İsveçrədə keçirilən ümumxalq səsverməsində ölkə əhalisinin 10 milyon nəfərlə məhdudlaşdırılması təklifi qəbul edilməyib.
Nəticələrə görə, seçicilərin təxminən 55%-i təklifin əleyhinə, 45%-i isə lehinə səs verib. Seçici fəallığı isə əhalinin 60%-ni təşkil edib.
Təklif uzun illərdir immiqrasiyaya qarşı siyasət yürüdən sağçı İsveçrə Xalq Partiyası tərəfindən irəli sürülmüşdü.
Mübahisələrə səbəb olan bu səsvermə ölkənin Avropa İttifaqı ilə sərbəst hərəkət razılaşmasını təhlükə altına sala bilərdi. Buna görə də hökumət, İsveçrə biznes dairələri və digər əsas siyasi partiyalar bu təşəbbüsə qarşı çıxırdılar.
Səsvermənin nəticəsini alqışlayan İsveçrənin ədliyyə naziri Beat Jans bunu “sabitlik, açıqlıq və etibarlılığın göstəricisi” adlandırıb.
İsveçrə əhalisi 2002-ci ildən bəri sürətlə artıb. O zaman ölkədə 7,3 milyon insan yaşayırdısa, hazırda bu rəqəm 9,1 milyondur və onların 27%-i İsveçrə vətəndaşı deyil.
Lakin Xalq Partiyasının əhalinin məhdudlaşdırılmasının nəqliyyat, mənzil və ətraf mühit üzərindəki təzyiqi azaldacağı barədə arqumentləri kifayət qədər seçicini inandıra bilməyib.
Partiya bu təşəbbüsün dövlət xidmətlərini və ətraf mühiti qorumaq məqsədi daşıdığını bildirsə də, onun uzun illərdir sığınacaq axtaranları və etnik azlıqları cəmiyyətin problemlərində günahlandıran anti-immiqrasiya kampaniyaları aparması məlumdur.
Bəzi seçicilər turizm, xəstəxanalar və qocalara qulluq müəssisələrində ehtiyac duyulan işçi qüvvəsinin azalacağından narahat idilər.
Xüsusilə biznes nümayəndələri isə İsveçrənin Avropanın vahid bazarına çıxışını itirə biləcəyindən ehtiyat edirdilər.
İsveçrə məhsullarının yarısından çoxu Avropa İttifaqına ixrac olunur və bu bazara çıxış insanların sərbəst hərəkəti ilə bağlı razılaşmadan asılıdır. Əgər təklif qəbul olunsaydı, İsveçrə həmin razılaşmanı ləğv etməli olacaqdı.
Həm hökumət, həm də biznes liderləri hesab edirlər ki, səsvermənin nəticəsi Avropa İttifaqına üzv olmayan İsveçrənin Avropa ilə sıx əlaqələri davam etdirmək istədiyini göstərir.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen kampaniya zamanı neytral qalsa da, nəticələr açıqlanandan sonra bunları deyib:
“İsveçrə xalqı öz sözünü dedi. Avropa İttifaqı ilə İsveçrə arasında dərin əlaqələr və güclü tərəfdaşlıq mövcuddur.”
Lakin yüksək kirayə haqları, sürətli tikinti, sıx ictimai nəqliyyat və artan səhiyyə xərcləri ilə bağlı narahatlıqlar bu qərarla aradan qalxmayacaq.
İsveçrə Xalq Partiyasının sədri Marsel Dettlinq bildirib:
“Bu səsvermə göstərdi ki, əhali həll yolları istəyir. Amma hələ heç bir problem həll olunmayıb.”
Bununla yanaşı, səsvermə göstərdi ki, bir çox seçici ölkədəki problemlərin əsas səbəbi kimi daim immiqrasiyanın göstərilməsindən yorulub və immiqrantları günahlandırmağın və ya daha sərt miqrasiya qaydalarının çıxış yolu olduğuna inanmır.
İsveçrənin birbaşa demokratiya sistemi səbəbindən bütün əsas qərarlar ümumxalq səsverməsi ilə qəbul edilir. Kampaniya aparan tərəflərin ölkə üzrə referendum keçirmək üçün cəmi 100 min imza toplaması kifayətdir.
Səsvermədən əvvəl BBC müxtəlif mövqelərə sahib iki gənc siyasətçi ilə danışıb.
Bern kanton parlamentində İsveçrə Xalq Partiyasını təmsil edən 29 yaşlı Nils Fixter bildirib:
“Biz nəzarəti itirmişik. Nəzarətsiz immiqrasiya İsveçrənin artıq əvvəlki İsveçrə olmamasına səbəb olur.”
Qeyd olunur ki, o və partiyanın gənclər təşkilatının digər rəhbəri 2022-ci ildə Roma və köçəri icmalarını hədəf alan plakat yaydıqlarına görə İsveçrə Federal Məhkəməsi tərəfindən irqi ayrı-seçkilikdə təqsirli biliniblər.
Fixter hesab edir ki, mənzil çatışmazlığı, tıxaclar, məktəblərin həddindən artıq yüklənməsi və sosial xidmətlərə artan təzyiq birbaşa immiqrasiyanın nəticəsidir.
Lakin Bern şəhər şurasının üzvü, Sosial Demokrat Partiyasından olan 31 yaşlı Helin Genis bu fikirləri “günah keçisi axtarmaq” kimi qiymətləndirib.
O bildirib:
“Kirayə qiymətlərini miqrantlar müəyyən etmir. Tibbi sığorta haqlarını onlar artırmır. Mənzil, infrastruktur və sosial investisiyalarla bağlı siyasi qərarları da miqrantlar vermirlər.”
Genisin sözlərinə görə, problemlərə yalnız miqrasiya prizmasından baxmaq həll yolu deyil, əksinə, cəmiyyətdə parçalanma yaradır.
Nəticələr şəhər və kənd əraziləri arasında ciddi fərq olduğunu da göstərib.
Səsvermədə yalnız İsveçrə vətəndaşları iştirak edə bilsələr də, immiqrantların daha çox yaşadığı şəhərlərdə təklif xüsusilə böyük fərqlə rədd edilib.
Məsələn, paytaxt Berndə seçicilərin təxminən 84%-i əhali məhdudiyyətinə qarşı səs verib.
Otel və restoranların xarici işçi qüvvəsindən asılı olduğu əsas turizm bölgələri də təklifi dəstəkləməyiblər.
Məşhur Sent-Morits kurortunun yerləşdiyi Qraubünden kantonu, həmçinin Zermatt və məşhur Matterhorn dağının yerləşdiyi Vale kantonu da “xeyr” deyib.
Əhali limitinin tətbiqi ehtimalı İsveçrənin biznes assosiasiyası Economiesuisse-də də narahatlıq yaradıb.
Assosiasiyanın baş iqtisadçısı Rudolf Minş bildirib ki, təşəbbüs qəbul olunsaydı, İsveçrə Avropa İttifaqı ilə münasibətlərdə ciddi çətinliklərlə üzləşə bilərdi.
Brüssel uzun müddətdir ki, Aİ üzvü olmayan ölkələrin vahid bazarın üstünlüklərindən yararlanıb, insanların sərbəst hərəkəti kimi öhdəliklərdən yayınmasına icazə verilməyəcəyini vurğulayır.
Minş qeyd edib:
“Avropa İttifaqı hələ də İsveçrənin ən mühüm ticarət tərəfdaşıdır və əsas tərəfdaşımızla sabit, aydın münasibətlər saxlamaq bizim maraqlarımıza uyğundur.”
İsveçrəli işəgötürənlər də əmək çatışmazlığından və Avropa üzrə ixtisaslı işçi bazarına çıxışı itirməkdən narahat idilər.
İsveçrədə otellərdə çalışanların yarısı immiqrantlardır. Xəstəxanalar və qocalara qulluq müəssisələri də xarici işçilərdən əhəmiyyətli dərəcədə asılıdır.
İsveçrə Xalq Partiyası isə iddia edir ki, immiqrasiya xəstəxanalarda daha çox çarpayıya və məktəblərdə daha çox yerə ehtiyac yaradır, məhdudiyyətlər isə bu təzyiqi azalda bilər.
Təklifin əleyhdarları isə bunun real olmadığını bildirirlər. Onlar xatırladırlar ki, hazırda İsveçrə əhalisinin 20%-i 65 yaşdan yuxarıdır.
Yaşlanan cəmiyyətin ehtiyaclarını qarşılamaq və maliyyələşdirmək üçün gənc işçilərə və vergi ödəyicilərinə ehtiyac var. Tənqidçilərin fikrincə, İsveçrə bu sayda gənc işçi qüvvəsini özü formalaşdıra bilmir.
İsveçrə, Avropadakı digər ölkələr kimi, müdafiə xərclərini artırır və neytral statusuna baxmayaraq, qonşuları ilə daha sıx müdafiə əməkdaşlığı qurmağı planlaşdırır.
Sosial Demokrat Partiyasından parlament üzvü Con Pult BBC-yə bildirib ki, əhali məhdudiyyəti ilə bağlı ən böyük narahatlığı İsveçrənin “qeyri-sabit və təhlükəli bir dünyada tək qalması” ehtimalıdır.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

