İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Miqren və baş ağrıları qlobal ictimai sağlamlıq böhranına çevrilib

Miqren və digər baş ağrısı növlərinin dünya üzrə ən geniş yayılan və insanların gündəlik həyat fəaliyyətini məhdudlaşdıran sağlamlıq problemlərindən biri olduğu müəyyən edilib.

Avstraliyanın La Trobe Universiteti və Qərbi Sağlamlıq tibb qurumunun rəhbərliyi ilə aparılan, Cell Reports Medicine elmi jurnalında dərc olunan araşdırmada 1990–2021-ci illər ərzində dünyanın 204 ölkə və bölgəsində baş ağrılarının yayılma səviyyəsi Qlobal Xəstəlik Yükü (GBD) proqramının məlumatları əsasında təhlil olunub.

Araşdırmanın nəticələrinə görə, hazırda dünyada təxminən 2,8 milyard insan müxtəlif növ baş ağrılarından əziyyət çəkir.

Tədqiqatda vurğulanır ki, müasir həyat tərzi baş ağrılarının artmasında mühüm rol oynayır. Stress, az hərəkətli həyat tərzi, spirtli içkilər və kofein qəbulu, eləcə də keyfiyyətsiz yuxu baş ağrısını yaradan əsas amillər sırasındadır.

Araşdırmaya əsasən, xüsusilə 30–44 yaş arası qadınlar və yüksək gəlirli ölkələrdə yaşayan insanlar baş ağrısı ilə bağlı sağlamlıq problemlərindən daha çox təsirlənirlər.

Tədqiqatda həmçinin qeyd olunur ki, COVID-19 pandemiyası da bu sahədə əlavə çətinliklər yaradıb. Virusa yoluxduqdan və ya peyvənd olunduqdan sonra da bir çox insan baş ağrısından şikayət etməyə davam edib.

Araşdırmanın aparıcı müəllifi, professor Tissa Vijeratne bildirib ki, diaqnostika və müalicə sahəsində əldə olunan irəliləyişlərə baxmayaraq, risk amillərinin davam etməsi və insanların ixtisaslaşmış tibbi xidmətə məhdud çıxışı səbəbindən baş ağrısı pozğunluqlarının yaxın gələcəkdə qlobal miqyasda azalacağı gözlənilmir.

Professorun sözlərinə görə, baş ağrıları qlobal səhiyyə siyasətində prioritet məsələlərdən birinə çevrilməli, xəstələr üçün fərdi müalicə proqramları hazırlanmalı və bu sahəyə ayrılan səhiyyə investisiyaları artırılmalıdır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az