Diana iki il əvvəl maliyyə və peşə sabitliyi tapmaq ümidi ilə doğma Perunu tərk edib və Avropaya gəlib.
Lakin İspaniyada sənədsiz miqrant kimi həyat onun üçün çətin olub. 40 yaşlı qadının turizm sahəsində işləmək arzusu hələ gerçəkləşməyib. Bunun əvəzinə o, təsadüfi və müvəqqəti işlərlə dolanmağa çalışıb.
O deyir:
“Yaşayış icazəsi olmadan işləmək çox çətindir. İşəgötürənlər əvvəl bir şey deyir, sonra isə başqa iş gördürürlər. Bəzən də razılaşdığınız məbləğdən az pul ödəyirlər. Bu isə həyatı daha da çətinləşdirir.
Bu, streslidir. Sizi istismar edə bilərlər və nəticədə nə pulunuz qalır, nə də özünüzü yaxşı hiss edirsiniz – xəstə və tənha qala bilərsiniz.”
İspaniyada kirayə qiymətlərinin sürətlə artması səbəbilə yaranan mənzil böhranı fonunda bank xidmətlərinə və kirayə mənzillərə çıxış da sənədsiz miqrantlar üçün çox məhduddur. Çünki ev sahiblərinə yaşayış sənədi təqdim edə bilmirlər.
Lakin İspaniya hökumətinin ən azı yarım milyon miqrantın statusunu leqallaşdıracaq yeni proqram elan etməsi Diana və onun kimi bir çox insan üçün ümid yaradıb.
Diana deyir:
“Bu, bizə hər cəhətdən kömək edəcək. Hökumət üçün də yaxşı olacaq, çünki bu insanlar vergi ödəyəcək, gəlir yaradacaq, sərmayə qoya və biznes qura biləcəklər.”
Proqram çərçivəsində xarici vətəndaşlara bir illik və yenilənə bilən yaşayış icazəsi veriləcək. Müraciətlər aprelin əvvəlindən iyunun sonuna qədər qəbul olunacaq. Müraciət edən şəxslər ölkədə ən azı 5 ay yaşadıqlarını sübut etməli və cinayət keçmişlərinin olmadığını göstərməlidirlər.
Bu proqramdan faydalanmaq istəyən miqrantların sayı barədə müxtəlif rəqəmlər var. Hökumət təxminən 500 min nəfərin müraciət edəcəyini düşünür. Lakin polisə bağlı Milli İmmiqrasiya və Sərhədlər Mərkəzinin (CNIF) mediaya sızdırılan hesabatına görə bu rəqəm 750 min ilə 1,1 milyon arasında ola bilər.
Sosialistlərin rəhbərlik etdiyi koalisiya hökuməti bu təşəbbüsü humanitar səbəblərlə izah edir. Baş nazir Pedro Sánchez miqrantları “bu ölkənin inkişafını bizimlə birlikdə quran insanlar” kimi xarakterizə edib.
Lakin hökumət bunu həm də praqmatik addım hesab edir. Çünki ölkədə işsizlik son 18 ilin ən aşağı səviyyəsindədir, iqtisadiyyat isə keçən il təxminən 3% böyüyüb.
İspaniyanın İnteqrasiya, Sosial Təminat və Miqrasiya naziri Elma Saiz bildirib:
“Xarici işçilər İspaniyanın iqtisadi uğurunda çox mühüm rol oynayır – həm ÜDM-in artımında, həm də güclü əmək bazarında.”
Onun sözlərinə görə, ölkədə 22 milyon qeydiyyatdan keçmiş işçinin 14,1%-i xaricidir.
Nazir əlavə edib:
“2022-ci ildən bəri İspaniyanın iqtisadi artımının yarısı xarici işçilərin payına düşür. Bu həm dəyərlərlə və insan haqları ilə bağlıdır, həm də iqtisadi reallıqdır.”
İspaniya Mərkəzi Bankının 2024-cü il hesabatına görə isə ölkənin iqtisadiyyatını və sosial təminat sistemini qorumaq üçün növbəti 30 il ərzində təxminən 25 milyon miqranta ehtiyac olacaq.
Miqrantlar – həm sənədli, həm də sənədsiz – xüsusilə yaşlılara qulluq, turizm və kənd təsərrüfatı sahələrində geniş şəkildə çalışırlar.
Madriddə fermerlər assosiasiyasını təmsil edən Fransisko Xose Qarsiya Navarrete deyir:
“Əgər miqrant işçilər olmasaydı, bizim üçün ciddi problem yaranardı.”
O bildirib ki, onların təşkilatı hökumətin leqallaşdırma proqramını dəstəkləyir, lakin bunun kənd təsərrüfatında çalışan miqrantların uzunmüddətli iş müqavilələri almasına gətirib çıxarmasını istəyir.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

