9 və 11 illik təhsili qırmızı attestatla başa vuran bacılar 644,1 və 630,3 balla tibb universitetinə qəbul olunublar
Kəlbəcərin Tatlar kəndindən olan əkiz bacılar Ləman və Fidan Musayevaların yüksək balla Azərbaycan Tibb Universitetinə qəbul olunması doğma yurdun, ailənin və müəllimlərin böyük sevincinə çevrilib.
“Tərbiyə – nəfslə, təhsil – biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır.” Viktor Hüqonun bu fikri insanın formalaşmasında tərbiyə və təhsilin vəhdətini olduqca dəqiq ifadə edir. Ləman və Fidan Musayevanın qazandığı uğur da məhz möhkəm ailə tərbiyəsi, məqsədyönlü təhsil və davamlı zəhmətin nəticəsi kimi diqqət çəkir.
Kəlbəcər rayonunun əslən Tatlar kəndindən olan Musayev Bayram Yunis oğlunun nəvələri – əkiz bacılar Musayeva Ləman Aqil qızı və Musayeva Fidan Aqil qızı ali məktəbə qəbul imtahanlarında yüksək nəticə göstərərək Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanıblar.
Ləman Musayeva 644,1 balla Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına, Fidan Musayeva isə 630,3 balla Stomatologiya ixtisasına qəbul olunub.
Onların uğur hekayəsinin daha bir mühüm məqamı isə Bakıda fəaliyyət göstərən 56 nömrəli Kəlbəcər məktəbinin məzunu olmalarıdır. Əkiz bacılar orta təhsil müddətində yüksək göstəriciləri ilə seçilib, məktəbi əla qiymətlərlə başa vurublar.
Ləman və Fidanın 9 illik və 11 illik ümumi orta təhsil pillələrini qırmızı attestatla başa vurmaları isə bu uğurun təsadüfi deyil, illər boyu formalaşmış yüksək akademik nəticələrin, məqsədyönlü zəhmətin və təhsilə sədaqətin məntiqi yekunu olduğunu bir daha təsdiqləyir.
Ləman və Fidan üçün tələbə adını qazanmaq sadəcə bir nəticə deyil, qarşıya qoyduqları böyük məqsədlərə aparan yolun mühüm başlanğıcıdır. Onlar bu mərhələyə qədər üzərlərində maksimum çalışaraq, müəllimlərinin tövsiyələrinə əməl edərək və ailələrinin mənəvi dəstəyindən güc alaraq gəliblər.
Bu gün onların sevincini bölüşən yalnız ailələri və müəllimləri deyil. İki gənc Kəlbəcərli qızın uğuru həm Tatlar kəndinin, həm Kəlbəcərin, həm də bütövlükdə Azərbaycanın təhsil uğurudur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsil sahəsində həyata keçirilən ardıcıl dövlət siyasəti, gənclərin intellektual inkişafına yaradılan imkanlar və insan kapitalının gücləndirilməsi istiqamətində atılan addımlar yeni nəslin qarşısında daha geniş imkanlar açır. Ləman və Fidanın uğuru da savadlı, peşəkar və yüksək intellektual potensiala malik gəncliyin formalaşmasının parlaq nümunələrindən biridir.
Əkiz bacılar əldə etdikləri nəticədə valideynlərinin və müəllimlərinin böyük payı olduğunu xüsusi qeyd edirlər. Onların sözlərinə görə, ailələrinin hər zaman yanlarında olması, müəllimlərinin düzgün istiqamət verməsi və qarşılarına qoyduqları məqsəddən dönməmələri bu zirvəyə çatmalarında mühüm rol oynayıb.
Ləman və Fidan, bu, hələ başlanğıcdır!
İnanırıq ki, bu gün Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanaraq yeni bir mərhələyə qədəm qoyan iki gənc Kəlbəcərli qız gələcəkdə də yüksək nəticələri ilə seçiləcək, ali təhsilini uğurla başa vuracaq və Azərbaycanın səhiyyə sisteminin inkişafına layiqli töhfələr verəcəklər.
Çünki Azərbaycanın gələcəyinin əsas dayaqlarından biri yüksək intellektə, möhkəm mənəvi dəyərlərə, peşəkar biliyə və vətənpərvərlik ruhuna malik gənclərdir. Güclü dövlətin təməli məhz belə savadlı və məqsədyönlü nəslin çiyinləri üzərində qurulur.
Bu böyük uğur münasibətilə Ləman və Fidan Musayevanı səmimi-qəlbdən təbrik edir, onların valideynlərinə və müəllimlərinə gözaydınlığı verirəm.
Bayram babanın ruhu şad olsun! İradə nənə-müəlliməyə isə Allahdan uzun ömür, möhkəm cansağlığı və bu gözəl uğurların sevincini daim yaşamağı diləyirik.
Qoy bu ocaqdan sevinc, uğur və xoş soraqlar heç zaman əskik olmasın!
Ləman və Fidanın tələbəlik həyatı uğurlu, elmi yolu işıqlı, gələcəyi parlaq olsun!

Rövşən Hüseynli
Gundelik.az