İyul 8, 2026
Baku
Hüquq Müsahibə Xəbərlər

Mediasiya mübahisəni deyil, həlli önə çəkir

Müasir hüquq sistemində mübahisələrin alternativ həlli mexanizmləri getdikcə daha geniş tətbiq olunmaqdadır. Bu mexanizmlər arasında mediasiya çevikliyi, səmərəliliyi və tərəflərin maraqlarına uyğunluğu ilə xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə hüquqşünas mediatorların prosesdəki rolu, mediasiya ilə bağlı cəmiyyətdə formalaşmış yanlış təsəvvürlər və mediasiya sazişlərinin hüquqi etibarlılığı ictimai maraq doğuran əsas mövzulardandır.

Bu və digər məsələlərlə bağlı Gundelik.az xəbər portalının suallarını hüquqşünas-mediator Hümmət Əliyev cavablandırıb.

– Hüquqşünas olmaq mediasiya prosesində sizə hansı üstünlükləri verir?

Hüquqşünas təcrübəsi mediasiya prosesində mənə mühüm üstünlüklər qazandırır. İlk növbədə, tərəflər arasında yaranmış mübahisənin hüquqi mahiyyətini düzgün təhlil etmək, riskləri və mümkün nəticələri əvvəlcədən qiymətləndirmək imkanı yaradır. Bu isə mediasiya zamanı daha real, qanunvericiliyə uyğun və icrası mümkün olan razılaşmaların əldə edilməsinə şərait yaradır.

Eyni zamanda, hüquqşünas kimi tərəflərin hüquq və öhdəliklərini onlara sadə və anlaşılan dildə izah edə bilirəm. Bu da iştirakçıların prosesə daha inamla yanaşmasına, emosional deyil, rasional qərarlar verməsinə kömək edir. Mediasiyanın əsas məqsədi qalib müəyyən etmək deyil, hər iki tərəf üçün məqbul və davamlı həll yolu tapmaqdır. Hüquqi biliklər isə bu məqsədə daha qısa müddətdə və sağlam hüquqi əsaslarla çatmağa imkan verir.

– Mediasiya zamanı ən çox rast gəlinən hüquqi yanlış təsəvvürlər hansılardır?

Mediasiya ilə bağlı cəmiyyətdə bir sıra yanlış təsəvvürlər mövcuddur. Ən çox rast gəlinən fikirlərdən biri mediasiyanın məhkəməyə alternativ deyil, sadəcə formal prosedur kimi qəbul edilməsidir. Halbuki mediasiya könüllülük, tərəflərin razılığı və qarşılıqlı anlaşma prinsipləri üzərində qurulan, hüquqi qüvvəyə malik razılaşma ilə nəticələnən effektiv mexanizmdir.

Digər yanlış təsəvvür mediatorun qərar verən və ya tərəflərdən birinin maraqlarını müdafiə edən şəxs olmasıdır. Əslində isə mediator tam neytral mövqedə dayanır və onun əsas vəzifəsi tərəflər arasında ünsiyyəti qurmaq, ortaq və məqbul həll yolunun tapılmasına şərait yaratmaqdır.

Bəzən də mediasiya nəticəsində əldə olunan razılaşmanın icra olunmayacağı düşünülür. Halbuki qanunvericiliyə əsasən mediasiya sazişi könüllü icra sənədi olmaqla hüquqi qüvvəyə malikdir. Bu cür yanlış təsəvvürlərin aradan qaldırılması mediasiyanın daha geniş tətbiqinə və vətəndaşların bu instituta olan etimadının artmasına xidmət edir.

– Mediasiya müqavilələri hüquqi cəhətdən nə qədər etibarlıdır?

Mediasiya nəticəsində əldə olunan razılaşmalar hüquqi baxımdan tam etibarlıdır və qanunvericiliklə qorunur. Tərəflər mediasiya prosesində könüllü şəkildə razılığa gəldikdən sonra imzalanan mediasiya sazişi hüquqi qüvvəyə malik sənəd hesab olunur və tərəflərin üzərinə konkret hüquq və öhdəliklər qoyur.

Əgər mediasiya sazişi qanunvericiliyin tələblərinə uyğun tərtib olunubsa, onun icrası məcburidir. Razılaşma yerinə yetirilmədikdə, tərəf məhkəməyə müraciət edərək həmin sazişin icrasını tələb edə bilər. Bu fakt mediasiyanın sadəcə dialoq platforması deyil, real hüquqi nəticə doğuran mexanizm olduğunu sübut edir.

Praktikada da müşahidə olunur ki, mediasiya sazişləri məhkəmə qərarları ilə müqayisədə daha dayanıqlı olur. Çünki bu razılaşmalar tərəflərin öz iradəsi əsasında formalaşır və hər iki tərəfin maraqlarını balanslı şəkildə nəzərə alır. Məhz bu səbəbdən mediasiya həm hüquqi, həm də praktik baxımdan etibarlı və effektiv mübahisə həlli yolu kimi qiymətləndirilir.

Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az