Böyük Britaniya kralı III Çarlzın həyat yoldaşı, kraliça Kamilla ərinin onu bəzən qıcıqlandıran vərdişindən söz açıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Hello!” nəşri məlumat yayıb.
“Ərimlə şam yeməyindən əvvəl kitab oxuyuruq. Sadəcə sakitcə oturub birlikdə mütaliə etməyi sevirik. O, bioqrafiyaları və P. Q. Vudhausun əsərlərini xoşlayır”, – deyə 79 yaşlı kraliça bildirib.
Onun sözlərinə görə, kral yumoristik romanlara üstünlük verir və bəzən bu kitablara gülməsi Kamillanın diqqətini yayındırır.
“Bəzən kitaba dərindən qərq olduğum vaxt onun nəyəsə ucadan güldüyünü eşidirəm. Bu, diqqətimi çox yayındırır. Yenidən kitaba köklənə bilmirəm, hətta bəzən gülməkdən ağlamağa başlayıram. Amma bu, çox gözəl və sakit vaxtdır”, – deyə Kamilla etiraf edib.
Kraliça gənclik illərində D. H. Lourensin “Ledi Çatterlinin məşuqu” romanını gizlicə, yastığının altında fənər işığında oxuduğunu da danışıb. Onun mütaliəyə sevgisini atası, mayor Brüs Şand aşılayıb. Şand əsirlikdə olduğu dövrdə mütaliəyə böyük maraq göstərməyə başlayıb.
“Mən məktəbi erkən tərk etdim, çünki mənim dövrümdə qadınlar universitetlərə daxil olmurdular. Düşünürəm ki, mütaliə təhsilimin böyük bir hissəsini təşkil edib”, – deyə kraliça qeyd edib.
Kraliçanın bu açıqlamaları bölüşdüyü sənədli film oktyabrın 14-də yayımlanacaq.
Daha əvvəl Böyük Britaniyada kral ailəsinin üzvlərinə tibbi yardım göstərən bir qadının qətlə yetirildiyi barədə məlumat verilmişdi. Bəzi KİV-lər öldürülən Hanna adlı qadının kraliça Kamillanı müalicə etdiyini yazmışdı.
Nuri
Gundelik.az

