Livan rəsmilərinin məlumatına görə, İsrailin cənub Livanda həyata keçirdiyi üç ardıcıl hücum nəticəsində ən azı üç tibb işçisi həlak olub. Ölənlər arasında bu həftə BBC reportajında yer alan bir şəxs də var. Rəsmilər İsraili “Hizbullah”a qarşı müharibədə səhiyyə işçilərini qəsdən hədəf almaqda ittiham edir.
Livan Səhiyyə Nazirliyinin bildirdiyinə görə, çərşənbə günü Nəbatiyyə bölgəsinin Meyfadun qəsəbəsində İsrail hücumunun baş verdiyi əraziyə kömək göstərmək üçün gedən “İslam Sağlamlıq Assosiasiyası”nın komandası hücuma məruz qalıb. Nəticədə bir tibb işçisi ölüb, digəri isə itkin düşüb.
Hadisə yerinə gələn ikinci komanda da hücuma məruz qalıb və üç tibb işçisi yaralanıb. Daha sonra əraziyə göndərilən “Risala Skaut Assosiasiyası” və Nəbatiyyə Təcili Yardım Xidmətinə məxsus iki təcili yardım maşını da hücuma məruz qalıb. Bu hücum nəticəsində iki tibb işçisi həlak olub, üç nəfər isə yaralanıb.
İsrail ordusundan məsələ ilə bağlı açıqlama istənilib.
Həlak olanlar arasında 43 yaşlı tibb işçisi Fədil Serhan da var idi. O, “Risala Skaut Assosiasiyası”nın üzvü idi.
Bu ayın əvvəlində BBC onun komandası ilə bir neçə gün keçirmişdi. Nəbatiyyə şəhəri son altı həftə ərzində İsrail ordusu tərəfindən dəfələrlə hədəf alınıb. Bu müddət ərzində İsrail ilə İranın dəstəklədiyi şiə təşkilatı və siyasi partiya olan “Hizbullah” arasında müharibə davam edir.
Serhanın komandası əvvəlki bazaları dağıdıldıqdan sonra Nəbih Berri xəstəxanasının qarşısında qurulmuş çadırda fəaliyyət göstərirdi. Həmin ilkin hava hücumunda bir nəfər də həlak olmuşdu.
Onun həmkarı və keçmiş sinif yoldaşı Əli Nəsrəddin bildirib ki, Serhanı 30 ildən çox tanıyırdı:
“O, çox səxavətli idi, hər kəsə kömək etməyə hazır idi. Çox yüksək insani keyfiyyətləri və güclü yumor hissi var idi.”
“O, əvvəlki müharibədə də buradan getməmişdi, insanlara kömək etmişdi. Bu müharibədə də qaldı. Mən onu həmişə sevən ata, qardaş və dost kimi xatırlayacağam.”
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən bəri davam edən müharibədə 2100-dən çox insan ölüb, 7000-dən çox insan yaralanıb. Bu rəqəmlərə ən azı 260 qadın və 172 uşaq daxildir. Nazirlik bildirir ki, müharibə zamanı 91 səhiyyə işçisi həlak olub, 208 nəfər yaralanıb. Bundan əlavə, 120-dən çox təcili yardım maşını və tibbi obyektə İsrail tərəfindən hücum qeydə alınıb.
“İslam Sağlamlıq Assosiasiyası” Hizbullaha bağlı təcili yardım xidmətidir. “Risala Skaut Assosiasiyası” isə şiə qrupu olan Amal Hərəkatı ilə əlaqəlidir.
İsrail tez-tez Hizbullahı təcili yardım maşınlarından və tibbi obyektlərdən hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edir, lakin bununla bağlı sübut təqdim etməyib. Livanın səhiyyə naziri isə bu iddiaları rədd edib.
Səhiyyə Nazirliyi açıqlamasında bu hücumları “açıq-aşkar cinayət” adlandırıb və bildirib ki, tibb işçiləri birbaşa hədəfə çevrilib. Nazirlik bunu beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.
Amnesty International təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktor müavini Kristine Beckerle bildirib ki:
“Beynəlxalq humanitar hüquqa əsasən, mülki şəxslər, o cümlədən səhiyyə işçiləri, sadəcə hansısa quruma bağlı olduqlarına görə qorunan statuslarını itirmirlər.”
O əlavə edib ki, tibbi yardım göstərən şəxslərin qəsdən hədəf alınması ciddi hüquq pozuntusudur və müharibə cinayəti hesab oluna bilər.
Eyni dövrdə Hizbullahın hücumları nəticəsində İsraildə iki mülki şəxs həlak olub. İsrail rəsmilərinin məlumatına görə, Livanda gedən döyüşlərdə 13 israilli əsgər də ölüb.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

