Oktyabr 6, 2026
Baku
Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının koordinasiya iclasında iştirak edib

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Parlamentlərarası İttifaqın (PAİ) 153-cü Assambleyasında iştirak etmək üçün Tanzaniya Birləşmiş Respublikasının Aruşa şəhərində işgüzar səfərdədir. Səfər çərçivəsində Milli Məclisin sədri İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) koordinasiya iclasında iştirak edib.

İclasda çıxış edən spiker Sahibə Qafarova bu iclasın Azərbaycan Parlamentinin sədrliyi altında keçirildiyini qeyd edərək, bildirib ki, İƏTPİ Konfransının 20-ci sessiyası bu ilin iyununda Bakıda uğurla baş tutdu və parlamentimiz bu təşkilata sədrliyi qəbul etdi. Bu sədrlik Azərbaycanın İslam dünyasında həmrəyliyi və sıx əlaqələri gücləndirməyə sadiqliyini əks etdirir.
Milli Məclisin sədri İƏTPİ-nin 20-ci Konfransının Prezidenti kimi, birlikdə görülən işləri yüksək dəyərləndirərək diqqətə çatdırıb ki, bu təşkilat fərqli milli təcrübə və perspektivlərə malik parlamentləri bir araya gətirir və onların hamısı dialoq, həmrəylik və parlament əməkdaşlığına sadiqdirlər. Bildirilib ki, Azərbaycan İƏTPİ sədrliyini qəbul edərkən sülh, ədalət, həmrəylik, tolerantlıq və insan ləyaqətini, həmçinin dayanıqlı və inklüziv inkişafı əsas götürüb.
Spiker Sahibə Qafarovanın sözlərinə görə, təcrübə göstərir ki, müxtəlif regionlardan olan və fərqli mövqelərə malik ölkələr məsləhətləşmə, qarşılıqlı hörmət və ortaq maraqlara diqqət yetirərək birlikdə işləyə bilərlər.
Milli Məclisin sədri qeyd edib ki, regional perspektivlər daha geniş beynəlxalq parlament dialoqunda daha güclü yer tutmalıdır. Ötən ay Nyu-Yorka son səfəri zamanı BMT yanında İƏT-ə üzv dövlətlərin daimi nümayəndələri ilə görüşdüyünü deyən Milli Məclisin sədri diqqətə çatdırıb ki, həmin görüşdə ölkələrimizin prioritetlərinin və perspektivlərinin beynəlxalq qərar qəbul etmədə daha yaxşı necə əks oluna biləcəyi müzakirə edildi.
İslam dünyasının böyük insan, mədəni və iqtisadi potensiala malik olduğunu vurğulayan spiker qeyd edib ki, cəmiyyətlərimizin bir çoxu münaqişə, məcburi köçkünlük, yoxsulluq, iqlim təzyiqləri, terrorizm, ekstremizm və islamofobiya ilə üzləşir.

Onun fikrincə, bu çağırışlar daha güclü praktiki əməkdaşlıq tələb edir. Parlamentlərimizin perspektivləri beynəlxalq institutlarda yalnız təmsil olunmamalı, həm də prioritetlərin və qərarların formalaşdırılmasına əsaslı töhfə verməlidir. Qeyd edək ki, tədbirdə digər çıxış edən təşkilata üzv ölkələrin parlament sədrləri və təmsilçiləri Milli Məclisin sədrliyi ilə təşkilatın fəaliyyətini yüksək qiymətləndiriblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Gundelik.az