İyul 31, 2026
Baku
Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 31-də Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Midrand şəhərində Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib. Pan-Afrika Parlamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə Afrika ölkələrinin milli və regional parlamentlərinin sədrləri, beynəlxalq parlament təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Parlamentin spikeri tədbirdə nitq söyləyib. Çıxışında müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyalara, davam edən münaqişələrə, iqtisadi bərabərsizliyə və iqlim dəyişikliyinin yaratdığı çağırışlara toxunan Milli Məclisin sədri vurğulayıb ki, beynəlxalq təsisatlara etimadın getdikcə daha böyük təzyiqlərlə üzləşdiyi mövcud şəraitdə parlamentlər qlobal qərarqəbuletmə proseslərindən kənarda qala bilməzlər. Spiker bildirib ki, parlamentlər vətəndaşların səsini ifadə edir, milli reallıqları beynəlxalq müstəviyə daşıyır, siyasi öhdəliklərin qanunvericilikdə, habelə konkret praktiki fəaliyyətlərdə öz əksini tapmasına töhfə verirlər.
Parlamentlərin qlobal çağırışların həllində artan rolunu qeyd edən spiker, müasir dövrdə parlamentlərin yalnız milli qanunvericilik funksiyasını yerinə yetirən institutlarn deyil, həm də beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən mühüm aktorlar olduğunu bildirib. Bu gün burada ilk növbədə Azərbaycan parlamentini, eyni zamanda sədri olduğu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsini təmsil etdiyini deyən Sahibə
Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hazırda 70-dən çox ölkənin parlamentini, o cümlədən Afrikanın əksər dövlətlərinin qanunverici orqanlarını bir araya gətirən bu Şəbəkə birgə səylərlə parlamentlərarası əməkdaşlığın inkişafına mühüm töhfə verən nüfuzlu beynəlxalq parlament əməkdaşlığı platformasına çevrilib.
Parlament həmrəyliyinin mücərrəd prinsip deyil, müasir beynəlxalq münasibətlər sistemində praktiki zərurət olduğuna dair qəti inamını ifadə edən parlamentin spikeri, mürəkkəb çağırışlar fonunda çoxtərəfli əməkdaşlığın və parlament diplomatiyasının əhəmiyyətinə toxunub. Bu kontekstdə Pan-Afrika Parlamentinin önəmli roluna diqqəti çəkən Sahibə Qafarova qeyd edib ki, qurum Afrikanın birliyi, inkişafı və qlobal
mövqeyinin gücləndirilməsi baxışını parlament müstəvisində ifadə edir. Təşkilat həmçinin “Afrika Gündəliyi – 2063”-da təsbit olunmuş məqsədləri – öz xalqı tərəfindən idarə olunan, beynəlxalq ictimaiyyətdə layiq olduğu rolu həyata keçirən sülhsevər, çiçəklənən və inteqrasiya olunmuş Afrika ideyasının reallaşdırılmasına xidmət edir.
Azərbaycanın bu baxışa dərin hörmətlə yanaşdığını vurğulayan spiker qeyd edib ki, ölkəmiz Afrika dövlətləri ilə münasibətlərinə böyük önəm verir, bərabərlik və qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlığı dəstəkləyir.
Milli Məclisin sədri əlavə edib ki, Afrika bu gün dünyada yalnız say göstəriciləri ilə deyil, həm də öz ideyaları, prioritetləri və liderliyi ilə təmsil olunmalıdır. O vurğulayıb ki, Afrika artıq qlobal müzakirələrin sadəcə obyekti deyil, həmin müzakirələrin formalaşdırılmasına getdikcə daha çox töhfə verir. Bu baxımdan, Afrikanın artan rolunun beynəlxalq təsisatlarda, o cümlədən qlobal parlament institutlarında layiqincə əks
olunmasının vacibliyi qeyd olunub.

Çıxışında çoxtərəfli əməkdaşlığın və parlament diplomatiyasının inkişafperspektivlərinə də toxunan Milli Məclisin sədri, müxtəlif siyasi sistemləri və regionları bir araya gətirən mühüm qlobal parlament platforması kimi Parlamentlərarası İttifaqın (PAİ) xüsusi rolunu qeyd edib.
Sahibə Qafarova bildirib ki, həqiqi inklüzivlik bütün regionların yalnız beynəlxalq parlament platformalarında təmsil olunmasını deyil, həm də prioritetlərin müəyyənləşdirilməsi, ideyaların irəli sürülməsi və rəhbərliyin həyata keçirilməsi proseslərində bərabər iştirak imkanına malik olmasını nəzərdə tutur. O vurğulayıb ki, bu baxımdan PAİ ilə Pan-Afrika Parlamenti kimi regional parlament təşkilatları arasında
əməkdaşlığın daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Spiker qeyd edib ki, məhz belə bir əməkdaşlıq sayəsində PAİ regional parlament təşkilatlarının təcrübəsi və siyasi baxışlarından faydalana, Pan-Afrika Parlamenti isə PAİ-nin qlobal platformasından istifadə etməklə Afrikanın prioritetlərini beynəlxalq parlament gündəliyinə çıxara və qitənin parlament diplomatiyasındakı rolunu daha da
gücləndirmək imkanı əldə edə bilər. Onun sözlərinə görə, müasir dövrdə ehtiyac duyulan parlament çoxtərəfliliyi daha geniş təmsilçiliyə, daha sıx əlaqələndirilmiş əməkdaşlığa və bütün regionların reallıqlarına daha həssas yanaşmaya əsaslanmalıdır.
Çıxışının sonunda Milli Məclisin sədri Sahibə Qafarova Pan-Afrika Parlamenti, eləcə də Afrika ölkələrinin parlamentləri ilə həmrəy olduğunu ifadə edərək, beynəlxalq münasibətlər sistemində Afrikanın daha güclü səsə və daha fəal rola malik olmasınınvacibliyini vurğulayıb.

         

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Gundelik.az