Sentyabrın 19-da Rusiyaya məxsus hərbi təyyarələrin Estoniyanın hava məkanını pozmasından sonra NATO Şurası səfirlər səviyyəsində təcili iclas keçirib.
Gundelik.az-ın məlumatına görə, müttəfiqlərin Avropadakı Ali Baş Komandanı (SACEUR) iclasdan sonra yaydığı açıqlamada bildirib ki, Rusiyaya məxsus üç silahlı MiQ-31 təyyarəsi Estoniyanın hava məkanına on dəqiqədən artıq daxil olub. Hadisədən sonra NATO təyyarələri havaya qalxaraq Rusiya təyyarələrini məcburən Estoniya hava məkanından çıxarıb.
Açıqlamada vurğulanıb ki, bu addım Rusiyanın “getdikcə daha məsuliyyətsiz davranışının bir hissəsi”dir. Qeyd olunub ki, NATO Şurası son iki həftədə artıq ikinci dəfə Alyansın Nizamnaməsinin 4-cü maddəsinə əsasən toplaşır.
Bəyanatda Finlandiya, Latviya, Litva, Norveç, eləcə də son zamanlar Türkiyə və Rumıniyanın da oxşar pozuntularla üzləşdiyi xatırladılıb və hava məkanı pozulan bütün müttəfiqlərə tam həmrəylik ifadə edilib.
NATO Rusiyanın bu “gərginləşdirici və təhlükəli” hərəkətlərinə görə tam məsuliyyət daşıdığını bildirib. Açıqlamaya görə, bu addımlar yanlış hesablamalara səbəb ola bilər və dərhal dayandırılmalıdır.
Müttəfiqlər qeyd ediblər ki, bundan sonra da NATO-nun cavabı güclü olacaq, xüsusilə hava hücumundan müdafiə sahəsində qarşısının alınması və müdafiə qabiliyyətinin artırılması istiqamətində addımlar atılacaq.
“Rusiyanın heç bir şübhəsi olmamalıdır ki, NATO və onun müttəfiqləri beynəlxalq hüquq çərçivəsində özünü müdafiə etmək və bütün istiqamətlərdən gələn təhdidlərin qarşısını almaq üçün bütün zəruri hərbi və qeyri-hərbi vasitələrdən istifadə edəcək”, – bəyanatda bildirilib.
Xatırladaq ki, sentyabrın 9-da Polşa, daha sonra isə Rumıniya Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının öz hava məkanını pozduğunu açıqlamışdı. Sentyabrın 19-da isə Estoniya hava məkanının pozulması faktı qeydə alındı və NATO tərəfindən qarşı tədbir görüldü.
Gundelik.az

