Gundelik.az Dünya Kuba: “ABŞ bizə hücum üçün bəhanə axtarır”
Dünya Xəbərlər

Kuba: “ABŞ bizə hücum üçün bəhanə axtarır”

Kuba Prezidenti Miguel Diaz-Canel ABŞ-ın ölkəsinə qarşı hərbi müdaxilə üçün bəhanə axtardığını bildirib.

Havana şəhərində “Komandir Fidel Kastronun 100-cü doğum ili” münasibətilə keçirilən tədbirdə çıxış edən Diaz-Canel ABŞ-ın Kuba siyasətini sərt şəkildə tənqid edib.

O, ABŞ-ın Kuba üçün “adi olmayan təhlükə” narrativi yaratdığını və bunun əslində hücumu əsaslandırmaq üçün istifadə edilən bəhanə olduğunu deyib:

“ABŞ bizi özləri üçün qeyri-adi təhlükə kimi təqdim etmir. Bu, Amerika xalqının deyil, ABŞ hökumətinin bizə hücum üçün istifadə etdiyi bəhanədir. Kuba üçün hərbi hücumu əsaslandıracaq heç bir səbəb yoxdur.”

Kuba lideri ABŞ administrasiyasını “faşist siyasət” aparmaqda ittiham edərək, bunu dünyada münaqişələrin və zorakılığın artmasının səbəblərindən biri kimi qiymətləndirib. O, həmçinin Fələstin və Livan kimi bölgələrdə baş verən hadisələri də nümunə göstərib.

Diaz-Canel ABŞ-ın Venesuela siyasətini də tənqid edərək, Karakas ətrafında hərbi təzyiq və informasiya kampaniyalarının aparıldığını iddia edib.

O, İran məsələsinə də toxunaraq, İran xalqının ABŞ təzyiqlərinə qarşı “qəhrəmancasına müqavimət göstərdiyini” bildirib.

Kuba prezidenti ABŞ-ın ölkəsinə tətbiq etdiyi uzunmüddətli embarqonu da əsas problem kimi göstərib və bunun Kuba xalqının iqtisadi çətinliklərinin əsas səbəbi olduğunu deyib:

“Əgər həqiqətən narahatdırlarsa, embarqonu ləğv etsinlər.”

Sonda Diaz-Canel Kuba ilə ABŞ arasında dialoqun mümkün olduğunu desə də, bunun üçün “ciddi niyyət və əməkdaşlıq” lazım olduğunu vurğulayıb və belə deyib:

“Müharibə istəmirik, amma müharibədən də qorxmuruq.”

Mənbə: Haber Global

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version