İyul 8, 2026
Baku
Dünya Xəbərlər

London Marafonu 2027: Rekord iştirak üçün iki günlük xüsusi format tətbiq olunacaq

London Marafonu 2027-ci ildə xüsusi, bir dəfəlik formatda iki gün ərzində keçiriləcək. Təşkilatçılar bu addımı daha çox insanın yarışda iştirak edə bilməsi üçün planlaşdırıblar.

Təşkilatçılar əvvəlcədən bildirmişdilər ki, növbəti yarış üçün rekord sayda – 1,33 milyon nəfərin müraciət etməsi səbəbindən iştirak imkanlarını genişləndirmə yollarını araşdırırlar.

2027-ci ildə keçiriləcək bu iki günlük format 24 aprel şənbə və 25 aprel bazar günlərini əhatə edəcək və ümumilikdə 100 000 nəfərə qədər iştirakçıya marafonda qaçmaq imkanı yaradacaq. Bu, seçilmə şansını da xeyli artıracaq.

Bu dəyişiklik nəticəsində həm xeyriyyə məqsədləri üçün 150 milyon funt sterlinqdən çox vəsait toplanacağı, həm də Böyük Britaniya iqtisadiyyatına təxminən 400 milyon funt sterlinq həcmində iqtisadi fayda gətiriləcəyi gözlənilir. Bu məlumat London Marathon Events şirkətinin icraçı direktoru Hugh Brasher tərəfindən açıqlanıb.

Marafona müraciət edən hər kəs həm şənbə, həm də bazar günü üçün keçiriləcək lotereyaya daxil ediləcək və nəticələr iyul ayının əvvəlində elan olunacaq.

Brasher bu planı “indiyə qədər ən iddialı dəyişiklik” adlandıraraq bildirib ki, bu, marafonu və ümumilikdə şəhər miqyasında fiziki aktivliyi yenidən düşünmək üçün bir fürsətdir.

O əlavə edib ki, 100 000 iştirakçıya iki gün ərzində imkan yaratmaqla daha çox insanın, xeyriyyə təşkilatlarının və icmaların bu böyük tədbirdə iştirakına şərait yaradılır. Onun sözlərinə görə, 150 milyon funtdan çox vəsaitin xeyriyyəyə yönəlməsi və iqtisadi faydanın 400 milyon funt sterlinqə çatması mümkündür.

London meri Sadiq Khan bildirib ki, London dünyanın idman paytaxtıdır və 2027-ci ildə bir il müddətinə London Marafonunun iki günlük formatda keçirilməsi çox sevindiricidir.

2027-ci il üçün ümumilikdə 1 338 544 nəfər müraciət edib və bu, 2026-cı il üçün olan 1 133 813 nəfərlik rekordun da üzərindədir.

London Marafonunun 2026-cı ildə 59 830 finişçisi olub və bu yarış dünyanın ən böyük illik xeyriyyə tədbiri kimi tanınır. İndiyə qədər iştirakçılar tərəfindən 90 milyon funtdan çox vəsait toplanıb.

Bu ilki yarışda həm də idman tarixində mühüm hadisə baş verib: Keniyalı Sabastian Sawe rəqabətli yarışda iki saatdan aşağı marafon nəticəsi göstərən ilk atlet olub.

Brasher BBC Sport-a açıqlamasında bildirib ki, iki günlük format ideyası 2017-ci ildən bəri hazırlanır və 2020-ci ildə həyata keçirilməsi planlaşdırılsa da, icazə alınmadığı üçün baş tutmayıb.

Plan belədir ki, elit qadınlar, qadın əlil arabası idmançıları, “good for age” və digər qadın kateqoriyaları bir gün yarışacaq, kişilər və kişi əlil arabası idmançıları isə digər gün start götürəcək. Lakin bütün detallı format gələcək aylarda təsdiqlənəcək.

Bütün 100 000 iştirakçı hər iki gün üçün Greenwichdən Westminsterə qədər olan ənənəvi marşrutda qaçacaq.

Brasher əlavə edib ki, əvvəlcə bazar günü üçün lotereya keçiriləcək, daha sonra şənbə günü üçün ayrıca seçim aparılacaq.

Mini London Marafonu isə cümə günü keçiriləcək və 20 000-dən çox uşaq və gənc iştirak edəcək.

Təşkilatçılar bildirirlər ki, bu iki günlük formatdan əldə edilən əlavə gəlirlər London Marathon Foundation tərəfindən uşaqlar və gənclər üçün fiziki aktivliyi təşviq edən layihələrə yönləndiriləcək.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az