Gundelik.az Dünya Komada olan bloqer cənnətdə İsa Məsihlə görüşdüyünü iddia edib
Dünya Xəbərlər

Komada olan bloqer cənnətdə İsa Məsihlə görüşdüyünü iddia edib

2021-ci ildə elektrikli skeytbord qəzasına düşən və 18 gün komada qalan amerikalı dini bloqer Qeyb Puaro həmin müddətdə cənnətdə olduğunu və şəxsən İsa Məsihlə görüşdüyünü iddia edib.

Gundelik.az xəbər verir ki, bu barədə “Unilad” məlumat yayıb.

2021-ci ilin oktyabrında Puaro saatda təxminən 48 kilometr sürətlə hərəkət edən skeytborddan yıxılıb. Dəbilqə taxmadığı üçün ağır kəllə-beyin travması alan bloqer həkimlər tərəfindən süni komaya salınıb. Onun sözlərinə görə, qəza zamanı ruhu bədənini tərk edib və “işıq tuneli”ndən keçdikdən sonra parlaq bir şəhərə çatıb. Puaro iddia edir ki, komada olduğu 18 günün tamamını həmin məkanda keçirib.

Bloqerin sözlərinə görə, cənnətdə İsanı görüb. O, İsa Məsihin fiziki cəhətdən güclü, orta boylu kişi görkəminə sahib olduğunu bildirib. Bundan başqa, Puaro dəfələrlə “Vəhy” kitabında yer alan “Quzu layiqdir” ifadəsini eşitdiyini və Məsihdən həyatını dəyişdirən, olduqca şəxsi bir mesaj aldığını iddia edib.

Puaro həmçinin cənnətdə olarkən xəstəxanada onun üçün dua edən insanların dualarını gördüyünü söyləyib. Bloqer sağ qalmasını məhz həmin insanların duası və dəstəyi ilə əlaqələndirir.

Hazırda “YouTube”da iki milyondan çox izləyicisi olan Puaro sonradan yaşadıqlarından bəhs edən “18 Days in Heaven” (“Cənnətdə 18 gün”) adlı kitab da yazıb.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyada yaşayan Sindi Eqlton kütləvi üzgüçülük tədbirindən sonra reanimasiyaya düşməsi və yaşadığı görüntülərlə bağlı açıqlaması ilə gündəmə gəlmişdi. Qadının sözlərinə görə, həmin vaxt ona onu öldürməyə çalışan buzdan hazırlanmış bir insan görünüb.

Nurəddin Abdullayev
Gundelik.az

Exit mobile version