Fransanın Paris prokurorluğu Luvr Muzeyindən 102 milyon dollar dəyərində qiymətli daş-qaşın oğurlanması ilə bağlı yeni məlumat yayıb.
Gundelik.az xəbər verir ki, rəsmi açıqlamaya görə, hadisə mütəşəkkil cinayətkar dəstə tərəfindən deyil, “xırda oğrular” tərəfindən törədilib.
Paris prokuroru Laura Bekkua “franceinfo” radiosuna bildirib ki, bu hadisə “mütəşəkkil cinayətkarlığın yuxarı təbəqələri ilə əlaqəli cinayət növü deyil”: “Şübhəlilərin hamısının Parisin şimalındakı aztəminatlı Sen-Sen-Deni rayonunda yaşadığı müəyyən edilib”, – deyə prokuror qeyd edib.
Hadisə iki həftə əvvəl bazar günü səhər saatlarında baş verib. Oğrular yük liftindən istifadə edərək muzeyin ikinci mərtəbəsinə qalxıb, pəncərələri sındırıb, spiral dəyirmanla vitrinləri açıb və cəmi 7 dəqiqə ərzində motosikletlərlə hadisə yerindən uzaqlaşıblar.
Polis artıq üç şübhəlini saxlayıb. Onlardan biri 34 yaşlı Əlcəzair vətəndaşı, digəri 39 yaşlı, əvvəllər ağır cinayətə görə məhkum olunmuş şəxs, üçüncüsü isə 37 yaşlı, cinayət keçmişi olan kişi və onun 38 yaşlı ortağıdır. Prokurorluğun məlumatına görə, dördüncü şübhəli hələ də azadlıqdadır.
Fransa mətbuatı yazır ki, oğrular peşəkar olmayıb. Qaçış zamanı İmperatoriçə Evgeniyə məxsus qızıl, zümrüd və brilyant tacı yerə düşüb, istifadə etdikləri alətlər avtomobildə unudulub, yük maşınını isə yandırmağa macal tapmadan tərk ediblər.
Rəsmilər hadisəni “Oceans Eleven” tipli peşəkar soyğunçuluq deyil, “yerli cinayətkarların tələsik və uğursuz cəhdi” kimi qiymətləndiriblər.
Gundelik.az

