Gundelik.az Mədəniyyət və cəmiyyət Kəllə sümüyündə beyni qoruyan yeni immun orqanı kəşf edilib
Mədəniyyət və cəmiyyət Xəbərlər

Kəllə sümüyündə beyni qoruyan yeni immun orqanı kəşf edilib

Elm adamları kəllə sümüyünün sümük iliyində beyni şişlərdən və xəstəliklərdən qoruyan, bir növ “təhlükəsizlik məntəqəsi” kimi fəaliyyət göstərən yeni immun quruluş aşkar ediblər. Nature jurnalında dərc olunan bu kəşf, xüsusilə ölümcül beyin xərçəngləri və bir sıra nevroloji xəstəliklərin müalicəsində yeni imkanlar yaradır.

Vaşinqton Universitetinin Tibb Fakültəsinin tədqiqatçıları müəyyən ediblər ki, kəllə sümüyünün iliyi yalnız beyni qoruyan sümük strukturu deyil, həm də beyinə xas immun reaksiyaları idarə edən mühüm mərkəzlərə ev sahibliyi edir.

Tədqiqatçılar beyindən kəllə sümüyünə uzanan mikrokanalları flüoresan zülallar vasitəsilə izləyərkən limfa düyünlərinə bənzəyən və immun hüceyrələrin “təlim keçdiyi” xüsusi strukturlar aşkar ediblər.

Bu strukturlar müdafiə hüceyrələrini birbaşa kəllə sümüyünün daxilində hazırlayıb çoxaldır. Beləliklə, orqanizm uzaq bölgələrdən əlavə immun hüceyrələrin gəlməsini gözləmədən təhlükələrə qarşı mübarizəyə daha sürətli başlaya bilir.

Beyin xərçənginə qarşı ümidverici nəticələr

Kəşf edilən quruluşun təsiri ölümcül beyin şişi növlərindən biri olan qlioma daşıyan siçanlar üzərində sınaqdan keçirilib. Baş dərisinin altına tətbiq edilən xüsusi gel vasitəsilə bu immun mərkəz zəiflədildikdə şişlərin daha sürətlə yayıldığı müşahidə olunub.

Əksinə, immuniteti gücləndirən zülalların olduğu gel tətbiq edilən siçanlarda kəllə sümüyündəki müdafiə hüceyrələrinin şişlə daha effektiv mübarizə apardığı və sağqalma göstəricisinin əhəmiyyətli dərəcədə artdığı müəyyən edilib.

Müalicə üsullarını dəyişə bilər

Bu xüsusi hüceyrələrin insan kəllə sümüyündə də mövcud olduğuna dair güclü göstəricilər var. Tədqiqatçılar onların insanlarda da təsdiqlənəcəyi təqdirdə kəşfin tibb sahəsində ciddi dəyişikliklərə səbəb ola biləcəyini bildirirlər.

Baş dərisinin altına ediləcək sadə inyeksiya ilə birbaşa kəllə sümüyündəki immun mərkəzə təsir göstərmək, açıq beyin əməliyyatları ilə müqayisədə daha az riskli müalicə imkanları yaradır. Bu yanaşmanın yalnız beyin şişlərinin deyil, həmçinin Alzheimer, Parkinson və uzunmüddətli COVID kimi immun sistemlə əlaqəli bir sıra beyin xəstəliklərinin müalicəsində də yeni imkanlar açacağı gözlənilir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version