Arılar yalnız bal istehsal edən canlılar kimi tanınsalar da, təbiət üçün onların əhəmiyyəti bundan qat-qat böyükdür. Çünki onlar ekosistemin davamlılığının təmin edilməsində həlledici rol oynayırlar. Məhz buna görə də son illərdə arıların kütləvi şəkildə məhv olması ciddi narahatlıq doğurur.
Təbiətin ən kiçik, lakin ən zəhmətkeş canlılarından biri olan arılar həyat dövranının davamlılığı üçün əvəzsiz əhəmiyyət daşıyırlar. Onların rolu yalnız bal istehsalı ilə məhdudlaşmır. Kənd təsərrüfatında məhsuldarlığın davamlılığı və ekoloji tarazlığın qorunması da böyük ölçüdə arılardan asılıdır.
Lakin son illərdə bu qiymətli canlıların kütləvi şəkildə tələf olması ilə bağlı narahatedici xəbərlər getdikcə artır. Bəs arı ölümlərinin əsas səbəbləri nələrdir? Bu itkilər təbiətin tarazlığına necə təsir göstərir? Bu sualları Düzce Universiteti Arıçılıq Araşdırma, İnkişaf və Tətbiq Mərkəzinin direktoru, professor doktor Meral Kekeçoğlu cavablandırıb.
Arı ölümlərinin arxasında müxtəlif amillər dayanır
Arı ölümləri və arıçılıq məhsullarının məhsuldarlığında azalma son illərdə dünyanın bir çox ölkəsində müşahidə olunur. Prof. Dr. Meral Kekeçoğlu bildirir ki, bu problemin səbəblərini iki əsas qrupda qiymətləndirmək lazımdır.
Birinci qrup makroekoloji amillərdir. Bunlara iqlim dəyişikliyi, qlobal istiləşmə və kənd təsərrüfatında istifadə olunan pestisidlər daxildir. Onun sözlərinə görə, hazırda arı ölümlərinin əsas səbəbləri məhz bunlardır.
Mikroekoloji amillər isə pətək daxilindəki şərait və arıçıların yol verdiyi yanlış tətbiqlərlə bağlıdır. Professor qeyd edir ki, Türkiyədə xüsusilə əvvəlki illərdə kütləvi arı ölümləri tez-tez qeydə alınıb.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri təbiətə zərər verən kənd təsərrüfatı pestisidləridir. Arılar tozlanmanı təmin etmək üçün daim çiçəklərlə təmasda olduqlarından bitkilərə vurulan kimyəvi preparatlardan birbaşa təsirlənirlər.
Yanlış tətbiqlər arıların məhvinə səbəb olur
Arıçıların etdiyi səhvlər də kütləvi arı ölümlərinin mühüm səbəblərindən biridir. Prof. Dr. Meral Kekeçoğlu bildirir ki, bitki örtüyü zəiflədikdə arılar kifayət qədər nektar tapa bilmir. Bu zaman onları əlavə qidalandırmaq lazım gəlir. Lakin düzgün qidalanma təmin edilmədikdə arıların immun sistemi zəifləyir və onlar xəstəliklərə daha həssas olurlar.
Professorun sözlərinə görə, arıların davamlılığında yerli arı cinslərinin qorunması da böyük əhəmiyyət daşıyır. Çünki hər bölgənin yerli arı populyasiyası həmin ərazinin iqliminə və təbii şəraitinə uyğunlaşaraq daha dözümlü olur. Təəssüf ki, arıçılar çox vaxt bunu nəzərə almırlar.
O vurğulayır ki, yerli arı cinslərinin qorunması və onlardan istifadə ilə bağlı cəmiyyətdə daha çox həssaslıq formalaşdırılmalıdır. Yerli arılar həm də xəstəliklərə daha davamlı olurlar. Son araşdırmalar göstərir ki, arı ölümlərində və koloniyaların çökməsində arıların bağırsaqlarında yaranan parazitlər mühüm rol oynayır. Buna görə də düzgün qulluq, idarəetmə və xəstəliklərə qarşı vaxtında mübarizə xüsusi əhəmiyyət daşıyır.
Prof. Dr. Meral Kekeçoğlu arıçılara çağırış edərək bildirir ki, pətəklərdə müşahidə olunan xəstəlik və zərərvericilərə qarşı eşidilən hər preparatdan istifadə etmək düzgün deyil. Ətraf mühitə zərər verməyən, qalıq yaratmayan bioloji preparatlara üstünlük verilməlidir.
Arıların sayı azalarsa nə baş verər?
Arı populyasiyasının azalması yalnız arıların özü üçün deyil, bütün canlı aləm üçün ciddi təhlükə yaradır.
Prof. Dr. Meral Kekeçoğlunun sözlərinə görə, arılar bitkilərin davamlılığında təxminən 85 faiz rol oynayır. Bal arıları yox olarsa, bitki istehsalının davamlılığı təhlükə altına düşəcək. Bitkilər azaldıqca qida zəncirinin digər halqaları da zərər görəcək, heyvanların qida mənbələri azalacaq və nəticədə insanların da həyatı risklə üzləşəcək.
Araşdırmalar göstərir ki, bal arıları, məsələn, badam ağaclarında məhsuldarlığı təxminən 65 faiz artırır. Bu isə həm məhsulun həcmi, həm də keyfiyyəti baxımından olduqca böyük göstəricidir. Başqa sözlə, arılar olmadan bitkiçilikdə ciddi itkilər qaçılmazdır.
Arı məhsulları təbii şəfa mənbəyidir
Arılar yalnız bal istehsal etmirlər. Onların istehsal etdiyi məhsullar kiçik bir təbii “aptek” hesab olunur.
Prof. Dr. Meral Kekeçoğlunun sözlərinə görə, bal, çiçək tozu (polen), arı südü, propolis, arı çörəyi, arı zəhəri və apilarnil kimi məhsullar immun sisteminin möhkəmlənməsinə kömək edən ən qiymətli təbii vasitələr sırasındadır. Buna görə də arılar təkcə təbiətin deyil, insan sağlamlığının qorunması baxımından da əvəzsiz əhəmiyyət daşıyırlar.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
