Azərbaycanın siyasi nüfuzu regional və beynəlxalq siyasi dairələrdə sürətlə artmaqda davam edir. Bu, təbii olaraq çox sevindirici haldır və dövlətimizin beynəlxalq mövqeyinin sürətlə möhkəmlənməsini göstərir. Lakin unutmaq olmaz ki, siyasi uğurların davamlı və möhkəm olması üçün arxasında güclü iqtisadi baza dayanmalıdır. İqtisadi sahədə əldə olunan nailiyyətlər siyasi uğurlarımızın təsir gücünü artırır və ölkəmizin dayanıqlı inkişafını təmin edir.
Bu baxımdan, “Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycana verdiyi reytinq artımı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının suveren kredit reytinqinin Ba1-dən Baa3 səviyyəsinə yüksəldilməsi ölkəmizin makroiqtisadi sabitliyinin, maliyyə ehtiyatlarının və borc idarəçiliyinin effektiv olduğunu bir daha təsdiqləyir. Baa3 reytinqi artıq “investisiya səviyyəsi” olaraq qəbul edilir ki, bu da beynəlxalq investorlar üçün ölkəmizin risklərin aşağı olduğu, stabil iqtisadi mühitə malik olduğunu göstərir.
Bu yüksəlişin praktiki nəticələri böyükdür: dövlət və özəl sektor şirkətləri xarici bazarlardan daha aşağı faizlə kredit cəlb edə biləcək, bu isə infrastruktur, enerji və sənaye layihələrinin maliyyələşməsini asanlaşdıracaq. “Moody’s”in qərarında neft-qaz gəlirlərinin düzgün idarə olunması, aşağı dövlət borcu, kifayət qədər valyuta ehtiyatları və iqtisadi struktur islahatlarının rolu xüsusi qeyd olunur. Son illərdə ölkəmiz bu istiqamətlərdə əhəmiyyətli addımlar atıb və nəticədə beynəlxalq səviyyədə etimad qazanıb. Bu, Azərbaycan üçün həm investorların inamının artması, həm də iqtisadi inkişafın daha sürətlə davam etməsi üçün möhkəm zəmin deməkdir.
İqtisadçı Eldəniz Əmirov
Gundelik.az
