İyul 8, 2026
Baku
Dünya İdman Xəbərlər

Lionel Messi Dünya Kuboku tarixinin ən çox qol vuran futbolçusu oldu

Argentina yığmasının ulduzu Lionel Messi Avstriya ilə oyunda vurduğu qollarla Almaniyanın sabiq futbolçusu Miroslav Klozeni geridə qoyaraq Dünya Kuboku tarixinin ən çox qol vuran futbolçusu olub. Turnirdəki ikinci matçında da fərqlənən təcrübəli hücumçu futbol tarixində daha bir rekord qırıb.

Mübarizəyə bəxtsiz başlayan Messi 8-ci dəqiqədə penaltidən istifadə edə bilməyib. Lakin bu epizoddan 30 dəqiqə sonra cərimə meydançası xaricindən vurduğu güclü zərbə ilə topu qapıya göndərib.

Oyunun sonlarına yaxın bir daha səhnəyə çıxan ulduz futbolçu turnirdəki ümumi qol sayını iki oyunda 5-ə yüksəldib və Klozenin rekordunu iki qol fərqi ilə geridə qoyub.

Çərşənbə günü 39 yaşını tamamlayacaq səkkiz “Qızıl top” sahibinin turnirdə ilk oyunu da möhtəşəm keçmiş, Əlcəzairə qarşı hat-trick etmişdi.

Emosional anlar və ailə vəziyyəti

Turnirdə qolları ilə diqqət çəkən Messi ötən həftə keçirilən oyunda vurduğu ilk qoldan sonra emosiyalarını saxlaya bilməyib və göz yaşlarını gizlədə bilməyib. Oyundan sonra jurnalistlərin suallarını cavablandıran Argentina kapitanı detala girmədən “Çətin günlər keçirdim” deyib.

Matçdan sonra Messi ailəsi yazılı açıqlama yayaraq futbolçunun atası Jorge Messinin səhhətində problem yarandığını bildirib.

Ailə, yayılan əsassız iddiaların qarşısını almaq üçün ictimaiyyəti spekulyasiyalardan çəkinməyə çağırıb. Ailəvi çətinliklərə baxmayaraq, Messi Avstriya qarşısında komandasını qələbəyə daşımağı bacarıb.

Rəqib komandanın Messiyə tərifi

Matçdan öncə Messi təhlükəsinə diqqət çəkən Avstriya kapitanı David Alaba, argentinalı futbolçunun turnirə hat-trick ilə başlamasını “dəli bir performans” kimi dəyərləndirib. Alaba həmçinin rəqib komandanın ümumi gücünü də yüksək qiymətləndirib.

Dünya Kubokunda bombardirlər yarışında “Qızıl buts” uğrunda mübarizə Kylian Mbappe və Erling Haaland kimi ulduzların da iştirakı ilə daha da gərginləşib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az