Bildiyimiz kimi, Azərbaycanda mediasiya institutunun yaradılmasının əsas məqsədlərindən biri insanları məhkəmələrin təqdim etdiyi klassik “qalib-məğlub” yanaşmasından uzaqlaşdırmaq, tərəflər üçün daha yumşaq və optimal həll yolları təklif etmək üçün müvafiq şəraiti yaratmaqdır. Boşuna deyil ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci bəndində mediasiyanın məqsədi kimi “tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək” göstərilmişdir. Bu məqalə mediasiyada mübahisələrin həlli üsulları, onların üstün və zəif cəhətləri müzakirə olunacaqdır.
Açar sözlər: mediasiya, mübahisələrin məhkəmədənkənar həlli, konfliktologiya, şəxsiyyətlərarası mübahisələr, danışıqlar, könüllü razılıq, barışıq sazişi.
Öncə nəzərə almaq lazımdır ki, “mübahisə” özlüyündə əsrlər boyunca elmin maraqla araşdırdığı məsələlərdən biri olmuş və bu gün mövcud olan konfliktologiya elmi mübahisələrin yaranması, inkişafı və həllinin ümumi qanunauyğunluqlarını öyrənməklə məşğuldur. Bundan əlavə, konfliktologiya müxtəlif ali təhsil müəssisələrinə politologiya, beynəlxalq münasibətlər, sosiologiya və psixologiya kimi fakultələrin tələbələrinə tədris olunan elmlərdən biridir, bu isə mübahisə halının insan davranışının ayrılmaz tərkib hissəsi olduğuna və müəyyən peşə sahiblərinin bu halla qarşılaşdığı zaman düzgün davranış qaydalarına yiyələnməli olduğuna dəlalət edir.
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən sonra isə Azərbaycanda təsis edilmiş mediasiya institutu isə birbaşa olaraq mübahisələrin həllinə yönəlmişdir. Mediator kimi fəaliyyət göstərəcək şəxslərin qarşısına mübahisələrin könüllü və tərəflərin hər ikisinin razı qalacağı şəkildə həll edilməsi tapşırığı qoyulmuşdur.
Dosent Elman Yusifov digər konfliktoloqların əksəriyyəti ilə eyni fikirdə olaraq, özünün “Konfliktologiya” adlı kitabında danışıqlar yolu ilə həlli zamanı mübahisələrin bu formada
sonlandırıla bildiyini qeyd edir:
1. Konfliktin səngiməsi;
2. Başqa konfliktə keçmə;
3. Tərəflərdən birinin güzəştə getməsi;
4. Kompromis;
5. Əməkdaşlıq.
Konfliktin səngiməsi – müvəqqəti həldir, belə ki, tərəflər yorğunluq, qorxu və ya digər bu kimi səbəblərdən mübahisəni dayandırır. Mediasiya sessiyası zamanı bəzən belə hallarla rastlaşırıq ki, tərəflər hər hansı prosedurlardan çəkinir, qorxur və ya digər səbəblərdən mediasiyadan imtina edir və bu halda mövcud olan mübahisə həll edilməmiş qalır.
Başqa konfliktə keçmə – mediasiya sessiyası zamanı bəzən yeni, daha böyük bir ziddiyyət aşkar edilir və bu halda mediator ilkin mübahisəni həll etmək imkanından məhrum olur.
Gördüyümüz kimi bu iki nəticə mediatorun istəyindən asılı olmadan baş verir və bu hallarda mübahisə həll olunmadan qalır. Tərəflərdən birinin güzəştə getməsi – müxtəlif səbəblərdən baş verə bilir, məsələn, tərəfin biri digərindən daha güclü olduğu üçün digər tərəfi emosional, maddi və digər üsullarla əzərək özünün istədiyi şərtləri qəbul etməyə məcbur edir. Bu isə mediasiya üçün arzuedilməz haldır, belə ki, bu halda tərəfin biri tam qalib, digəri isə tam məğlub vəziyyətə düşür. Həmçinin, o məqamı da qeyd etmək lazımdır ki, mediatorun qərəzsizlik prinsipini pozaraq tərəfin birinə təzyiq etməsi və digər tərəfin istəkləri ilə razılaşmasını tələb etməsi tamamilə mediasiyanın prinsiplərinə zidd davranışdır və yolverilməzdir.
Kompromis – mübahisənin həll edilməsi naminə tərəflərin hər ikisinin öz tələblərinin bir hissəsindən vaz keçməsidir. Nümunə olaraq, “A” MMC “B” MMC-dən 10 000 manat borcun dərhal qaytarılmasını tələb edir, “B” MMC isə borcun yalnız 8000 hissəsini qəbul edir; kompromiss olaraq “B” MMC 10 000 manat məbləği bir il ərzində hissə-hissə “A” MMC-yə qaytarmağa razılaşır. Gördüyümüz kimi, “B” MMC borcun 2000 manatlıq hissəsini mübahisələndirməkdən çəkinərək o məbləği qəbul edir, “A” MMC isə özünün digər kreditorlar
qarşısında təxirəsalınmaz öhdəlikləri olduğu halda, borcun tam ödənilməsini bir il gözləməyə razı olur. Hazırda ölkədə bağlanılan barışıq sazişlərini incələsək, barışığın məhz kompromis nəticəsində bağlandığını görərik, bu halda mediatorun peşəkarlığı tərəflərin diqqətini güzəşt nəticəsində əldə edəcəkləri üstünlüklərə yönəltməkdən ibarətdir.
Əməkdaşlıq – həmçinin konsensus və ya “win-win” strategiyası adlandırılır. Bu halda uduzan tərəf olmur, mübahisə hər iki tərəfi tam qane edəcək şəkildə yekunlaşır. Mediator üçün bu, ən arzuolunan nəticə olsa da, eyni zamanda ən çətin hesab olunur, belə ki, mediatordan yüksək səriştə, təcrübə, insan sərraflığı, gizli məqsədləri görmə bacarığı və danışıqları düzgün şəkildə aparmaq bacarığı tələb edir. Nümunə olaraq, Aysel oğlunun saxlanılması üçün Orxandanayda 1000 manat aliment tələb edir, Orxan isə aliment verməkdən imtina edir. Bu halda mediator kompromis əldə etmək istəyərsə, Orxanı alimentin minimal məbləğini ödəməyə (“İş məhkəməyə getsə, onsuz da məcburən kəsəcəklər”), Ayseli isə daha az məbləğə qane olmağa razı sala bilər (“Adamın rəsmi gəliri yoxdur, buna şükür elə”). Konsensus əldə etmək üçün isə mediator hər iki tərəflə ayrı -ayrılıqda danışmalı, Ayseldən niyə məhz bu məbləği tələb etməyini öyrənməli (uşağın məktəbi və hazırlıqları, yoxsa onu tərk etmiş Orxanı cəzalandırmaq istəyi), Orxandan aliment ödəmək istəməməyinin səbəblərini soruşmalı (aliment ödəmək imkanının olmaması, yoxsa bu pulun uşağa xərclənməyəcəyi qorxusu). Son nəticə olaraq mediator tərəfləri inandırmalıdır ki, bir-birilərinə olan neqativ hisslərə görə uşağın əziyyət çəkməsi düzgün deyildir. Konsensus olaraq Orxan hər ay 500 manatı şəxsən özü oğlunun məktəb və hazırlıqların bank hesablarına, 500 manatı isə oğlunun adına açılmış bank hesabına köçürməyə razılıq verir. Gördüyümüz kimi, çətin də olsa, mediator bu halda kompromis halından daha böyük uğur əldə etmiş olur.
Və sonda onu qeyd etmək istəyirəm ki, hər bir mediator özünün yox, tərəflərin istəklərinə fokuslanmalı, bu sahədə təcrübə yığdıqca, mediasiya sessiyalarını konsensusla bitirməyə çalışmalıdır.

Fəridə Salahova,
Mediator
Gundelik.az