Məşhur aktrisa Aslı Enver və həyat yoldaşı Berkin Gökbudak Türkiyədən ayrılır. Səhiyyə sektorundakı karyerası ilə əlaqədar Praqaya köçmək qərarı verən Gökbudak həyat yoldaşı və qızı ilə birlikdə Çexiyanın paytaxtında yaşamağa hazırlaşır. Gökbudak yeni vəzifəsinə başladıqdan sonra etdiyi paylaşımda köç prosesinin detalları barədə də məlumat verib.
Gundelik.az xəbər verir ki, aktrisa Aslı Enverin həyat yoldaşı Berkin Gökbudak iş həyatındakı yeni vəzifəsi ilə əlaqədar ailəsi ilə birlikdə Çexiyanın paytaxtı Praqaya köçəcəklərini açıqlayıb. Əczaçılıq sektorunda rəhbər vəzifədə çalışan Gökbudak iyul ayından etibarən Johnson & Johnson Innovative Medicine Czech Republic şirkətinin baş direktoru vəzifəsini icra edir.
“BİR GÜN BURA EVİMİZ OLA BİLƏR”
2022-ci ildə Aslı Enverlə evlənən Berkin Gökbudak Praqaya köçmək qərarını sosial media hesabında etdiyi paylaşım vasitəsilə açıqlayıb. Gökbudak təxminən üç il əvvəl həyat yoldaşı ilə birlikdə Praqanı ziyarət etdiklərini və həmin vaxt şəhərlə bağlı “Bir gün bura evimiz ola bilər” düşündüyünü bildirib.
O zaman bu fikrin arxasında hər hansı iş planının və ya konkret fürsətin olmadığını qeyd edən Gökbudak, ötən müddətdə şərtlərin dəyişdiyini və Praqanın artıq onların yeni həyatlarının mərkəzi olacağını açıqlayıb.
YENİ VƏZİFƏSİ PRAQADADIR
Gökbudakın Praqaya köçməsinin səbəbi isə iş həyatındakı yeni vəzifəsidir. Onun hazırkı LinkedIn profilində Johnson & Johnson Innovative Medicine Czech Republic şirkətinin baş direktoru kimi çalışdığı görünür. Gökbudak bu vəzifəni 2026-cı ilin iyul ayında tutub.
17 ildən çox əczaçılıq sektoru təcrübəsi olan Gökbudak karyerası ərzində müxtəlif ölkələrdə və regional vəzifələrdə çalışıb. Daha əvvəl Johnson & Johnson şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionunda kommersiya strategiyası sahəsində rəhbər vəzifələrdə çalışan Gökbudak, karyerasının əvvəlki mərhələlərində Bayer və Alliance Healthcare şirkətlərində də fəaliyyət göstərib.
ASLI ENVER VƏ QIZI DA PRAQAYA GEDƏCƏK
Gökbudak paylaşımında həyat yoldaşı Aslı Enver və qızı Elay ilə birlikdə Praqaya köçəcəklərini bildirib. Cütlüyün 2023-cü ildə dünyaya gələn qızlarının doğulmasından sonra ailə həyatlarını əsasən mediadan uzaq şəkildə davam etdirdikləri məlumdur.
Gökbudak qarşıdakı həftələrdə Praqaya tamamilə yerləşməyə hazırlaşdıqlarını bildirib. O, yeni vəzifəsində Çexiyadakı səhiyyə sistemi, pasiyentlər və səhiyyə mütəxəssislərinin ehtiyaclarına diqqət yetirəcəyini qeyd edib.
ENVERİN KARYERASI NECƏ DAVAM EDƏCƏK?
Ailənin Praqaya köçmək qərarından sonra diqqətlər Aslı Enverin aktyorluq karyerasına da yönəlib. Enverin fəaliyyətini Praqadan necə davam etdirəcəyi və Türkiyədəki layihələrinin bu köç qərarından necə təsirlənəcəyi isə hələlik məlum deyil.
Nurəddin Abdullayev
Gundelik.az

