Gundelik.az Dünya Kanada yeniyetmələr üçün sosial media qadağası təklif edir – lakin texnologiya şirkətləri üçün istisna yolu var
Dünya Xəbərlər

Kanada yeniyetmələr üçün sosial media qadağası təklif edir – lakin texnologiya şirkətləri üçün istisna yolu var

Kanada 16 yaşdan aşağı uşaqlar və yeniyetmələr üçün sosial mediadan istifadəni məhdudlaşdıran yeni qanun layihəsi hazırlayıb. Bu təşəbbüs ötən ilin sonunda Avstraliyada qəbul edilən oxşar qanunu xatırladır.

Lakin Kanada modeli Avstraliyadan fərqlənir. Əgər texnologiya şirkətləri azyaşlılara zərərin qarşısını almaq üçün effektiv təhlükəsizlik siyasətləri tətbiq etdiklərini sübut edə bilsələr, qadağadan yayınmaq imkanı əldə edə bilərlər.

Qanun layihəsi süni intellekt çatbotlarının fəaliyyətini tənzimləmək və internetdə “zərərli məzmunun” yayılmasını məhdudlaşdırmaq üçün geniş tədbirlər nəzərdə tutur. Bundan əlavə, texnologiya şirkətlərinin qaydalara əməl etməsinə nəzarət edəcək xüsusi tənzimləyici qurumun yaradılması planlaşdırılır.

Bəzi söz azadlığı müdafiəçiləri isə hesab edirlər ki, bu qanun senzuranın genişlənməsinə səbəb ola bilər.

Bu təşəbbüs valideynlərin və ictimai təşkilatların uşaqların internet təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı çağırışlarının artdığı, eləcə də Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələrin oxşar qadağaları nəzərdən keçirdiyi bir dövrdə irəli sürülür.

Qanun layihəsi gələn həftə Fransada keçiriləcək G7 sammiti ərəfəsində təqdim olunub. Sammitdə dünya liderlərinin süni intellekt və uşaqların onlayn təhlükəsizliyi məsələlərini müzakirə edəcəyi gözlənilir.

“Uşaqlar ölür”

“Safe Social Media Act” (Təhlükəsiz Sosial Media Aktı) adlanan qanun layihəsi çərşənbə günü Kanadanın Mədəniyyət naziri Mark Miller tərəfindən Parlamentin İcmalar Palatasına təqdim edilib.

Miller bundan əvvəl jurnalistlərə bildirib ki, onlayn təhlükələrə qarşı qanun qəbul etmək hökumət üçün prioritetdir, çünki “uşaqlar ölür”.

O deyib: “Qısası, ölkəmizdə uşaqların təhlükəsizliyini təmin etmək üçün bütün mümkün tədbirləri görəcəyik.”

Kanadada onlayn təhlükəsizliklə bağlı qanunvericiliyin qəbul edilməsi üçün təzyiqlər uzun müddətdir davam edir. Bundan əvvəlki Liberal hökumət iki dəfə belə bir qanunu qəbul etməyə cəhd etsə də, buna nail ola bilməyib.

Artıq Böyük Britaniya, Fransa və Yeni Zelandiya kimi ölkələr oxşar qanunlar qəbul ediblər.

Süni intellekt və məktəb hücumu

Bu ilin fevralında Britaniya Kolumbiyasında baş vermiş ölümcül məktəb hücumundan sonra süni intellekt təhlükəsizliyi Kanadada əsas müzakirə mövzularından birinə çevrilib.

Araşdırmalar zamanı məlum olub ki, 18 yaşlı şübhəli hadisədən aylar əvvəl ChatGPT vasitəsilə silahlı zorakılıq mövzusunda söhbətlər aparıb. Hücum nəticəsində səkkiz nəfər, o cümlədən altı azyaşlı uşaq həyatını itirib.

Bundan sonra OpenAI şübhəlinin hesabı barədə polisə məlumat vermədiyi üçün tənqid olunub və şirkətin baş direktoru Sam Altman qurbanların ailələrinə yazılı üzrxahlıq edib.

Fikir ayrılığı davam edir

Bununla belə, Kanadada hər kəs yeni qanunun qəbul edilməsini dəstəkləmir.

Bəzi söz azadlığı təşkilatları hesab edirlər ki, onlayn zərərli fəaliyyətlərlə bağlı problemlər yeni qanun olmadan da, mövcud Cinayət Məcəlləsi çərçivəsində həll edilə bilər.

C-34 nömrəli qanun layihəsində “zərərli məzmunun” yeddi kateqoriyası göstərilib. Bunlara uşaqlara qarşı zorakılıq və ya təhqir xarakterli materiallar, nifrəti təşviq edən və zorakılığa çağıran məzmun daxildir.

Qanunu pozan şirkətlər üçün maksimum cərimə 10 milyon Kanada dolları və ya şirkətin qlobal ümumi gəlirinin 3%-i (hansı daha böyükdürsə) həcmində ola bilər.

Hökumət həmçinin Kanadanın Rəqəmsal Təhlükəsizlik Komissiyası adlı müstəqil tənzimləyici qurum yaratmağı planlaşdırır.

Digər ölkələr də oxşar addımlar atır

Yeniyetmələrin sosial mediadan istifadəsinə məhdudiyyətlər başqa ölkələrdə də müzakirə olunur.

Böyük Britaniyada 16 yaşdan aşağı şəxslər üçün qadağa ilə bağlı qərarın gələn həftə açıqlanacağı gözlənilir.

Yunanıstanda isə 15 yaşdan aşağı uşaqlara tətbiq ediləcək qadağa gələn ilin yanvarından qüvvəyə minəcək.

Altı ay əvvəl Avstraliya bu sahədə ilk addımı ataraq 16 yaşdan aşağı uşaqlar və yeniyetmələr üçün sosial media hesablarının yaradılmasını qadağan edib və mövcud hesabları deaktiv edib.

Qanuna əsasən, Instagram, Facebook və TikTok kimi platformalar uşaqları öz xidmətlərindən uzaq saxlamaq üçün “ağlabatan tədbirlər” görməlidir. Bunun üçün şəxsiyyət vəsiqəsi, üz və ya səs tanıma texnologiyalarından istifadə oluna bilər.

Lakin Avstraliya hökumətinin keçirdiyi son sorğu göstərib ki, valideynlərin təxminən 70%-i övladlarının hələ də sosial mediadan istifadə etdiyini bildirib. Onların çoxu platformaların uşaqlardan yaş təsdiqi istəmədiyini də qeyd edib.

Hazırda Avstraliya hökuməti Facebook, Instagram, Snapchat və TikTok da daxil olmaqla bir neçə platforma barədə qanuna əməl etmədikləri iddiası ilə araşdırma aparır.

Ekspert rəyi

Uşaqların internet təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Children First Canada təşkilatının rəhbəri Sara Austin bildirib ki, Kanada qanununda istisna mexanizminin nəzərdə tutulması müsbət addım ola bilər. Onun sözlərinə görə, bu, şirkətləri daha güclü təhlükəsizlik siyasətləri tətbiq etməyə təşviq edəcək.

Austin hesab edir ki, bu dəyişiklik təkcə uşaqların deyil, sosial media platformalarından istifadə edən bütün kanadalıların təhlükəsizliyinə müsbət təsir göstərə bilər.

O əlavə edib ki, Kanada bu sahədə digər ölkələrdən geri qalsa da, yeni qanun layihəsi G7 sammiti ərəfəsində beynəlxalq səviyyədə nümunə yarada bilər.

 

Mənbə :BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version