Mədə ağrısı, yanma, köp, həzm pozğunluğu və uzun müddət davam edən reflü şikayətlərinin səbəbi hər zaman qidalanma vərdişləri olmur. Bəzi hallarda bu əlamətlərin arxasında mədənin turş mühitində illərlə yaşaya bilən Helicobacter pylori (H. pylori) bakteriyası dayanır. Bu bakteriya zamanla qastrit və mədə xorasının yaranmasına səbəb olur.
Qastroenterologiya üzrə mütəxəssis, dosent Halil Genç bildirib ki, uyğun xəstələrdə tətbiq olunan ürə nəfəs testi bakteriyanın aşkarlanması üçün ağrısız və invaziv müdaxilə tələb etməyən etibarlı diaqnostik üsullardan biridir.
Mədənin turş mühitində yaşaya bilən nadir bakteriyadır
Normalda mədə turşusu orqanizmə daxil olan əksər mikroorqanizmləri məhv edir. Lakin H. pylori ifraz etdiyi üreaza fermenti sayəsində ətrafında qoruyucu qələvi mühit yaradır və beləliklə mədənin turş şəraitində uzun illər yaşaya bilir. Vaxt keçdikcə mədənin selikli qişasına yerləşərək qastrit, xora və digər mədə problemlərinə səbəb olur.
Mütəxəssisin sözlərinə görə, bu bakteriya cəmiyyətdə geniş yayılsa da, onu daşıyan hər insanda əlamətlər müşahidə olunmur.
Endoskopiyasız diaqnoz mümkündür
Hazırda H. pylori infeksiyasının qiymətləndirilməsi üçün istifadə olunan üsullardan biri də ürə nəfəs testidir. Bu üsul endoskopiya, iynə və ya cərrahi müdaxilə tələb etmədən bakteriyanın aktiv olub-olmadığını müəyyən etməyə imkan verir.
Test necə aparılır?
Test zamanı xəstəyə tərkibində radioaktiv olmayan, xüsusi işarələnmiş karbon olan maye içirilir. Əgər mədədə H. pylori bakteriyası varsa, o, bu maddəni parçalayaraq işarələnmiş karbon qazı əmələ gətirir.
Bu qaz qan dövranına keçir və ağciyərlər vasitəsilə nəfəs zamanı xaric olur. Xəstənin verdiyi nəfəs nümunəsində karbonun miqdarı analiz edilərək bakteriyanın olub-olmaması müəyyən edilir.
Təxminən 30–45 dəqiqə çəkən ağrısız prosedur
Müayinə zamanı xəstə yalnız xüsusi torbalara nəfəs verir. İlk nəfəs nümunəsi götürülür, sonra xüsusi məhlul içilir, qısa gözləmə müddətindən sonra ikinci nəfəs nümunəsi alınır. Bütün proses təxminən 30–45 dəqiqə ərzində tamamlanır.
İstifadə olunan Karbon-13 təbii element olduğundan radiasiya riski yaratmır. Həkim nəzarəti altında uşaqlarda, hamilə və süd verən qadınlarda da tətbiq oluna bilər.
Dəqiq nəticə üçün bu qaydalara əməl edilməlidir
Testin etibarlı nəticə verməsi üçün aşağıdakı məqamlara diqqət yetirilməlidir:
Testdən əvvəl ən azı 4–6 saat, ideal olaraq 12 saat ac qalmaq lazımdır. Test səhəri su da daxil olmaqla heç nə qəbul edilməməli, saqqız çeynənməməlidir.
Antibiotiklər testdən ən azı 4–6 həftə, mədə turşusunu azaldan preparatlar və antasidlər isə ən azı 2 həftə əvvəl yalnız həkimin göstərişi ilə dayandırılmalıdır.
Testdən əvvəlki 3 saat ərzində siqaret çəkilməməli, müayinədən dərhal əvvəl dişlər fırçalanmamalı və qarqara edilməməlidir.
Müalicədən sonra da istifadə olunur
Test müsbət nəticə verərsə, qastroenteroloq bakteriyanın aradan qaldırılması üçün antibiotik və mədə qoruyucu preparatlardan ibarət fərdi müalicə planı hazırlayır.
Ürə nəfəs testi yalnız ilkin diaqnoz üçün deyil, müalicə başa çatdıqdan ən azı 4 həftə sonra bakteriyanın tam məhv olub-olmadığını yoxlamaq üçün də etibarlı üsul hesab olunur.
Uzunmüddətli mədə şikayətləri diqqətdən kənarda qalmamalıdır
Dosent Halil Genç vurğulayıb ki, mədə ağrısı, yanma, köp və həzm pozğunluğu kimi şikayətlərin müxtəlif səbəbləri olur. Buna görə də yalnız əlamətlərə əsasən diaqnoz qoymaq düzgün deyil. Hansı müayinənin və müalicənin uyğun olduğuna isə xəstənin ümumi vəziyyəti qiymətləndirildikdən sonra həkim qərar verməlidir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

