Fransa Prezidenti Emmanuel Makron Avropanın Rusiyaya aydın siqnal göndərməli olduğunu bildirib. Onun sözlərinə görə, NATO hava məkanını pozan pilotsuz uçuş aparatları dərhal məhv edilə bilər.
Gundelik.az TASS-a istinadən xəbər verir ki, Makron bu fikirləri Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammitinin açılışında səsləndirib.
“Əminəm ki, aydın mesaj vermək vacibdir: hava məkanımızı pozan pilotsuz təyyarələr ciddi risk yaradır. Onlar məhv edilə bilər”, – Fransa prezidenti vurğulayıb.
Oktyabrın 1-də isə o, Almaniyanın Frankfurter Allgemeine Zeitung qəzetinə müsahibəsində qeyd edib ki, NATO ölkələri Rusiyanın yeni təxribatlarına cavab tədbirlərini gücləndirməlidir. Makron həmçinin Avropanın hərbi potensialının uzaqmənzilli raketlər və dron əleyhinə sistemlərlə artırılmasına çağırıb.
Fransa lideri Rusiyanın “müxtəlif hücumları” fonunda cavabın “cəld və qəti” olmasının vacibliyini xüsusi qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Polşa da sərhədini pozan hərbi təyyarələri vurmağa hazır olduğunu bəyan edib.
Gundelik.az

