı insanda tərbiyəvi bir xüsusiyyətdir. Bir çox məsələ kimi bu da insanda kiçik yaşlarından, hətta bəzi alimlərə görə ana bətnindəykən başlar. Uşaqlar anlamasalar belə valideyinləri onların yanında uca səslə kitab oxuduqda, körpə yaşından kitablara sevgi yaranır. Xüsusən də zehninin ən intensiv dövrü sayılan üç-altı yaşlar arasında bunu etmək, təqdirə layiq bir addımdır.
Bilik – insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında məlumat toplusudur. Bilik mühəndisliyi baxımından bilik formallaşdırılmış informasiyadır. Bilik praktiki fəaliyyət və professional təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub, həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir.
Mütəxəssislər qeyd edirlər ki, mükəmməl insan kimi formalaşmaq üçün böyük yazıçıların, alimlərin əsərlərini mütləq oxumalıyıq. Bunun sayəsində həm düşüncələrimiz inkişaf edər, həm də danışıq qabiliyyətimiz gözəlləşər.
Biz insanlar da həyatı həm yaşayaraq öyrənirik, həm də oxuyaraq. Qədim tarixə, zəngin mədəniyyətə, köklü mənəvi dəyərlərə malik Azərbaycan xalqı bəşəriyyətin təşəkkül dönəmindən bu günədək maddi mədəniyyət nümunələri ilə bərabər, mənəvi tərəqqisi ilə də dünya xalqları arasında özünəməxsus yer tutur. Bu baxımdan insanların ən önəmli maddi-mənəvi nemətlərindən sayılan kitab və kitaboxuma vərdişləri Azərbaycanda da vacib amil kimi qiymətləndirilir. Lakin bu gün kitab oxumaq bəzi insanların maraqlı məşğuliyyəti olsa da, kitaba münasibət hər halda dəyişib. O mənada ki, ölkədə kitab oxuyanların sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Nəşr olunan, idxal edilən kitabların sayına görə ölkəmiz bəzi MDB dövlətlərindən geri qalır.
İnkişaf səviyyəsi aşağı olan cəmiyyətlərin geri qalmasının təməl səbəblərindən biri maariflənmənin zəif olması, oxuma-yazma bilməyənlərin sayının çox olmasıdır. Çox vaxt da bu cür cəmiyyətlərdə olanların çoxu oxumaq və digər faydalı işlər yerinə yararsız işlərlə məşğul olaraq vaxtlarının böyük qismini hədər etməklə məşğul olurlar.
Hər şey körpəlikdən başlamalıdır. Psixoloqlar uşaqları ilk dəfə kitabla tanış etməmişdən öncə mütləq onu dinləmə vərdişi ilə tanış etmək lazım olduğunu qeyd edirlər. Bu vərdişə isə körpəni ana bətnində olarkən alışdırmaq lazımdır. Nəzərə alsaq ki, uşağın eşitmə duyğusu artıq 8 həftəliyindən formalaşmağa başlayır, deməli, bu ayından sonra uşaqla sözlü kontakta girərkən daha ehtiyatlı olmaq gərəkdir. Mütləq ana hamiləlik vaxtı körpəsinə maraqlı nağıllar danışmalıdır, xüsusən, bunu axşam, yatmamışdan öncə etməlidir. Bir növ körpəni hazırlamalıdır. Mütəxəssisin fikrincə, ana hamiləlik vaxtı hansı saatda körpəsinə nağıl danışıb, daha sonra onu əzizləyirsə, həmin uşaq dünyaya gəldikdən sonra daha sözəbaxan və idarə oluna bilən olur.
Körpəlikdən valideyn uşağı gələcək həyata sağlam və düzgün şəkildə hazırlamalıdır. Uşağın gözü açılmamış onu nəyə öyrətsən, hansı vərdişə alışdırsan, elə o cür də davam edəcək. Sadəcə sonadək kənardan nəzarət etmək lazımdır. Psixoloq uşaqlarda dinləmə qabiliyyətini artırmaq üçün analara həmişə layla oxuyaraq uşağı yatızdırmağı məsləhət görür: “Uşaqlarda bu cür dinləmə qabiliyyətini formalaşdırdıqdan sonra onu kitabla birbaşa tanış etmək olar”.
Layla dövrü bitdikdən sonra uşaqlarda dinləmə mədəniyyətini inkişaf etdirmək üçün nağıl danışmaq lazımdır. Bu prosesə uşaq 2 yaşında olarkən başlamaq lazımdır. Nağıl danışmaq üçün ən yaxşı məqam isə yatmazdan qabaqdır. Psixoloq deyir ki, düzgün dinləmə qabiliyyəti formalaşan uşaqlar 2 yaşından nağıl dinləmək istəyəcəklər. Bu qabiliyyət düzgün formalaşmayıbsa, uşaqlar nağıl eşitmək istəməyəcəklər. Bu da onların gələcək psixi inkişafı üçün mənfi təsir göstərəcək. Çünki uşaqların idrak fəaliyyətinin inkişafı üçün, yəni duyğusunun, qavrayışının, yaddaşının, diqqət-hafizəsinin, həmçinin təfəkkür və təxəyyülünün inkişafı üçün nağıl dinləmə və oxuma çox önəmli rol oynayır.
Körpənin əyani olaraq kitabla ilk tanışlığı 1 yaşından başlayaraq mərhələlərlə aparılmalıdır. Qısa və az cümlələrdən ibarət olan, əlvan şəkilli və ən əsası dözümlü materialdan hazırlanmış kitablar seçilməlidir ki, körpə onları vərəqləyərkən cıra bilməsin. Elə kitab seçmək lazımdır ki, şəkilləri böyük və qabarıq səthli olsun. Körpə əllərini səhifə üzərində gəzdirəndə şəkilləri hiss etməyi bacarsın. Elə balaca yaşlardan başlayaraq uşağa hədiyyə kimi rəngli, şəkilli jurnallar, kitabçalar almaq lazımdır. Uşağın gözü, beləcə, kitablara və oxumağa alışacaq. Həmçinin nağıl danışarkən uşaqların marağını daha çox cəlb etmək üçün aşağıda yazılanları yerinə yetirmək olar. Uşaqlar indi daha çox televiziya və kompüterə yönəliblər. Bu, danılmaz bir faktdır. Psixoloqlar bildirir ki, valideynlərdən uşağın televiziya ilə əlaqəsinin kəsilməsini tələb etmək olmaz. İstəsək də, edə bilmərik. Amma bunu idarə edə bilərik. Valideynlər öncə hər yaş dövrü üçün televizora baxma müddətini bilməlidirlər. Məsələn, 2-3 yaş arası uşaq gündə 20 dəqiqə televizora baxmalıdır. Psixoloqlar deyir ki, valideynlər buna şərait yaratmalıdırlar, bir şərtlə ki, baxdığı verilişlərə, cizgi filimlərə əvvəlcədən nəzarət edə bilsinlər və daha sonra oturub baxdığı cizgi filmini müzakirə etsinlər. Uşaq baxdıqlarından yadda qalanları valideyninə danışsın. Günün digər vaxtını da kitabdan nağıllar oxumağa sərf etmək lazımdır. Uşağı həm günün tələblərindən uzaq salmayın ki, zamanla ayaqlaşa bilsin, eləcə də kitab marağının ölməsinə imkan verməyin. İmkan olduqca uşağınızı kitab mağazasına aparın, sevdiyi jurnal, rəngləmək üçün rəsm dəftəri belə olsa, alın və imkan yaradın, pulunu o versin ki, kitabın onun olduğunu mənimsəsin.
Elm həqiqəti öyrənir, həyatın qanunauyğunluq-larını, təbiətin sirlərini bir-birinin ardınca kəşf edir. Elmlə məşğul olmaq isə gözəlliyin sorağında gəzmək, onu kəşf etmək deməkdir. Çünki həqiqətən gözəllikdən, gözəllik isə həqiqətdən ayrı deyildir. Gözəlik duyğusu varlığın inikası, mövcud həqiqətin idrakıdır. İnsan bütün varlığı ilə gözəlliyə can atır və deməli, həqiqi gözəlliyi duymaq, dərk etmək üçün elm öyrənmək vacibdir. Elm həm də dünyagörüşüdür, insanı yüksəldən mənəvi ucalıqdır. İnsan yalnız elmi bacarığı ilə başqalarından fərqlənə, onlara nisbətən üstün mövqeyə malik ola bilər.
Hələ XII əsrdə dahi şairimiz N.Gəncəvi elmin insan həyatındakı əhəmiyyətini, onun yaradıcı rolunu düzgün qiymətləndirmiş, öz əsərlərində bir sıra elmi məsələlərə toxunmuşdur. Şairin fikrincə, adamlar elmin gücü ilə qələbə çalıb müvəffəqiyyət qazana bilərlər. Nizami elmə, elm adamına olan yüksək münasibətini öz qəhrəmanı İsgəndərin dili ilə belə verir:
O böyük, ağıllı, ayıq hökmdar.
Öz şahlıq taxtında tutarkən qərar,
Əmr etdi, verildi belə bir fərman:
“Alimdir gözümdə ən əziz insan
Elmlə, hünərlə! Başqa cür heç kəs
Kitab qurdları beynin də mütləq məşqə ehtiyacı olduğunu yaxşı anlayırlar. Gümrah qalmaq üçün idman etmək lazım olduğu kimi, hər gün kitab oxumaq da beyni gümrah tutur. Hətta uğur qazanan insanlar beyinlərini gündəlik məşqlər də müəyyən edirlər. Bunlara müxtəlif məntiq oyunları, bilməcələr, şahmat və s. daxildir. Çətinliklərin öhdəsindən gəlməklə beyinlərinin gücünü və potesialını birə-beş artırırlar.
Zamanlarını öyrənməklə keçirən insanlar yüksəlməkdə çətinlik çəkmirlər. Əllərinə hər kitab aldıqlarında tək məqsədləri onu tamamlamaq deyil, həmin kitabdan yeni bir şey öyrənməkdir. Bu öyrəndikləri isə həyatları boyu müxtəlif situasiyalarda onların köməyinə gəlir.
AYNUR TURAN
Gundelik.az

