Ay səthində daimi fəaliyyət göstərməyi hədəfləyən NASA özəl kosmik şirkətlərin maliyyələşdirilməsinə dair daha bir addım atıb. Qurum 2028-ci ilin sonlarında Ay səthinə elmi avadanlıqlar daşıyacaq pilotsuz eniş aparatlarının hazırlanması üçün özəl şirkətlərlə ümumi dəyəri təxminən 600 milyon ABŞ dolları olan yeni müqavilələr bağladığını açıqlayıb.
NASA qarşıdakı yeddi il ərzində Ay bazası layihəsinə ümumilikdə 20 milyard dollar xərcləməyi planlaşdırır. Agentlik ötən ay da proqramın ilk pilotsuz missiyalarının həyata keçirilməsi üçün təxminən 1 milyard dollarlıq maliyyə paketi ayırmışdı.
Son qərarlar NASA-nın kommersiya tərəfdaşları ilə əməkdaşlığa əsaslanaraq, müəyyən olunmuş qrafik çərçivəsində Ayda uzunmüddətli və davamlı mövcudluq yaratmaq niyyətində olduğunu göstərir.
Üç şirkətə iri həcmli maliyyə ayrıldı
NASA-nın yeni Ay eniş aparatları üzrə müqavilələrini Pensilvaniya ştatında yerləşən Astrobotic, Texas ştatında fəaliyyət göstərən Firefly Aerospace və Intuitive Machines şirkətləri qazanıblar.
Müqaviləyə əsasən, Firefly Aerospace şirkətinə 144,2 milyon dollar, Intuitive Machines şirkətinə isə 148,3 milyon dollar ayrılıb.
2028-ci il missiyaları üçün əlavə iki eniş aparatının hazırlanmasına seçilən Astrobotic isə 297,9 milyon dollar dəyərində yeni müqavilə əldə edib. Bununla da NASA-nın son altı ildə şirkətə Ay proqramları çərçivəsində ayırdığı ümumi vəsait 600 milyon dolları ötüb.
Məlumata görə, şirkətlər tamamilə yeni eniş aparatları hazırlamırlar. Onlar əvvəllər kosmosa göndərilmiş və sınaqdan çıxmış aparatların təkmilləşdirilmiş versiyaları üzərində işləyirlər.
Mars robotu Ay missiyasında istifadə oluna bilər
NASA-nın rəhbəri Jared Ayzekman bildirib ki, agentliyin Kaliforniyadakı Reaktiv Hərəkət Laboratoriyasında yerləşən “Promise” adlı Mars tədqiqat robotunun sınaq modeli yenidən qurularaq Ayın cənub qütbünə göndərilə bilər.
Onun sözlərinə görə, tamamilə yeni aparat hazırlamaq əvəzinə, mövcud robota fərqli elmi cihazlar quraşdırmaqla daha qısa müddətdə nəticə əldə etmək mümkündür.
Ayzekman həmçinin qeyd edib ki, Jeff Bezosun sahibi olduğu Blue Origin şirkətinin ötən ay mühərrik sınağı zamanı baş verən raket partlayışı səbəbindən bu il planlaşdırılan pilotsuz Ay missiyasının böyük ehtimalla gələn ilə təxirə salınacağı gözlənilir.
NASA-nın Ay Bazası Proqramının rəhbəri Karlos Qarsiya-Qalan isə bildirib ki, Astrobotic şirkətinin hazırladığı eniş aparatının bu il ərzində uçuş həyata keçirməsi ehtimalı hələ də qalır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

