Avropa Cənub Rəsədxanasının (ESO) astronomları kosmosda uçan yarasaya bənzər nəhəng qaz və toz buludunun unikal görüntüsünü təqdim ediblər.
Gundelik.az xəbər verir ki, “Kosmik yarasa” adlandırılan bu qeyri-adi dumanlığın şəkli Atakama səhrasında yerləşən Paranal Rəsədxanasında ESO-nun Böyük VLT tədqiqat teleskopu vasitəsilə çəkilib.
Təxminən 10 min işıq ili uzaqlıqda — Circinus və Norma bürcləri arasında yerləşən bu nəhəng formasiya səmanın dörd tam aya bərabər hissəsini əhatə edir. Görüntüdə sanki parlaq bir ulduzun işığını “ovlayan” yarasanın silueti görünür.
Astronomların sözlərinə görə, bu bölgə yeni ulduzların əmələ gəldiyi “ulduz fabriki” hesab olunur. Gənc ulduzlar ətrafdakı hidrogen atomlarını enerji ilə yükləyərək onların tünd qırmızı rəngdə parlamasına səbəb olur. Dumanlığın “skeletini” təşkil edən tünd saplar isə daha sıx və soyuq qaz-toz buludlarından ibarətdir, bu da arxada yerləşən ulduz işığının görünməsinə mane olur.
Dumanlığın ən parlaq hissələri RCW 94 (yarasanın sağ “qanadı”) və RCW 95 (“gövdə” hissəsi) adlandırılıb. Qalan hissələr hələ rəsmi olaraq adlandırılmayıb.
Unikal görüntü İtaliya Milli Astrofizika İnstitutuna məxsus VST teleskopu və 268 meqapiksellik “OmegaCAM” kamerası vasitəsilə əldə olunub. Bu texnologiya səmanın geniş sahələrinin son dərəcə detallı təsvirlərini çəkməyə imkan verir.
Astronomlar qeyd edirlər ki, bu kəşf “Halloween” bayramı ərəfəsində təsadüfən müşahidə edilib və kosmosun nə qədər sirli və təsirli mənzərələrə sahib olduğunu bir daha sübut edir.
Gundelik.az

