İtaliyanın Baş naziri Corcia Meloninin rəhbərlik etdiyi “İtaliya Qardaşları” (FDI) partiyası ictimai yerlərdə burka, niqab və üz örtüyündən istifadənin qadağan olunmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.
Gundelik.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Separatizmə qarşı” adlanan qanun layihəsi parlamentin aşağı palatası — Nümayəndələr Palatasına təqdim olunub.
Layihə ictimai binalarda, məktəblərdə, universitetlərdə və digər açıq ictimai məkanlarda üzün örtülməsini qadağan edir. Həmçinin məscidlərdə maliyyə və ianə məsələlərinə daha ciddi nəzarət mexanizmləri tətbiq olunması nəzərdə tutulur.
Sənədə əsasən, örtük qadağasını pozan şəxslər 300–3000 avro məbləğində cərimələnəcək. Bundan əlavə, layihə “məcburi nikah cinayəti” ilə bağlı cəzaların sərtləşdirilməsini də ehtiva edir.
Meloninin koalisiya tərəfdaşı olan ifrat sağçı “Liqa” Partiyası da bu ilin yanvarında burka və niqab kimi üz örtüyünü qadağan edən oxşar qanun layihəsini parlamentə təqdim etmişdi. Həmin layihə hazırda parlamentin müvafiq komitəsində araşdırılır. Hələlik iki qanun layihəsinin birləşdirilib-birləşdirilməyəcəyi məlum deyil.
Qanunların parlamentdə nə vaxt səsverməyə çıxarılacağı ilə bağlı dəqiq tarix açıqlanmasa da, koalisiyada üstünlük təşkil edən sağçı partiyaların dəstəyi ilə təklifin qəbul olunma ehtimalı yüksək qiymətləndirilir.
Gundelik.az
