Sürətli arıqlamaq üçün tətbiq olunan həddindən artıq məhdudlaşdırıcı pəhrizlər əks təsir göstərə bilər. Mütəxəssislərə görə, qalıcı çəki itkisi aclıqla deyil, balanslı və davamlı qidalanma ilə mümkündür.
Diyetoloq Banu Doğanlar bildirir ki, cəmiyyətdə yayılmış “ac qalmadan arıqlamaq olmaz” düşüncəsi yanlışdır. Sağlam şəkildə arıqlamaq üçün bədənin ehtiyacından bir qədər az kalori qəbul etmək kifayətdir. Bu cür nəzarətli kalori çatışmazlığı həm davamlı, həm də sağlam nəticə verir.
Uzun müddət ac qalmaq və çox aşağı kalorili qidalanmaq maddələr mübadiləsini zəiflədir. Bu isə sonradan şirniyyat istəyi və nəzarətsiz yemək tutmalarına səbəb ola bilər. Bədən özünü qoruma rejiminə keçir və enerji sərfiyyatını azaldır, nəticədə arıqlamaq daha da çətinləşir.
Gündəlik həyatda diqqətdən qaçan bəzi vərdişlər də prosesi ləngidir. Məsələn, çay və ya qəhvə ilə birlikdə yeyilən kiçik qəlyanaltılar, az su içmək, hərəkətsizlik və porsiya nəzarətinin olmaması.
Tez-tez acmaq isə adətən yanlış qidalanmadan qaynaqlanır. Protein və lif baxımından kasad, rafinə olunmuş karbohidratlarla zəngin qidalar qan şəkərində dalğalanmalara səbəb olur. Bundan əlavə, yemək buraxmaq, stress, yuxusuzluq və insulinə qarşı müqavimət də aclıq hissini artırır.
Çox aşağı kalorili pəhrizlər qısa müddətdə çəki azaltsa da, uzun müddətdə təsirini itirir və “çəki dirənci” deyilən vəziyyət yarana bilər. Bu zaman insan az yeməsinə baxmayaraq arıqlamır, eyni zamanda yorğunluq, üşümə və həzm problemləri yaşayır.
Sağlam arıqlama üçün balans əsas şərtdir. Hər öğündə protein, lif və sağlam yağlar olmalıdır. Tərəvəzlər, tam taxıllar və keyfiyyətli protein mənbələri xüsusi əhəmiyyət daşıyır. Gündə ən azı 1,5 litr su içmək də vacibdir.
Mütəxəssislər vurğulayır ki, axşam saatlarında artan şirniyyat istəyi çox vaxt gün ərzində qeyri-kafi qidalanmanın nəticəsidir. Xüsusilə axşam yeməyində protein ağırlıqlı qidalanmaq gecə yemə istəyini azalda bilər.
Nəticə olaraq, davamlı və qalıcı arıqlama yalnız balanslı qidalanma, müntəzəm fiziki aktivlik, kifayət qədər yuxu və düzgün kalori balansı ilə mümkündür.
Mənbə: Haber Global
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

