İsveçrə Beynəlxalq İş Yeri Qrupu (IWG) tərəfindən hazırlanan reytinqə əsasən, uzaqdan işi asudə vaxtla birləşdirmək üçün ən əlverişli şəhər Tokio seçilib.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Hesabatda qeyd olunur ki, 2025-ci ildə Yaponiyanın paytaxtı yüksək internet sürəti, inkişaf etmiş nəqliyyat infrastrukturu, təhlükəsizlik, mədəni müxtəliflik və ölkənin xarici vətəndaşlara uzaqdan işləmək imkanı yaradan xüsusi vizaların tətbiqi sayəsində siyahıya başçılıq edib.
Tokionun dağlara, çimərliklərə və milli parklara yaxınlığı da əlavə üstünlük kimi göstərilib. Bu amil şəhər mühitində işləməyi üstün tutan, lakin eyni zamanda təbiətə çıxmaq imkanı axtaranlar üçün Tokioyu daha da cəlbedici edir.
IWG reytinqi hazırlayarkən mənzil və infrastruktur imkanları, ictimai nəqliyyatın inkişaf səviyyəsi, iqlim şəraiti, yerli mətbəxin zənginliyi və mədəni istirahət imkanlarını da nəzərə alıb. Bu il ilk dəfə olaraq, xaricilər üçün nəzərdə tutulan uzaqdan işləmə vizalarının mövcudluğu və dəyəri də qiymətləndirməyə daxil edilib.
Tokio ilə yanaşı, ilk onluqda Rio-de-Janeyro, Budapeşt, Seul, Barselona, Pekin, Lissabon, Roma, Paris və Valletta da yer alıb.
“International Workplace Group”un təsisçisi və baş direktoru Mark Dixon bildirib ki, hibrid iş rejiminin genişlənməsi və bulud texnologiyalarının inkişafı insanlara iş üçün ən uyğun məkan və vaxtı seçmək imkanı yaradıb:
“Bu tendensiya davam edəcək. Xüsusilə yay aylarında işçilərə çevik və uzaqdan işləmək imkanı vermək, onların iş-həyat balansını yaxşılaşdırmaqla yanaşı, tükənmənin qarşısını alır və məhsuldarlığı artırır”.
Gundelik.az

