İtaliyanın Baş naziri Giorgia Meloni bildirib ki, ölkəsi İsraillə müdafiə sahəsində olan sazişi yeniləməyəcək. O qeyd edib ki, bu saziş hər 5 ildən bir yenilənirdi, lakin “mövcud vəziyyəti nəzərə alaraq” hökumət onun uzadılmasını dayandırmaq qərarı verib. Səbəblər isə konkret açıqlanmayıb.
Roma ilə Təl-Əviv arasında tarixən yaxşı olan münasibətlər son vaxtlar pisləşib.
Keçən həftə İtaliya, Livanda BMT sülhməramlılarının (italyan hərbçilərin də olduğu konvoyun) yaxınlığında İsrail qüvvələrinin xəbərdarlıq atəşi açmasından sonra İsrail səfirini Romaya çağırmışdı. Hadisə zamanı bir nəqliyyat vasitəsinə zərər dəysə də, xəsarət alan olmayıb.
Bazar ertəsi isə İsrail də öz növbəsində İtaliyanın səfirini çağıraraq, İtaliyanın xarici işlər naziri Antonio Tajani-nin İsrailin Livanda mülki şəxslərə qarşı “qəbuledilməz hücumlarını” pisləyən açıqlamasına etiraz edib.
İtaliyanın Müdafiə Nazirliyi rəsmiləri bildiriblər ki, hökumətin bu qərarının İsraillə əməkdaşlığın hüquqi və praktiki tərəflərinə necə təsir edəcəyi hələ araşdırılır.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, İtaliya İsrailə silah ixrac edən üçüncü ən böyük ölkədir. Bununla belə, bu ixrac İsrailin 2021–2025-ci illər arasında aldığı silahların cəmi 1,3%-ni təşkil edir. Əsas ixracatçılar isə ABŞ və Almaniyadır.
Qeyd edək ki, Qəzzada aparılan hərbi əməliyyatlar zamanı bir neçə Avropa ölkəsi İsrailə silah ixracını dayandırmış və ya məhdudlaşdırmışdı.
Bu hərbi əməliyyatlar 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu ilə başlamışdı. Həmin hücum nəticəsində təxminən 1200 nəfər həlak olmuş, 251 nəfər isə girov götürülərək Qəzzaya aparılmışdı.
Daha sonra İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlar nəticəsində, HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyinin məlumatına görə, 72 330-dan çox insan həlak olub. Onlardan 757-si isə 10 oktyabr 2025-ci ildə qüvvəyə minmiş atəşkəsdən sonra öldürülüb.
Son illərdə yüz minlərlə italiyalı hökumətdən İsraillə bağlı siyasətini dəyişməyi tələb edib, kütləvi etirazlar və tətil aksiyaları keçirilib.
Buna baxmayaraq, Meloninin sağ yönümlü koalisiya hökuməti uzun müddət İsrailin Avropadakı ən yaxın müttəfiqlərindən biri olub və Fələstin dövlətinin tanınmasını dəstəkləyən ölkələrə qoşulmayıb.
Lakin mart ayının sonunda hökumət məhkəmə islahatları ilə bağlı referendumda məğlub oldu. Bu nəticə bir çoxları tərəfindən hökumətin, xüsusilə də İsrail və ABŞ-la münasibətlərinə görə populyarlığının azalması kimi qiymətləndirildi. Növbəti seçkilərə təxminən 18 ay qaldığı üçün Meloni seçicilərin narazılığını nəzərə alaraq ritorikasını dəyişməyə başlayıb.
Referendumdan sonra o, ABŞ və İsrailin İranla müharibəsini “beynəlxalq hüququn çərçivəsindən kənar müdaxilələrin təhlükəli artımı” kimi xarakterizə edib.
Bazar ertəsi o, ABŞ prezidenti Donald Trampın Papa XIV Leo haqqında dediyi tənqidi fikirləri də “qəbuledilməz” adlandırıb və papaya dəstəyini ifadə edib.
Buna cavab olaraq Tramp İtaliyanın Corriere della Sera qəzetinə verdiyi açıqlamada Meloninin sözlərindən “şoka düşdüyünü” bildirib.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

