Böyük Britaniyada iyun ayının tarixdə qeydə alınan ən isti gecələrindən bəziləri yaşanarkən, insanlar sərinləmək üçün daha yaradıcı üsullara əl atırlar.
Bəziləri evdə günboyu qalın pərdələri bağlı saxlamaq kimi klassik üsullara üstünlük versə də, digərləri istidən qurtulmaq üçün qeyri-adi həll yollarını sınayır.
Budur, insanların isti hava dalğası zamanı sərin qalmaq üçün istifadə etdiyi üsullar.
Evi sərin saxlamaq: Pəncərələrə istilik əks etdirən örtük çəkirəm
Raqbi şəhərində yaşayan Betan Erli evini sərin saxlamaq üçün pəncərələrin çöl hissəsinə alüminium örtüklər yapışdırır, sonra isə pərdələri bağlayır.
“Ev yenə də isinməyə başlayır, amma bu, xeyli gec baş verir”, – deyə o bildirib.
38 yaşlı Con Törbfild isə evinin ən çox günəş alan otaqlarının pəncərələrinin çöl tərəfinə ağ yataq çarşafları asıb. Daha sonra idmançılar üçün hazırlanan, bədən istiliyini tənzimləməyə kömək edən istilik əks etdirən fövqəladə hallar örtükləri alaraq digər pəncərələrə də yapışdırıb.
“Bu örtüklər günəş şüalarını geri əks etdirmək üçün hazırlanıb. Böyük ölçüdə olduqları üçün onları pəncərə çərçivəsinə yapışdırmaq çox rahatdır və istiliyin böyük hissəsini çölə qaytarır”, – deyə o bildirib.
Con həmçinin dondurucuda iki litrlik plastik su butulkaları saxlayır. Onları evdə quraşdırdığı beş ventilyatorun önünə və arxasına yerləşdirir ki, otağa daha sərin hava yayılsın. Lakin o xəbərdarlıq edir ki, belə iri butulkaların tam donması iki günə qədər vaxt apara bilər.
Mütəxəssislərin tövsiyəsi
Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi bildirir ki, pəncərələri yalnız çöldəki hava evdəkindən daha sərin olduqda açmaq lazımdır. Bundan başqa, televizor, noutbuk, telefon adapterləri kimi artıq istifadə olunmayan elektron cihazlar söndürülməlidir, çünki onlar əlavə istilik yaradır.
Rahat yuxu üçün: Yataq çarşafını yatmazdan əvvəl dondurucuya qoyuram
39 yaşlı Stefani Rid deyir ki, onun epilepsiyası var və həddindən artıq isti hava tutmaları tətiklədiyi üçün sərin qalmaq həyati əhəmiyyət daşıyır.
O, gecələr kiçik dəsmalı isladaraq çarpayının ayaq hissəsinə sərir və ayaqlarını onun üzərinə qoyaraq yatır.
“Bu üsul bədən temperaturunu tənzimləməyə kömək edir və dəsmal bütün gecə sərin qalır”, – deyə o bildirib.
Stefani yeddi yaşlı qızının yataq çarşafını da azca su ilə isladıb təxminən yarım saat dondurucuya qoyur. Çarşaf donmur, sadəcə sərin olur və yuxuya getməyi asanlaşdırır.
73 yaşlı Qordon Kuper isə yataq otağında yaş hamam dəsmalını asır və ventilyatoru onun istiqamətinə yönəldir. Beləliklə, otaqdakı hava daha sərin olur.
İsti otağı tərk edib başqa yerdə yatmaq
30 yaşlı Anabel Holşuh əvvəlki isti hava dalğasında çardaqdakı yataq otağında yata bilmədiyi üçün dəhlizin döşəməsində yatıb.
Bu dəfə isə Londondakı evinin şimala baxan, hündür tavanlı və ventilyator olan qonaq otağındakı divanda yatır.
“Dünən gecə divanda kifayət qədər rahat yatdım. Artıq dəhlizə keçməyə ehtiyac qalmadı”, – deyə o bildirib.
İsti havada yemək hazırlamaq: Sobanı yox, air fryer istifadə edirəm
29 yaşlı Eymi Ladqeyt deyir ki, belə havada sobanı və ya qaz plitəsini yandırmaq istəmir. Buna görə də yeməklərinin çoxunu air fryer cihazında hazırlayır. Hətta yumurta bişirdiyini və biftek hazırladığını da söyləyir.
O, həmçinin böyük su butulkasını gecədən dondurucuya qoyur və ertəsi gün işə özü ilə aparır.
Dietoloq Keyt Hilton isti havalarda bol buzlu su içdiyini, xiyar, pomidor, qovun, giləmeyvə, şaftalı, sitrus meyvələri və dondurulmuş smuzilər kimi su ilə zəngin qidalar qəbul etdiyini deyir.
O bildirir ki, seçici uşaqlar üçün meyvə şirəsi və ya smuzini buz dondurması şəklində hazırlamaq həm sərinləməyə, həm də maye qəbulunu artırmağa kömək edə bilər.
Mütəxəssis əlavə edir ki, xüsusilə spirtli içkilər, eləcə də kofein orqanizmin susuzlaşmasına səbəb ola bilər. Buna görə isti havalarda spirtli içkiləri az miqdarda qəbul etmək və onları alkoqolsuz içkilərlə növbələşdirmək tövsiyə olunur.
“Ən yaxşı seçim sudur. Amma unutmayın ki, alkoqol istisna olmaqla, digər içkilər də orqanizmi maye ilə təmin edir. Əgər şəkərsiz şərbət və ya ətirli içkilərə üstünlük verirsinizsə, onlar da gündəlik maye qəbuluna daxildir”, – deyə o bildirib.
Evdən işləyənlər üçün: İş yerimi evin ən sərin otağına köçürdüm
27 yaşlı Oren Braun əvvəllər evdə xüsusi iş otağında çalışsa da, yuxarı mərtəbənin dözülməz dərəcədə isti olduğunu deyir. Buna görə o və həyat yoldaşı işlərini aşağı mərtəbədə davam etdirirlər.
Kiçik biznes sahibi Gillian Kuli isə evinin ən sərin otağı olan yataq otağında işləyir. O, günün ən isti saatlarında deyil, axşamlar noutbukla işləməyə üstünlük verir.
İsti havada necə geyinmək lazımdır?
31 yaşlı Cess Cepson boş, açıq rəngli və hava keçirən geyimlər seçdiyini deyir.
“Bir gün qara paltar geyindim və buna çox peşman oldum”, – deyə o bildirib.
O, saçlarını boynundan uzaq saxlamaq üçün yuxarıdan yığır.
Stilist Şantel Zniderik pambıq və kətan kimi təbii parçaların daha yaxşı seçim olduğunu bildirir. Onun sözlərinə görə, bu materiallar nəfəs alır və təri bədəndə saxlamır. Sintetik və ipəkabənzər parçalar isə insanı daha çox tərlədir.
Şapka seçərkən isə beysbol kepkası əvəzinə enli kənarlı fedora və ya “bucket hat” tipli papaqlar tövsiyə olunur. Çünki onlar həm üzü, həm qulaqları, həm də boynu günəşdən qoruyur.
Gündəlik rejimi dəyişmək
27 yaşlı Enni Smit və həyat yoldaşı isti hava səbəbindən iki taksa cinsli itlərini yalnız səhər tezdən gəzdirirlər. Günün qalan hissəsində isə onların enerjisini evdə müxtəlif oyunlarla təmin edirlər.
İtlər üçün xüsusi soyuducu jiletlər alıblar və yaş it yemini soyuducuda saxlayırlar.
Enni deyir ki, ev işlərini də səhər saat 10-a qədər bitirməyə çalışırlar.
“Daha sonra mümkün qədər hərəkətsiz qalıb sərin yerdə dincəlirəm”, – deyə o bildirib.
55 yaşlı Helena Kandzyalka isə gün ərzində kölgədə oturmağa üstünlük verir. Onun sözlərinə görə, çöldə əsən yüngül külək bəzən evin içindən daha sərin olur. O, həmçinin mümkün olduqca avtomobillə səfərlərdən qaçmağa çalışır.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

