İsveç Nəqliyyat Agentliyi Baltik dənizi üzərində GPS siqnallarının pozulmasının sürətlə artdığını açıqlayıb və vəziyyətə görə Rusiyanı məsuliyyətli hesab edib.
Gundelik.az-ın quruma istinadən məlumatına görə, 2025-ci ildə indiyədək 733 belə insident qeydə alınıb. Müqayisə üçün, 2023-cü ildə bu göstərici cəmi 55 olub.
GPS kəsintilərinin həm hava, həm də dəniz nəqliyyatına təsir etdiyi bildirilir. Siqnalların Rusiyanın ərazisindən qaynaqlandığı müəyyən edilib. Agentliyin rəhbəri Andreas Holmqren vəziyyəti “ciddi təhlükəsizlik riski” adlandıraraq bunun mülki aviasiya üçün böyük problem yaratdığını vurğulayıb.
Hadisələrdən biri Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin təyyarəsi ilə bağlı olub. GPS siqnallarının pozulması səbəbindən pilotlar eniş zamanı kağız xəritələrdən istifadə etməyə məcbur qalıb, lakin uçuş təhlükəsiz şəkildə başa çatıb. Brüssel bu insidenti “Rusiyanın açıq müdaxiləsi” adlandıraraq Avropanın müdafiə qabiliyyətinin gücləndiriləcəyini bəyan edib.
Məsələ regional və beynəlxalq səviyyədə də narahatlıq doğurub. İsveç, Estoniya, Finlandiya, Latviya, Litva və Polşa iyun ayında Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurasına müraciət edərək Rusiyadan müdaxilələri dərhal dayandırmağı tələb edib. Lakin İsveç rəsmilərinin sözlərinə görə, kəsintilər davam edir.
Kreml iddiaları rədd edib. Prezidentin mətbuat katibi Dmitri Peskov bu məlumatları “yanlış” adlandırıb. Britaniyanın Mülki Aviasiya İdarəsi isə GPS-in uçuş naviqasiyasının yalnız bir hissəsi olduğunu və əsas marşrutların ciddi şəkildə təsirlənməyəcəyini bildirib.
Bolqarıstan Mülki Aviasiya İdarəsi də qeyd edib ki, Ukrayna müharibəsinin başlanmasından sonra GPS siqnallarının kəsilməsi hallarında “əldəqayırma artım” müşahidə olunub. Ekspertlər isə bunun bəzən hərbi əməliyyatların təsadüfi nəticəsi olduğunu, Avropa ölkələrinin isə bunu Kremlin regionda sabitliyi pozmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirdiyini bildirirlər.
Gundelik.az
