Kolumbiyanın Kali şəhərində hərbi hava bazası yaxınlığında bombalı hücum olub.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 36 nəfər isə yaralanıb.
Yaralıların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.
Valle del Kauka bölgəsində yerləşən Marko Fidel Suares Hərbi Hava Bazası yaxınlığında bomba yüklü yük maşını partladılıb. Partlayış ətrafdakı müəssisələrə və avtomobillərə ciddi ziyan vurub.
Prezident Qustavo Petro sosial şəbəkə hesabında açıqlama yayaraq hücuma görə Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) keçmiş liderlərindən, hazırda “Estado Mayor Central” (EMC) qrupuna rəhbərlik edən İvan Mordiskonu ittiham edib. O, son vaxtlar ordunun Qafqaz bölgəsindəki Canon del Micay ərazisində həyata keçirdiyi əməliyyatlara diqqət çəkərək hücumu “narkotik ticarətini nəzarətdə saxlamağa çalışan qrupların yeni terror aktı” kimi qiymətləndirib.

Kali meri Alejandro Eder hadisədən sonra açıqlama verərək çəkisi 4 tondan artıq olan yük maşınlarının şəhərə girişinə məhdudiyyət qoyulduğunu bildirib. Onun sözlərinə görə, “bu zorakılıq aktı şəhərin həyatına, sülhünə və təhlükəsizliyinə ciddi təhdiddir”.
Rəsmilər hücumun təşkilatçı və iştirakçılarının üzə çıxarılmasına kömək edəcək şəxslərə 100 min dollar mükafat veriləcəyini açıqlayıb.
Xatırladaq ki, “İvan Mordisko” ləqəbi ilə tanınan Nestor Qreqorio Vera tərəfindən idarə olunan EMC qruplaşması 2016-cı ildə imzalanmış sülh sazişinə qoşulmayıb və FARC-ın sözde “Baş Qərargahı” kimi tanınır. Ölkə mətbuatının məlumatına görə, təşkilatın 3500-dən çox üzvü var, onlardan 2180-i silahlıdır. Qruplaşma əsasən Kolumbiyanın qərb, mərkəz və şərq bölgələrində, eləcə də Venesuela və Ekvadorda narkotik alveri, qaçaqmalçılıq və qəsb yolu ilə maliyyələşir.
Gundelik.az