Gundelik.az Elm və təhsil Ədəbiyyat “Missiya” kitabı haqqında düşüncələr: Tarixi missiyanın mətnə çevrilmiş fəlsəfəsi
Elm və təhsil Ədəbiyyat

“Missiya” kitabı haqqında düşüncələr: Tarixi missiyanın mətnə çevrilmiş fəlsəfəsi

XX əsrin sonu və XXI əsrin əvvəlləri postsovet məkanında dövlət quruculuğu proseslərinin, siyasi transformasiyaların və milli liderlik fenomeninin
yenidən dəyərləndirildiyi mürəkkəb tarixi mərhələ kimi xarakterizə olunur. Bu proseslərin elmi təhlili zamanı Azərbaycanın dövlətçilik tarixində müstəsna rol oynamış Ümummilli Lider Heydər Əliyevin siyasi irsi xüsusi tədqiqat predmetinə çevrilmiş, onun fəaliyyətinə həsr olunan çoxsaylı elmi əsərlər meydana gəlmişdir.
Bu əsərlər sırasında görkəmli alim, bugünkü Azərbaycan dilçilik məktəbinin məhsuldar nümayəndələrindən biri olan filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Missiya” kitabı faktoloji zənginliyi, analitik yanaşması və tarixi hadisələri sistemli şəkildə təqdim etməsi ilə seçilir.
Professor Mahirə Hüseynova əsərdə yalnız faktları sadalamaqla kifayətlənmir, tarixi hadisələri siyasi, ictimai və mənəvi kontekstdə təhlil edərək Ulu Öndər Heydər Əliyevin dövlətçilik missiyasını bütöv şəkildə oxucuya təqdim  edir. Kitab sənədlərə, müsahibələrə, dövrün şahidlərinin fikirlərinə və beynəlxalq siyasi xadimlərin qiymətləndirmələrinə əsaslanmaqla Ümummilli Liderin fəaliyyətinin çoxşaxəli mənzərəsini yaradır.
Müasir dövlətçilik tarixinin öyrənilməsi yalnız siyasi hadisələrin xronoloji ardıcıllığını izləməklə məhdudlaşmır; həmin hadisələri formalaşdıran ideyaların, liderlik fəlsəfəsinin və tarixi qərarların mahiyyətini açan mənbələrin elmi təhlili xüsusi əhəmiyyət daşıyır. Məhz bu baxımdan tədqiqattçı alim Mahirə Hüseynovanın “Missiya”  əsəri təkcə Heydər Əliyevin həyat və siyasi fəaliyyətini təsvir edən növbəti bioqrafik nəşr deyil, onun dövlətçilik konsepsiyasını müxtəlif mənbələr və faktlar əsasında sistemləşdirən fundamental tədqiqat nümunəsi kimi diqqəti cəlb edir. Müəllif əsərdə şəxsiyyətin deyil, şəxsiyyət vasitəsilə bütöv bir dövlətçilik modelinin inkişaf trayektoriyasını araşdırmağa çalışır və bu yanaşma
kitabın elmi dəyərini əhəmiyyətli dərəcədə artırır.
Əsərin məzmun strukturu göstərir ki, professor Mahirə Hüseynova materialların təqdimatında ənənəvi ardıcıllıqla kifayətlənmir. Kitabın müxtəlif
bölmələri Ulu Öndər Heydər Əliyevin siyasi irsini ayrı-ayrı istiqamətlər üzrə sistemləşdirərək oxucuya onun fəaliyyətini bütöv strateji konsepsiya kimi
qavramağa imkan yaradır. Burada dövlət quruculuğu, milli ideologiyanın formalaşması, diplomatik fəaliyyət, beynəlxalq münasibətlər, ictimai-siyasi proseslər və liderlik fəlsəfəsi vahid məntiq daxilində təqdim edilir. Belə kompozisiya müəllifin mövzuya yalnız tarixi faktların toplusu kimi deyil, siyasi
düşüncə məktəbi prizmasından yanaşdığını nümayiş etdirir.
Kitabın mühüm üstünlüklərindən biri istifadə olunan mənbələrin çoxşaxəliliyidir. Müəllif yalnız arxiv sənədlərinə, rəsmi çıxışlara və tarixi faktlara
istinad etməklə kifayətlənmir, eyni zamanda müxtəlif dövlət başçılarının, beynəlxalq siyasi liderlərin və tanınmış ictimai xadimlərin Heydər Əliyev haqqında söylədikləri fikirləri də araşdırmanın tərkib hissəsinə çevirir. Əhməd Necdət Sezərin, Rəcəb Tayyib Ərdoğanın, II Elizabetin, Seyid Məhəmməd Hatəminin, Georgi Pırvanovun, İslam Kərimovun və digər siyasi liderlərin kitabda yer alan qiymətləndirmələri sadəcə sitatlar funksiyasını daşımır; onlar Heydər
Əliyev fenomeninin beynəlxalq siyasi yaddaşda necə qəbul edildiyini göstərən mühüm tarixi sənəd xarakteri daşıyır. Bu yanaşma əsərin faktoloji əsaslarını gücləndirməklə yanaşı, müəllifin təqdim etdiyi konsepsiyanın beynəlxalq siyasi
müstəvidə də təsdiq olunduğunu nümayiş etdirir. Professor Mahirə Hüseynova Ümummilli Lider Heydər Əliyevi yalnız müəyyən dövrün siyasi lideri kimi təqdim etmir. Müəllif onun fəaliyyətini dövlətçilik təfəkkürünün davamlı inkişaf modeli kimi qiymətləndirir. Əsərdə aydın görünür ki, Heydər Əliyevin qəbul etdiyi qərarlar konkret siyasi situasiyaların həlli ilə məhdudlaşmır, gələcək dövlət institutlarının formalaşmasına hesablanmış uzunmüddətli strateji baxışın nəticəsi kimi təqdim olunur. Bu baxımdan kitab liderlik anlayışını idarəçilik bacarığından daha geniş məzmunda – tarixi
məsuliyyət, milli maraqların qorunması və dövlətin gələcəyini proqnozlaşdırmaq qabiliyyəti kimi izah edir və “Missiya” məvhumu öz semantik tutumunda fərdi siyasi fəaliyyət çərçivəsini aşaraq dövlətçilik fəlsəfəsinin, strateji təfəkkürün və
milli inkişaf idealının konseptual ifadəsi kimi təqdim olunur. Əsərin xüsusi diqqət çəkən hissələrindən biri Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı sənədlərin və müraciətlərin təqdimatıdır. Professor Mahirə Hüseynova həmin materialları sadəcə tarixi fakt kimi vermir; onların meydana çıxdığı ictimai-siyasi şəraiti təhlil edir və göstərir ki, həmin dövrdə cəmiyyətin müxtəlif təbəqələrinin Heydər Əliyevə müraciəti fərdi siyasi təşəbbüs deyil, dövlət idarəçiliyində yaranmış böhranın aradan qaldırılması üçün milli ehtiyacın ifadəsidir. Kitabda yer alan müraciət mətnlərinin analizi göstərir ki, müəllif onları emosional ritorika kimi deyil, dövrün siyasi psixologiyasını və ictimai gözləntilərini əks etdirən sənədlər kimi qiymətləndirir. Bu isə əsərə siyasi sosiologiya baxımından da ayrıca elmi çəki qazandırır.
Əsərdə diqqətimizi cəlb edən mühüm məqamlardan biri də Ümummilli Lider Heydər Əliyevin tanınmış rusiyalı jurnalist Andrey Karaulovla müsahibəsinin təqdim olunmasıdır. Müəllif bu müsahibəni təsadüfi seçilmiş publisistik material kimi deyil, Heydər Əliyevin siyasi dünyagörüşünü, dövlətçilik fəlsəfəsini və strateji təfəkkürünü əks etdirən qiymətli tarixi mənbə kimi əsərin məntiqi strukturuna daxil etmişdir. Müsahibə boyu Heydər Əliyevin diqqəti cari siyasi hadisələrin təsvirindən daha çox, Azərbaycanın gələcək inkişaf modelinə, dövlət müstəqilliyinin dönməz xarakter almasına və milli maraqların beynəlxalq münasibətlər sistemində etibarlı şəkildə qorunmasına yönəlir. Onun fikirlərində xüsusi diqqət çəkən cəhət gələcəyi yalnız arzu edilən perspektiv kimi deyil, əvvəlcədən hesablanmış siyasi strategiyanın məntiqi nəticəsi kimi təqdim etməsidir. Ulu Öndər Heydər Əliyev Azərbaycanın geosiyasi mövqeyini, enerji resurslarının beynəlxalq əməkdaşlıq üçün yaratdığı imkanları və milli dövlətçilik ideyasının cəmiyyətin bütün təbəqələrində möhkəmləndirilməsinin vacibliyini elə bir uzaqgörənliklə şərh edir ki, sonrakı illərdə ölkənin keçdiyi inkişaf yolu həmin fikirlərin təsadüfi mülahizə deyil, dərin siyasi analizin məhsulu olduğunu təsdiqləyir. Professor bu müsahibəni mətnə daxil etməklə oxucuya yalnız Heydər Əliyevin cavablarını təqdim etmir, həm də onun hadisələrə münasibətində hiss olunan siyasi təmkinin, analitik düşüncə tərzinin və dövlət rəhbərinə xas məsuliyyət hissinin mahiyyətini anlamaq imkanı yaradır. Müsahibədən aydın görünür ki, Heydər Əliyev üçün dövlət idarəçiliyi mövcud problemlərə operativ reaksiya verməkdən daha çox, gələcək onilliklərin siyasi, iqtisadi və geosiyasi reallıqlarını əvvəlcədən görərək milli inkişafın dayanıqlı istiqamətlərini müəyyənləşdirmək sənətidir. Məhz bu xüsusiyyət onun liderlik modelini klassik siyasi idarəetmə çərçivəsindən çıxararaq strateji dövlətçilik məktəbi səviyyəsinə yüksəldir. Araşdırmada diqqət çəkən mühüm cəhətlərdən biri Heydər Əliyevin siyasi irsinin beynəlxalq münasibətlər sistemi daxilində şərh edilməsidir. Müəllif Azərbaycanın xarici siyasət kursunu yalnız diplomatik əlaqələrin inkişafı ilə məhdudlaşdırmır, onu regional sabitliyin və geosiyasi balansın mühüm elementi kimi təqdim edir. Kitab boyunca göstərilir ki, Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə, regional əməkdaşlığın genişlənməsinə və ölkənin etibarlı tərəfdaş kimi qəbul
olunmasına xidmət etmişdir. Bu yanaşma əsərin beynəlxalq münasibətlər nəzəriyyəsi baxımından da əhəmiyyətini artırır.
Əsərin fəlsəfi qatında isə daha dərin bir fikir dayanır: tarix yalnız hadisələrin ardıcıllığı deyil, məsuliyyət daşıyan şəxsiyyətlərin iradəsi ilə formalaşan mənəvi  məkandır. Professor Mahirə Hüseynova bu ideyanı birbaşa bəyan etmir; o, faktların məntiqi düzümü vasitəsilə oxucunu həmin nəticəyə gətirib çıxarır. Müəllif göstərir ki, dövlətçilik yalnız hüquqi institutların və inzibati mexanizmlərin məcmusu deyil, milli yaddaşın, siyasi mədəniyyətin və tarixi məsuliyyət hissinin sintezidir. Məhz buna görə kitabın adı olan “Missiya” simvolik məna qazanır: burada missiya konkret siyasi fəaliyyət deyil, dövlətin tarix qarşısında daşıdığı davamlı məsuliyyət kimi dərk edilir.
Ən mühüm cəhətlərdən biri isə odur ki, “Missiya” Heydər Əliyev haqqında yazılmış əsərlər sırasında yalnız xatirə xarakterli nəşr kimi deyil, siyasi irsin konseptual interpretasiyasını təqdim edən sistemli elmi araşdırmadır. Professor Mahirə Hüseynova müxtəlif tarixi faktları bir-birindən asılı olmayan epizodlar kimi deyil, vahid dövlətçilik fəlsəfəsinin tərkib hissələri kimi əlaqələndirməyi bacarır. Nəticədə oxucu yalnız bir siyasi liderin həyat yolunu deyil, müstəqil Azərbaycanın formalaşmasının ideoloji, institusional və geosiyasi əsaslarını izləmək imkanı əldə edir.
Bu xüsusiyyətlərinə görə “Missiya” yalnız Ümummilli Lider Heydər Əliyev irsini öyrənənlər üçün deyil, ümumilikdə Azərbaycan dövlətçilik tarixinin, siyasi liderlik institutunun və milli inkişaf strategiyasının elmi tədqiqi ilə məşğul olan araşdırmaçılar üçün də əhəmiyyətli elmi mənbə rolunu oynayacaqdır. Kitabın əsas üstünlüyü də məhz bundadır: kitab keçmişi sadəcə təsvir etmir, həmin keçmişin müasir dövlətçilik düşüncəsində hansı mənalar yaratdığını izah etməyə çalışır. Bu isə hər bir sanballı siyasi-tarixi əsərin əsas missiyası hesab olunur. Nəticə etibarilə, professor Mahirə Hüseynovanın “Missiya” əsəri Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş nəşrlər sırasında özünəməxsus elmi konsepsiyası, zəngin faktoloji bazası və sistemli təhlil üsulu ilə seçilən fundamental araşdırmadır. Müəllif tarixi hadisələri yalnız nəql etməklə kifayətlənmir, onların siyasi, hüquqi və fəlsəfi mahiyyətini açaraq Heydər Əliyevin dövlətçilik modelini milli inkişafın bütöv bir konsepsiyası kimi təqdim edir. Əsərin dəyəri həm də ondadır ki, burada tarixi sənədlər, arxiv materialları, müsahibələr və müxtəlif dövlət xadimlərinin qiymətləndirmələri vahid elmi məntiq çərçivəsində əlaqələndirilərək oxucuya obyektiv və sistemli təsəvvür formalaşdırılır.
Kitabın diqqətəlayiq xüsusiyyətlərindən biri də müəllifin hadisələrə yalnız tarixçi mövqeyindən deyil, dövlətçilik düşüncəsini dərindən mənimsəmiş
tədqiqatçı kimi yanaşmasıdır. Alim mürəkkəb siyasi prosesləri emosional mülahizələrdən uzaq, faktların daxili məntiqinə söykənərək şərh edir və bununla oxucunu hazır nəticələrlə deyil, düşünülmüş arqumentlərlə üz-üzə qoyur. Bu yanaşma əsərin elmi sanbalını artırmaqla yanaşı, onu müasir Azərbaycan siyasi fikir tarixinin öyrənilməsi üçün etibarlı mənbələrdən birinə çevirir.
“Missiya” bir həqiqəti də təsdiq edir ki, böyük şəxsiyyətlərin irsi yalnız keçmişi öyrənmək üçün deyil, gələcəyi daha düzgün dərk etmək üçün araşdırılır. Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, uzaqgörən siyasi qərarları və milli maraqlara əsaslanan strateji baxışı bu əsərdə təkcə tarixi yaddaşın elementi kimi deyil, müasir və gələcək nəsillər üçün siyasi təfəkkür nümunəsi kimi təqdim olunur. Məhz buna görə kitab bir dövrün salnaməsi olmaqla kifayətlənmir, dövlətçilik düşüncəsinin intellektual xəritəsinə çevrilir.
Görkəmli alim,  filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın elmi və ədəbi yaradıcılığı bu əsərdə də özünün səciyyəvi xüsusiyyətlərini qoruyur: dərin araşdırma mədəniyyəti, faktlara məsuliyyətli münasibət, analitik təfəkkür və milli dəyərlərə söykənən elmi obyektivlik. “Missiya” müəllifin çoxşaxəli yaradıcılığının mühüm nailiyyətlərindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyev irsinin sistemli tədqiqi istiqamətində Azərbaycan tarixşünaslığına və siyasi elminə verilmiş sanballı töhfədir.

t.ü.f.d., dos. Leyla Hüseynova
AMEA A.A.Bakıxanov ad. Tarix və Etnologiya
İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin
aparıcı elmi işçisi

Gundelik.az

Exit mobile version