Havanın temperaturunun mövsüm normalarını üstələməsi günvurma və susuzlaşma riskini artırır. Mütəxəssislər bildirirlər ki, susuzluq hiss olunmasa belə, hər gün ən azı 2–2,5 litr maye qəbul edilməlidir. Xüsusilə yaşlılar, azyaşlı uşaqlar, hamilələr və xroniki xəstəliyi olan şəxslər günün ən isti saatlarında daha diqqətli olmalıdırlar.
Temperatur və rütubətin artması nəticəsində bədən hərarəti yüksəlir. Normal şəraitdə orqanizm tərləmə vasitəsilə temperaturu tənzimləyir. Lakin həddindən artıq isti havalarda bu mexanizm kifayət etmir.
Həkim Rəngin Yiğit bildirib ki, yaşlılarda, körpələrdə və xroniki xəstələrdə tərləmə mexanizmi bədən hərarətini hər zaman tarazlaşdıra bilmir. Ətraf mühitdə rütubətin yüksək olması da tərləmənin təsirini azaldır.
Onun sözlərinə görə, piylənmə, yüksək hərarətlə müşayiət olunan xəstəliklər, susuzlaşma, ürək xəstəlikləri, psixi və sinir sistemi pozğunluqları, alkoqol və narkotik maddə istifadəsi, eləcə də bəzi dərmanlar (təzyiqsalıcı preparatlar və s.) isti havalarda orqanizmin istiliyi tənzimləmə qabiliyyətini zəiflədir. Bu vəziyyət beyin və digər həyati orqanlarda ciddi zədələnmələrə səbəb olur.
Ən yüksək risk qrupuna 65 yaşdan yuxarı şəxslər, 4 yaşdan kiçik uşaqlar, baxıma ehtiyacı olanlar, hamilələr, açıq havada çalışanlar, artıq çəkili insanlar, şəkərli diabet, ürək-damar, beyin-damar, tənəffüs, qaraciyər və böyrək xəstəlikləri olanlar, psixi xəstəliklərdən əziyyət çəkənlər, davamlı dərman qəbul edənlər, evsizlər və küçədə yaşayan uşaqlar daxildir. Xüsusilə tək yaşayan yaşlılar daha böyük risk altındadır.
İsti havalarda qorunmağın 10 əsas qaydası
Saat 10:00–16:00 arasında zərurət olmadıqca açıq havaya çıxmayın.
Çöldə işləməli olanlar günəş altında uzun müddət qalmamalı, ağır fiziki fəaliyyətlərdən uzaq durmalı və duz tərkibli maye qidalar qəbul etməlidirlər.
Açıq rəngli, nazik, bol və nəfəs alan parçalardan hazırlanmış geyimlər seçin, enli kənarlı papaq və UV qoruyucu gün eynəyindən istifadə edin.
Günəş şüalarının ən dik düşdüyü saatlarda dənizə girməyin və günəş vannası qəbul etməyin. Digər saatlarda isə günəşdən qoruyucu krem çəkin.
İdman və fiziki məşqləri səhər və ya axşam saatlarında edin. Hər saatlıq məşq zamanı ən azı 2–4 stəkan maye qəbul edin.
Körpələri, uşaqları, əlilləri və ev heyvanlarını park edilmiş avtomobildə qətiyyən tək qoymayın. Avtomobilin salonu qısa müddətdə təhlükəli dərəcədə qızır.
Evləri mütəmadi havalandırın, günəş düşən pəncərələri pərdə və ya jalüzlə kölgələndirin.
Bədən hərarətini aşağı salmaq üçün tez-tez ilıq duş qəbul edin. Bu mümkün deyilsə, üzü, əlləri, ayaqları və ensəni sərin su ilə isladın.
Susuzluq hiss etməsəniz belə, hər gün 2–2,5 litr (12–14 stəkan) su və digər mayelər qəbul edin.
Daha çox tərəvəz və meyvə yeyin, qızartmalardan uzaq durun, yeməkləri qaynatma, sobada və ya öz suyunda bişirməyə üstünlük verin.
Qidalanma və maye qəbulu
Mütəxəssislər səhər yeməyində az yağlı pendir, zeytun və təzə tərəvəzlərin yer almasını tövsiyə edirlər. Kofeinli içkilər əvəzinə süd, ayran, təbii meyvə şirələri, cökə və itburnu çayı kimi içkilərə üstünlük verilməlidir.
Çox soyuq və buzlu içkilər mədə spazmına səbəb ola biləcəyindən tövsiyə edilmir. Kofein, alkoqol və yüksək şəkər tərkibli içkilər orqanizmdə maye itkisini artırdığı üçün onların istifadəsi məhdudlaşdırılmalıdır.
Həmçinin açıq havada satılan qidaların qəbulundan çəkinmək, tez xarab olan ət, süd, yumurta və balıq məhsullarını açıqda saxlamamaq, qidaların hazırlanması zamanı gigiyena qaydalarına ciddi əməl etmək vacibdir.
Əgər həkim tərəfindən maye qəbulu məhdudlaşdırılıbsa və ya sidikqovucu dərman qəbul edilirsə, isti havalarda maye qəbulu ilə bağlı mütləq müalicə həkimi ilə məsləhətləşmək tövsiyə olunur.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

