Gundelik.az Xəbərlər ⁠Ailə, qadın və uşaq Məktəbəqədər yaşlı oxucuların mütaliəsinə rəhbərlik
⁠Ailə, qadın və uşaq Ədəbiyyat

Məktəbəqədər yaşlı oxucuların mütaliəsinə rəhbərlik

Xalqımızın mədəni inkişafında böyük rol oynayan mənbələrdən biri də uşaq kitabxanalarıdır. Uşaq kitabxanaları gənc nəslə mədəni xidmət göstərməyi, məktəbli oxucuların mütaliəsinə  düzgün rəhbərlik etməyi, onlarda vətənpərvərlik, cəsurluq, doğruculuq, ləyaqət və bu kimi gözəl hisslər tərbiyə etməyi qarşısına məqsəd qoymuşlar. Oxucu biliyinin zənginləşməsində maraq və mütaliə böyük rol oynayır. Gənc nəslin hərtərəfli inkişaf etməsi, mənəvi cəhətdən gözəl olması üçün məhz uşaq ədəbiyyatının mütaliəsi zəruridir. Kitabxanalar mədəniyyət ocağı kimi insanların illərlə yaratdıqları əsərləri, sənədləri toplayıb saxlayır və gələcək nəsillərə ötürür.
Tarixi yaşadan, nəsilləri bir-birinə qovuşduran kitablardır və kitab mütaliəsi insanın şəxsiyyət kimi formalaşmasında, onun əqli, zehni, əxlaqi və estetik zövqünün inkişafında əvəzsiz rol oynayır. Mütaliə oxucunun hərtərəfli inkişafına – onun mədəni səviyyəsinin və biliyinin
artmasına, söz ehtiyatının zənginləşməsinə kömək edir, onların fərdi marağını, zövqünü təmin
edir.
Mütaliə istiqamətləndirildiyi və ona lazımi rəhbərlik edildiyi zaman daha təsirli olur. Mütaliə ilə məşğul olan oxucunun dünyagörüşü genişlənir, onda insanlara, təbiətə, gözəlliyə qarşı hisslər
qüvvətlənir, ailə, dost, yoldaş, Vətən haqqında düzgün təəssürat yaranır, yeni həyata, yeni hiss və duyğulara qədəm qoyur. Mütaliə şüurunun formalaşması uşaqlıq dövründən başlayır. Ailə, bağça, məktəb, kitabxana uşağın mütaliə vərdişlərinə yiyələnməsində əhəmiyyətli rol oynayır.
Uşaq kitabxanalarında mütaliə sistemli və ardıcıl təşkil edilərək onların təfəkkür tərzinin formalaşmasına müsbət təsir göstərir. Müasir uşaq kitabxanalarında ənənəvi və texnoloji iş xüsusiyyətləri tətbiq edilir. Lakin uşaq mütaliəsinin təşkili ənənəvi metodlara daha çox söykənir.
Çünki, kitabxana işində yeni texnologiyadan formalaşmış təfəkkür istifadə edə bilir. Uşaq təfəkkürü isə tam formalaşmamış olur. Demək uşaq təfəkkürünün formalaşması üçün səmərəli mütaliənin təşkili daha vacibdir.
Son zamanlar cəmiyyətimizdə daha tez-tez məktəbəqədər yaşlı uşaqların uşaq kitabxanalarına geniş cəlb edilməsi və onların mütaliəsinə gündəlik rəhbərlik edilməsi haqqında sual qaldırırlar.
Kitabxanada mütaliə etmək uşağın nitqinin yaxşılaşmasına kömək edir, ona müşahidə etməyi və görməyi öyrədir, psixoloji olaraq onu məktəbə hazırlaşdırır, onda kitaba və biliyə məhəbbət yaradır. Bunların hamısının həyata keçməsi üçün hər şeydən əvvəl kitabxana 4-6 yaşlı məktəbəqədərki uşağı öz oxucusu etməlidir. Buna görə də uşaq bağçalarına gedən məktəbəqədər yaşlı uşaqları kitabxanaya kollektiv təşkil olunmuş şəkildə cəlb etmək olar. Bir cox uşaq kitabxanaları məktəbəqədər yaşlı uşaqları kitabxanaya ekskursiya təşkil edir. Ekskursiyada kitabxanaçılar uşaqlara kitabxanalar haqqında danışır, ən yaxşı uşaq kitablarını göstərir və qiraət
keçirirlər. Uşaqların kitabaxanalara cəlb etmək üçün kitabxanaçılar uşaq bağçalarının hazırlıq qruplarının valideyn yığıncaqlarında iştirak etməli, məktəbəqədər yaşlı uşaqların tərbiyəsində kitabın və mütaliənin əhəmiyyətindən, uşaqların kitabxanalara cəlb edilməsinin zəruriliyindən danışmalıdırlar. Uşaq bağçalarına getməyən məktəbəqədər yaşlı uşaqları kitabxanalara cəlb etmək daha da çətin olur. Əsasən bu uşaqlar xüsusi diqqət tələb edirlər. Belə ki, bu uşaqlar uşaq
bağçalarının verdiyi bilik və savadı evdə lazımi dərəcədə əldə edə bilmirlər. Ev şəraitində tərbiyə olunan uşaqların kitab oxuması cox vaxt təsadüfi olur. Onların oxuma dairəsinə heç də həmişə uşaq ədəbiyyatının qızıl fonduna daxil olmuş kitablar düşmür. 4-6 yaşlı, özü kitabxanaya sərbəst gedə bilməyən uşağı kitabxananın aktiv oxucusu etmək heç də asan deyil. Bunun üçün birinci növbədə valideynlərlə işləmək lazımdır. Kitabxanaçı valideynlərlə uşağın hərtərəfli inkişafı haqqında, oxumağın vacibliyi haqqında danışmalıdır. Valideynləri inandırmaq lazımdlr ki, uşaq bağçasına getməyən uşaqlar üçün xüsusən kitabxanaya yazılmaq vacibdir. Sübut etmək lazımdır ki, uşaqların maraq dairəsinə və zövqlərinə uyğun seçilmiş kitablar onları məktəbə hazırlamağa kömək edir.
Məktəbəqədər yaşlı uşaqları kitabxanaya cəlb etmək üçün ərazilərdə yerləşən uşaq bağçalarlından başqa, məktəblərlə əlaqə saxlamaq da kömək edər. Çünki uşaqların sayı haqqında məlumatı bu müəssisələr vasitəsilə əldə etmək olar və bundan sonra məktəbəqədər yaşlı oxucuların kitabxanaya üzvlüyünü artırmaq olar. Məktəbəqədər yaşlı uşaqlar ilə bu işi necə təşkil etmək olar? Onlar üçün hansı ədəbiyyatı seçmək lazımdır? Hansı iş metodlarından istifadə olunmalıdır?
Bu sualların hamısına cavab vermək üçün kitabxana işçiləri məktəbəqədər yaşlı uşaqların yaş xüsusiyyətlərini öyrənməlidirlər. Uşaqlarla iş metodu birinci növbədə yuxarıda qeyd etdiyimiz kimi balaca oxucunun yaş xüsusiyyətlərinə və onun inkişaf səviyyəsinə uyğun sеçilir.Yadda saxlamaq lazımdır ki, məktəbəqədər yaşda yüksək məlumat axınının dərk edilməsi baş vermir, bu yaşda bir sıra bacarıq və təcrübə əldə edilir. Uşаğın intensiv olaraq səriştəsi inkişaf edir, müəyyən mənəvi xüsusiyyətləri formalaşır, bir sıra xarakterik cizgiləri əldə edilir. Bu yaş dövründə uşaqlarda mənəvi anlayış formalaşır. Onlar artıq öz hərəkətlərini və yad adamların
hərəkətlərini qiymətləndirə bilir və onlara qarşı öz münasibətlərini bildirirlər. Məktəbəqədər yaşda olan uşaqlar üçün hissiyat böyük rol oynayır, ancaq bu yaşda olan uşaqlar hələ çox az təcrübəlidirlər. Dünya onlar üçün hələ anlaşılmazdır, lakin buna baxmayaraq eşitdikləri, gördükləri haqqında məlumat almaq və dərk etmək istəyirlər. Buradan da uşaqların böyüklərə “100 niyə” sualı meydana çıxır. Uşaqların sorğularını cavablandırmaq üçün onlarda kitab və kitabxanaya maraq oyatmaq lazımdır. Kitab uşağın düşüncə və hislərinə, nitq və davranışına təsir edir, yaxşı ilə pisi ayırmağı öyrədir. Bundan başqa kitablarda uşaqlar onlarla fəxr edə biləcək
qəhrəmanlarla rastlaşır. Emosiyanın gücü elə yüksək olur ki, uşaqlar öz sevimli qəhrəmanının rolunu oynamağa başlayır. Maraqlısı odur ki, balaca uşaqlar ən fantastik bədii yaradıcılığı dərk  edərək reallığı nağıldakı fərqdən yaxşı hiss edirlər. Kitabxanalarda məktəbəqədər yaşlı oxucularla ucadan oxu metodu ilə mütaliə etmək öz geniş əksini tapmışdır. Bu yaşda olan uşaqlara tələsmədən, emosional və anlayışlı oxumaq lazımdır. Ucadan oxuya, ən yaxşısı söhbətdən başlamaq lazımdır. Ancaq ucadan oxu 10-15 dəqiqə davam etsə yaxşı olar, əks halda balaca uşaqların diqqəti mövzudan tez yayınır. Ucadan oxuya kitabın müəllifindən və ya əsərin
janrından başlamaq olar. Sonra, nağılı oxumaq lazımdır.

Ucadan oxuya qulaq asan uşaqlar, tezliklə sərbəst oxumağı öyrənməyə can atırlar. Ancaq bu yaşda olan uşaqlar üçün oxumaq çox böyük əməkdir. Sərbəst oxuma zamanı uşaqlar bütünlüklə kitabı başa düşə bilmirlər, buna görə də kitabxanaçı ilə söhbət oxunulanları başa düşməkdə böyük rol oynadığı kimi, həm də onu emosional dərk etməyə də kömək edir. Ucadan oxudan sonra uşaqlara bu əsərdə ən çox xoşlarına gələni plastilinlə düzəltməyi və ya rəsmini çəkməyi təklif etmək olar. Çox vaxt öz düşüncə və hislərini sözlər ilə əks etdirə bilməyən uşaqlar rəsm və ya plastilinlə yapma vasitəsilə çox yaxşı çatdırırlar.
Balaca oxucular qarşısında kitabın bütün sərhədsiz imkanlarını açmaq lazımdır. Kitab onları quşların, heyvanların həyatı ilə tanış edə bilər, təbiətdə nə baş verir, insanlar necə yaşayır və necə işləyirlər, dünyada hansı ölkələr var və s. haqqında danışa bilər. Uşaqlar parlaq təəssüratları sevirlər, buna görə də məktəbəqədər yaşlı uşaqlar ilə işləyərkən “Barmaqcıq” və “Kukla” teatrından da istifadə etmək olar. Ancaq yadda saxlamaq lazımdır ki, kitabxanada göstərilən bütün tamaşalar kitab təbliğatı ilə əlaqəli olmalıdır: bu ya sevimli nağılın qiymətləndirilməsi, yeni kitab ilə tanışlıq, ya da “Tap görək biz hansı kitabdanıq” oyunu ilə.
Məktəbəqədər yaşlı uşaqlar üçün oyunlar böyük məna kəsb edir. Bu xüsusiyyəti nəzərə almaq lazımdır. Uşaqlar ilə kütləvi iş zamanı oyunlardan, viktorinalardan, tapmacalardan geniş istifadə etmək lazımdır.
Məktəbəqədər yaşlı uşaqlar ilə kitab haqqında söhbət də məsləhət görülür. Bu hələ müzakirə deyil. Sadəcə olaraq uşaqlar suallara cavab verir, oxunulanlar haqqında özlərinin nə anladıqlarını söyləyirlər. Belə söhbət uşaqların diqqətini cəlb edir, onların aktivliyini artırır.
Bu gün kitabxanada texniki vasitələrlə (İNTERNET siniflər, İNTERNET klublar, kompüter kitabxanaları) informasiya alınması uşaqlar üçün daha əlverişlidir. Sözsüz ki, kompüterlə gündəlik iş uşaqları xüsusi metodla informasiya almağa yönəldir. Kompüterdən istifadə yeni savad formasını tələb edir. Belə yeniləşmə mütaliəyə rəhbərlik edən kitabxana işçilərindən xüsusi tədqiqatlar aparılmasını və tövsiyələrin işlənməsini tələb edir. Bundan əlavə müasir
kitabxanalar kompüter, televizor, video və audio maqnitofonlarla, SD, DVD və kassetlərlə təmin olumuşdur. Qeyd etmək lazımdır ki, kompüterdən 7 yaşına qədər uşaqlar yalnız valideynlərinin razılığı ilə 15-20 dəqiqədən çox olmayaraq istifadə edə bilər. Yaxşı olar ki, balaca oxucularımız
kompüterdən hələlik nağıllara qulaq asmaq, cizgi filmlərinə tamaşa etmək, diqqət və təfəkkürü inkişaf etdirmək üçün mövcud olan oyunları oynamaq üçün istifadə etsinlər. Və kitabxanaçı bu avadanlıqlardan məharətlə istifadə etməli, onların marağına uyğun olan nağılları oxuculara
təqdim etməlidir. Balaca oxucular böyük heyranlıqla, razılıqla nağıllar əsasında çəkilmiş cizgi filmlərinə baxırlar. Ancaq uşaqlara cizgi filmi göstərməzdən əvvəl kitabxanaçı özü ona baxmalı, çətin sözləri aşkar etməli və fikirləşməlidir ki, uşaqları necə başa salmalı, hansı kadrlarda onların diqqətini saxlamalıdır. Daha sonra baxılan nağıldan sonra kitabxanaçı onlara suallarla müraciət edə bilər.
Uşaqlar üçün seçilmiş kitablar öz sadəliyi, parlaqlığı və dəqiqliyi ilə fərqlənməlidir. Bundan başqa uşaqların başa düşməsi üçün əlverişli mövzular götürmək lazımdır (uşaqların həyatından, təbiət haqqında, bayram günləri və s.).

Oxumağı bilməyən bir çox məktəbəqədər yaşlı uşaqlar üçün kitab sərgiləri təşkil etmək lazımdırmı? Belə fikirləşirik ki, lazımdır. Ancaq bununla məktəblilər üçün təşkil edilən sərgilərdən fərqli olaraq bir az başqa cür işləmək lazımdır. Kitabxanaçı sərginin başlığını oxuyur, uşağın diqqətini şəkillərə cəlb edir, sonra isə sərgidə nümayiş olunan kitabın təbliğinə keçir.
Uşaqlar üçün olan sərgini böyük həcmli kitablarla ağırlaşdırmaq olmaz. Başlıq qısa və sadə olmalı, böyük səlis şriftlə yazılmalıdır. Sərgidə ancaq tərtibatca gözəl nəşr olunmuş kitablar nümayiş olunmalıdır.
Məktəbəqədər yaşlı uşaqlar ilə işləyərkən oyuncaq- kitablardan da istifadə etmək olar. Hansı ki, “Oxu və oyna” sərgisinə yerləşdirmək olar. Uşaqlar böyük razılıqla bu qeyri-adi kitablara baxırlar və mətni oxumağa cəhd edirlər.
Kitabı məsləhət görmək üçün nağıl qəhrəmanlarının oyuncaqlarından da istifadə etmək olar. (Göyçək Fatma, Təpəgöz, Cırtdan, Tıq-tıq xanım, Buratino, doktor Aybolit, Çippolino və s.). Əvvəlcə tanış oyuncağı nəzərdən keçiririk, sonra isə nağılı ucadan oxumağa və ya həmin nağıl haqqında söhbətə başlayırıq. Uşaqlar üçün “Heyvanlar haqqında”, “Maşınlar haqqında”, “Uşaqlar haqqında” oyuncaq formasında kartoteka da düzəltmək olar.
Məktəbəqədər yaşlı oxucularla fərdi işlər də keçirmək lazımdır. Məsələn, uşağı kitabxanaya yazarkən kitabxanaçı birinci növbədə uşağın hərfləri tanıyıb-tanımadığını, oxuya bilib- blməməsini, evdə onun üçün kimin kitab oxumasını öyrənməlidir. Kitabı qaytaranda isə kitabı necə başa düşdüyü, xoşuna gəlib – gəlməməsi mütləq soruşulmalıdır. Məktəbəqədər yaşlı uşaqlar ilə xüsusilə xoş və nəzakətli danışmaq lazımdır. Çalışmaq lazımdır ki, onda kitaba və qiraətə qarşı məhəbbət, kitabxanaya daha tez-tez gəlmək marağı yaransın. Ilin sonunda isə kitabxanaçı il ərzində işlədiyi oxucularla oxunulan kitablar haqqında təhlil keçirməlidir. Belə təhlil kitabxanaçıya gələcəkdə işi düzgün qurmağa kömək edər, uşaqlarda daha böyük uğurla istifadə edilən kitab dairəsini meydana çıxarar, kütləvi işlərin effektliyini təyin edər və buraxılan səhvləri gələcəkdə nəzərə almağa kömək edər.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi Metodika
şöbəsinin müdiri Məmmədli Ruhiyyə

Exit mobile version