Gundelik.az Mədəniyyət və cəmiyyət Körpələrdə risk daha böyükdür: Uşaqları həddindən artıq istidən necə qorumaq olar?
Mədəniyyət və cəmiyyət Xəbərlər

Körpələrdə risk daha böyükdür: Uşaqları həddindən artıq istidən necə qorumaq olar?

Avropada təsirini artıran güclü istilər fonunda mütəxəssislər xəbərdarlıq edir ki, uşaqlar, xüsusilə də körpələr yüksək temperaturdan böyüklərlə müqayisədə daha çox zərər görür.

Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis dosent Adəm Dursun bildirib ki, uşaqlarda bədən temperaturunu tənzimləyən mexanizmlər tam inkişaf etmədiyi üçün isti hava maye itkisi, qan dövranı pozğunluğu və hətta günvurma kimi ciddi problemlərə səbəb ola bilər.

Ən yüksək risk qrupuna 1 yaşadək körpələr, eləcə də 5 yaşdan kiçik uşaqlar, astma, ürək, böyrək, şəkərli diabet və nevroloji xəstəlikləri olan uşaqlar daxildir.

Mütəxəssisin sözlərinə görə, yalnız ana südü ilə qidalanan 6 aya qədər körpələrə əlavə su verməyə ehtiyac yoxdur, lakin onların daha tez-tez əmizdirilməsi vacibdir. Həmçinin uşaqlar günün ən isti saatları – 11:00–16:00 aralığında mümkün qədər çölə çıxarılmamalıdır.

Adəm Dursun günvurmanın ilkin əlamətlərinin halsızlıq, narahatlıq, həddindən artıq yuxululuq, baş ağrısı, ürəkbulanma, qusma və körpələrdə əmizdirməkdən imtina olduğunu bildirib. İrəliləyən mərhələdə yüksək hərarət, şüur pozğunluğu və qıcolmalar yarana bilər. Bu hallarda vaxt itirmədən tibb müəssisəsinə müraciət edilməlidir.

Mütəxəssis valideynlərə uşaqlara susama hissini gözləmədən müntəzəm su təklif etməyi, şəkərli və qazlı içkilərdən uzaq durmağı tövsiyə edib. Qatıq, ayran və su tərkibi yüksək olan meyvə-tərəvəzlər də maye ehtiyacının ödənilməsinə kömək edir.

O, kondisionerin düzgün istifadə olunduqda təhlükəli olmadığını vurğulayaraq otaq temperaturunun 22–24°C səviyyəsində saxlanılmasını, havanın birbaşa uşağın üzərinə vurulmamasını və filtrlərin mütəmadi təmizlənməsini məsləhət görüb.

Valideynlərin yayda ən çox yol verdiyi səhvlər arasında uşağın susamasını gözləmək, günün ən isti saatlarında çölə çıxarmaq, uşaq arabasını tam örtmək, uşağı avtomobildə tək qoymaq, həmçinin hovuz və ya dəniz kənarında nəzarətsiz buraxmaq göstərilib.

Yay mövsümündə günəş yanıqları, günvurma, ishal, qusma, qida zəhərlənməsi, susuzlaşma və həşərat sancmaları daha çox müşahidə olunur. Mütəxəssis qeyd edib ki, bu problemlərin böyük hissəsinin qarşısını sadə qorunma tədbirləri ilə almaq mümkündür.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version