Yay aylarında temperaturun yüksəlməsi, xüsusilə hipertoniya və ürək-damar xəstəlikləri olan insanlar üçün ciddi risklər yaradır. Kardiologiya mütəxəssisi Dr. Cengiz Başar həddindən artıq isti havalarda maye itkisi, arterial təzyiqin dəyişməsi və kəskin isti-soyuq keçidlərin ürək-damar sisteminə əlavə yük gətirə biləcəyini bildirərək mühüm xəbərdarlıqlar edib.
İsti havalarda orqanizm özünü sərinlətmək üçün damarları genişləndirir və tərləməni artırır. Bu zaman ürək daha sürətli işləyir, orqanizmdəki maye miqdarı isə azalır. Dr. Cengiz Başar yay aylarında ən çox rast gəlinən problemlərdən birinin arterial təzyiqin aşağı düşməsi olduğunu bildirib. Xüsusilə güclü tərləmə və kifayət qədər maye qəbul edilməməsi başgicəllənməyə, hətta huşun itirilməsinə qədər gedib çıxan hipotenziyaya səbəb olur.
İsti havanın hər insana eyni təsir göstərmədiyini vurğulayan Başar, yüksək temperatur və rütubət səbəbindən orqanizm kifayət qədər soyumadıqda stress reaksiyasının işə düşə biləcəyini qeyd edib. Bu isə bəzi insanlarda arterial təzyiqin qəfil yüksəlməsinə səbəb olur. Hipertoniya xəstələrində nəzarətsiz təzyiq dəyişiklikləri ciddi sağlamlıq problemləri baxımından risk yaradır.
Təzyiq dərmanlarına diqqət
İsti havalarda damarların genişlənməsi müntəzəm istifadə olunan təzyiq dərmanlarının təsirini dəyişir. Lakin mütəxəssislər təzyiq aşağı olsa belə, dərmanların dozasının həkim məsləhəti olmadan azaldılmaması və ya tamamilə dayandırılmaması barədə xəbərdarlıq edirlər.
Müalicədə dəyişiklik edilməsinə ehtiyac yaranarsa, bu qərarı mütləq həkim verməlidir.
Tərləmə zamanı orqanizm yalnız su itirmir. Natrium, kalium və maqnezium kimi mineralların miqdarı da azalır. Bu itkilər ürəyin elektrik sisteminə təsir göstərərək ürəkdöyünmə və ritm pozuntularının yaranmasına şərait yaradır.
İsti havalarda kifayət qədər maye qəbul etmək vacibdir. Lakin gündəlik su ehtiyacı insanın sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir. Xüsusilə ürək çatışmazlığı və ya böyrək xəstəliyi olan şəxslərdə həddindən artıq maye qəbulu da problem yaradır. Buna görə gündəlik maye miqdarı həkimin tövsiyəsinə əsasən müəyyən edilməlidir.
Bu əlamətlərə laqeyd yanaşmayın
İsti havalarda yaranan bəzi şikayətlər ciddi vəziyyətin xəbərçisidir. Qəfil başgicəllənmə, göz qaralması, huşunu itirəcək kimi olma, döş qəfəsində təzyiq və ya ağrı, nizamsız ürəkdöyünmə, güclü halsızlıq və nəzərəçarpacaq nəfəs darlığı müşahidə edilərsə, insan sərin mühitə keçirilməli və vəziyyətə uyğun olaraq tibbi yardım alınmalıdır.
Dr. Başar günəşin və temperaturun ən yüksək olduğu saatlarda xüsusilə ürək və təzyiq xəstələrinin mümkün qədər çölə çıxmamasını tövsiyə edib. Çölə çıxmaq zəruridirsə, açıq rəngli və geniş geyimlərə üstünlük verilməli, papaq taxılmalı, kölgədə qalmağa çalışılmalı və yanında su olmalıdır.
İstidən kondisionerə keçərkən diqqətli olun
İsti havalarda yol verilən mühüm səhvlərdən biri də çöldəki yüksək temperaturdan çox aşağı temperatura tənzimlənmiş kondisionerli məkana qəfil keçməkdir. Dr. Başarın sözlərinə görə, temperatur fərqi damarların sürətlə daralmasına səbəb olur. Bu isə xüsusilə ürək-damar xəstəliyi olan insanlar üçün risk yaradır.
Buna görə kondisionerin temperaturunu həddindən artıq aşağı salmamaq və soyuq havanın birbaşa bədənə yönəlməsinə imkan verməmək tövsiyə olunur.
Yay aylarında həddindən artıq duzlu və yağlı qidalardan uzaq durmaq, kofein qəbulunu məhdudlaşdırmaq da vacibdir. Mineral su istehlak edilərkən isə xüsusilə hipertoniya və ürək xəstəliyi olan şəxslər tərkibindəki natrium miqdarına diqqət etməli və sağlamlıq vəziyyətinə uyğun seçim etməlidirlər.
Dr. Cengiz Başar yay aylarında ürəkdöyünmə, ritm pozuntusu, maye itkisi, arterial təzyiqin düşməsi və hipertenziv kriz səbəbilə təcili yardıma müraciətlərin arta bildiyini bildirərək risk qrupunda olan insanların isti havalarda daha diqqətli olmalarının vacibliyini vurğulayıb.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
